Pul vəsaitlərini ələ keçirib, eləcə də təlimə gələn şəxslərin noutbuklarını proqram köçürmək bəhanəsi ilə onlardan alıb lombarda qoyaraq pul götürüb
Nəsimi Rayon Polis İdarəsinə bir qrup şəxs ərizə ilə müraciət edib. Özünü onlayn iş təklif edən şirkətlərdən birinin rəhbəri kimi təqdim edən Rufət adlı şəxsdən şikayət ediblər.
İnternet üzərindən alqı-satqı etmək istiqamətində təlim kursu keçmək vədi ilə onların müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib dələduzluq etdiyini bildiriblər.
Vətəninfo.az xəbər verir ki, həmin şəxs – 27 yaşlı Rüfət Şirəliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı aşkar edilib ki, R.Şirəliyev özünü “Instagram” sosial şəbəkəsində heç bir müvafiq qeydiyyatı olmayan şirkətin rəhbəri kimi təqdim edib.
Şəbəkə hesabında çəkdiyi videolarda “Shopify” platforması üzərindən onlayn alqı-satqı etmək üçün təlim kursları təşkil etdiyini bildirib.
Kursu mənimsəyən şəxslərin külli miqdarda gəlir əldə edə biləcəklərini deməklə insanlarda təlimə həvəs oyadaraq onların pul vəsaitlərini ələ keçirməyə nail olub.
Həmçinin, müəyyən edilib ki, R.Şirəliyev bir neçə şəxsi guya hazır biznesini satacağı adı ilə aldadıb.
Pul vəsaitlərini ələ keçirib, eləcə də təlimə gələn şəxslərin noutbuklarını proqram köçürmək bəhanəsi ilə onlardan alıb lombarda qoyaraq pul götürüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
R.Şirəliyevin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.