Vətəninfo.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya neft emalı zavodlarına zərbələri davam etdirmək qərarını ABŞ Prezidenti Donald Trampa qarşı “birbaşa və açıq-aşkar çağırış” kimi qiymətləndirib.
Lavrov bu barədə oktyabrın 15-də Bakıda keçirdiyi mətbuat konfransında danışıb.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Ukraynada elə bir atəşkəsə yol verilməməlidir ki, bu, Kiyevə yenidən silahlanmaq imkanı qazandırsın.
Lavrov iddia edib ki, Zelenski seçkilərlə maraqlanmadığını açıq şəkildə bəyan edib və qəsdən Moskva üçün qəbuledilməz şərtlər irəli sürüb.
Nazir, həmçinin bildirib ki, Rusiya yeni ABŞ-Avropa sülh planı ilə bağlı rəsmi təkliflər almayıb.
“Qərb mediasında dərc olunan ideyalarda Moskva uzunmüddətli nizamlanma üçün heç bir əsas görmür”, – deyə Lavrov vurğulayıb.
O əlavə edib ki, Rusiyanın Ukraynada həyata keçirdiyi “xüsusi hərbi əməliyyat”ın məqsədləri və Moskvanın münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.


























