1896-cı il aprelin 1-də Luvr muzeyi Rusiya imperiyasından olan iki satıcıdan skif çarı Saytafernə məxsus tiara (qadınların rəsmi və təntənəli mərasimlərdə başlarına taxdığı, adətən qızıl, gümüş və ya platindən hazırlanaraq qiymətli daşlarla, mirvari və brilyantlarla bəzədilmiş yarımdairəvi zərgərlik bəzək əşyası, bir növ tac – red.) aldı. Ekspertlər onu araşdıraraq həqiqiliyini təsdiqlədilər və buna görə muzey eksponata 200 min frank (indiki kursla 1.8 milyon avro – red.) ödədi. Tiara nümayişə çıxarılmasından dərhal sonra kimi KİV onun saxta olduğunu yazmağa başladı, lakin Luvr bütün şübhələri rədd edirdi. Yalnız yeddi il sonra saxtakarlıq üzə çıxdı: tiaranı hazırlayan şəxs — odessalı zərgər tapıldı. O, sadəcə sifarişi yerinə yetirdiyini bildirdi. Oçakovdan olan qardaşların hamını necə aldatdığı barədə materialı təqdim edirik.
***
1896-cı ilin yazında Fransanın Luvr muzeyinin kolleksiyasına e. ə. III əsrdə yaşamış skif çarı Saytafernə məxsus qızıl tiara daxil oldu. Xalis qızıldan hazırlanmış, çəkisi yarım kiloqram olan tiara konusşəkilli dəbilqəni xatırladırdı. Ortadakı enli zolaqda “İliada”dan səhnələr təsvir edilirdi. Aşağı zolaqda isə skiflərin həyatından mənzərələr — ov, oxatma təlimi, atların əhliləşdirilməsi əks olunurdu. Artefaktın üzərindəki yazıda deyilirdi ki, müasir Krım ərazisində yerləşən Olviya yunan şəhərinin sakinləri bu əşyanı skif köçərilərinə hədiyyə ediblər.
Satıcılar əvvəlcə tiaranı Vyana muzeyinə təklif etdilər, lakin orada alışdan imtina etdilər. Bundan sonra dəyəri 200 min frank olan artefaktı Luvra təklif etdilər. Muzey arxeoloq və sənətşünaslardan ibarət komissiya yaratdı. Komissiya tiaranın həqiqiliyini təsdiqlədi. Yalnız bir ekspert şübhə etdi, lakin həmkarlarını öz fikrinə inandıra bilmədi.
Alış üçün tələb olunan məbləği həmin vaxt tətildə olan parlament təsdiqləməli idi. Satıcılar sövdələşmənin tez başa çatmasını israrla tələb etdiklərindən, pulu iki böyük mesenat ayırdı. Parlament tətildən qayıtdıqdan sonra alışa razılıq verdi və mesenatların pulunu ödədi. Sövdələşmə 1896-cı il aprelin 1-də baş tutdu.
Əslində, tiara heç vaxt skif çarına məxsus olmamışdı. Bu, bir il əvvəl Odessada ustalıqla düzəldilmiş saxta əşya idi. Onu yaradan usta heç təsəvvürünə də gətirə bilməzdi ki, cəmi bir ildən sonra onun əsəri harada olacaq.
Qədim qızıl alverçiləri
XIX əsrdə Rusiya imperiyasının cənubunda tədqiqatçılar skif və yunan qəbirlərində arxeoloji qazıntılara başladılar. Kül-Oba, Çertomlık və Yeddi qardaş kurqanlarında Avropanın ən böyük muzeylərinin almaq istədikləri artefaktlar tapıldı. Dələduzlar da bundan istifadə edərək saxta əşyalar satırdılar.
Belə saxtakarlıqların çoxu Odessada və Oçakovda hazırlanır, yaxınlıqda yerləşən Olviyadan tapıldığı iddia edilirdi. Yunan koloniyası olan Olviya təxminən eramızdan əvvəl VI əsrdə salınmışdı. Bura zəngin və çiçəklənən şəhər idi, lakin III əsrin ortalarında dağıdıldı. XIX əsrdə burada mərmər heykəllərin, keramika məmulatlarının, qızıl və gümüş zinət əşyalarının qorunub saxlandığı zəngin qəbirlər aşkar edildi.
Leyba və Şapsel Qoxman qardaşları Oçakovda doğulub böyümüşdülər. Doğma şəhərlərinin yaxınlığında zəngin qədim yunan şəhər-dövlətinin xarabalıqları aşkar ediləndə bundan qazanc götürmək qərarına gəldilər. Əvvəlcə Qoxmanlar qazıntılarda tapılmış həqiqi artefaktları alıb yenidən satırdılar. Lakin tezliklə daha gəlirli biznesə keçdilər.
Qardaşlar saxtakarlığa xırda əşyalardan — qədim keramika və qab-qacaqdan başladılar. Növbəti mərhələdə qədim yunan dilində yazılar olan mərmər və tunc əşyalar hazırlamağa başladılar. Qardaşlar bu dili bilmədiklərindən peşəkarlar saxtakarlığı asanlıqla müəyyən edirdilər, amma yenə də alıcı tapılırdı. Qardaşlar həmçinin qızıl bəzək əşyalarının saxtalaşdırılması ilə məşğul olmağa başladılar. Bu əşyaları onlar Odessanın təcrübəli zərgərlərinə sifariş verirdilər.
Saxta əşyalar muzeylərə və şəxsi kolleksiyaçılara satılırdı. 1895-ci ilin yayında Qoxmanların iki işçisi Nikolayevdən olan qədim əşyalar kolleksiyaçısı, Frişen adlı bir şəxsi qızıl tac və qızıl dəstəkli qısa qılınc almağa razı saldı. Frişen bunlara 3000 rubldan çox pul ödədi.
Qardaşlar arasında vəzifə bölgüsü belə idi: Leyba saxtakarlıqların keyfiyyətini artırmaq üçün tarixi əsərləri öyrənirdi, böyük qardaşı Şapsel isə muzeylər və şəxsi kolleksiyaçılarla yazışırdı. O, məktublarını adətən bu cümlə ilə bitirirdi: “Siz elə bir əntiq əşyaya sahib olacaqsınız ki, ondan heç kimdə olmayacaq”.
Skif çarının tiarası
1895-ci ildə Qoxmanlar ən böyük dələduzluq əməliyyatlarına əl atmaq qərarına gəldilər. Bunun üçün qardaşlar Olviyada aparılan qazıntılar zamanı tapılmış həqiqi artefaktları araşdırdılar.
Yerli tapıntılardan biri “Protogenin dekreti” kimi tanınan mərmər lövhə idi. Üzərindəki yazıdan məlum olurdu ki, varlı vətəndaş Protogen Olviyanı talandan qorumaq üçün öz yığımından 900 qızıl sikkəni skif çarı Saytafernə verib, minnətdar şəhər sakinləri isə bu hadisənin xatirəsinə lövhə hazırladıblar. Yazının aşağı hissəsi itib-batmışdı.
Bunu öyrənən qardaşlar odessalı zərgərə bir tac sifariş etdilər. Guya Protogen həmin tacı qızıl sikkələrlə birlikdə skif çarına hədiyyə edib. Əvvəlki saxta əşyalardan fərqli olaraq, budəfəki məmulat yüksək keyfiyyətlə hazırlandı: yazıda səhvlər yox idi, hərflərin üslubu isə mərmər lövhədəki yazıya uyğun gəlirdi.
Bundan az sonra Vyana qəzetlərindən birində belə bir xəbər dərc olundu: Krım kəndliləri Rusiyadan qaçarkən dövlət tərəfindən müsadirə olunacağından qorxduqları bir xəzinə tapıblar. 1896-cı ilin fevralında Qoxmanlar Vyanada “yeni aşkar edilmiş rus qədim əşyaları”nın bir neçəsini, o cümlədən tiaranı nümayiş etdirdilər.
Qoxmanlar əvvəlcə saxta əşyanı Vyana İmperator Muzeyinə satmaq istəyirdilər, lakin muzey alışda maraqlı olmadı. Bundan sonra Şapsel Qoxman vyanalı əntiqçi Anton Fogel və onun şəriki ilə tanış oldu. Onlar tiaranı Luvra satmağa kömək edəcəklərinə söz verdilər.
Avstriya qəzetlərində Fransanın belə bir şah əsərinə sahib ola biləcəyi ilə bağlı qəzəbli yazılar dərc olunmağa başladı. Bu, fransızların tiaranı əldə etmək istəyini daha da artırdı. Nəticədə sövdələşmə uğurla başa çatdı. Vasitəçilər pulun yarıdan çoxunu — 114 min frankı — özlərinə götürdülər, qalan məbləği isə qardaşlar aralarında bölüşdürdülər.
Həqiqiliyə dair şübhələr
Tiara nümayiş etdirilməyə başlayanda elmi ictimaiyyət onun saxta ola biləcəyindən dərhal şübhələndi. Elə həmin 1896-cı ildə Sankt-Peterburq Universitetinin professoru Nikolay Veselovski bir məqalə yazaraq tiaranın həqiqiliyini şübhə altına aldı. Onun sözlərinə görə, tacın üzərində təsvir olunan fiqurlar müxtəlif dövrlərdən götürülüb və qədim skiflərin yaradıcılığına bənzəmir.
Alman arxeoloqu Adolf Furtvenqler də tiaranın həqiqətən skif çarına məxsus ola biləcəyinə inanan alimləri tənqid edirdi. O, artefaktın üzərində müasir alətlərin izlərini göstərir və tiaranın heyrətamiz dərəcədə yaxşı qorunub saxlanmasına diqqət çəkirdi.
“World Today” nəşri eksponat haqqında belə yazırdı: “Tiaranın üzərində çoxlu batıqlar var və bu, məsələyə komik çalar verir. Görünür, bunların dağılmış qəbirdən düşən daşlar nəticəsində yarandığını göstərmək istəyiblər. Şübhəsiz, həmin daşların gözəllik duyumu çox incə olub, çünki çoxsaylı relyef fiqurlarından heç birinin üzərinə düşməyib, batıqları yalnız hamar sahələrdə qoyublar”.
Məqalənin müəllifi əlavə edirdi: “Üstəlik, tiaranın hər tərəfində batıqların necə yarandığını izah etmək mümkün deyil. Bunu yalnız o halda təsəvvür etmək olar ki, möhtərəm skif hökmdarı öz qəbrində bir neçə dəfə o yan-bu yana çevrilib”.
Polşalı qədim əşyalar kolleksiyaçısı qraf Mixail Tışkeviç də tiaranın həqiqiliyinə inanmırdı. O yazırdı: “Rusiyanın cənubunda aparılan qazıntılar zamanı qızıl dəbilqələr, həqiqətən də, tapılıb, lakin həmişə böyük skif başçılarının dəfn edildiyi yerlərdə. Bu qəbirlərdə dəbilqələrlə yanaşı, saysız-hesabsız başqa əşyalar və bəzək nümunələri də olurdu. Bu dəfə isə yalnız son dərəcə zəngin bir tiara nümayiş etdirilir”.
Lakin tiaranın alınmasına külli miqdarda pul xərcləmiş Luvr onun saxta olduğunu qətiyyən qəbul etmək istəmirdi. Fransız ekspertləri Furtvenqleri tiaranın avstriyalılara qismət olmadığına görə qəzəblənən paxıl alman adlandırdılar. Beləliklə, bir neçə il davam edən açıq mübahisələr başladı.
İfşa
1903-cü ildə Parisdə sensasiyalı xəbər yayıldı: saxtakarlıq ifşa olunub. Qədim əşyaların saxtalaşdırılmasına görə məhkəməyə cəlb edilmiş, Elina təxəllüsü ilə tanınan Monmartr rəssamı yeddi il əvvəl Luvrun aldığı saxta tiaranın müəllifi olduğunu etiraf etdi. Martın 18-də “Le Matin” qəzeti Elinadan müsahibə dərc etdi. O, 1894-cü ildə qızıl tiaranı Şpitser adlı bir şəxsin sifarişi ilə hazırladığını və buna görə 4500 frank aldığını bildirirdi.
Tezliklə məlum oldu ki, Elina fırıldaqçıdır və bu əhvalatı özü uydurub. Şpitser 1890-cı ildə vəfat etmişdi, buna görə də tiaranın sifarişçisi ola bilməzdi. Bununla belə, yaranan səs-küy Fransanın aparıcı ekspertlərini aldatmış saxtakarlığın əsl müəllifini tapmağa kömək etdi.
Lifşits soyadlı bir zərgər “Le Matin” qəzetində məktub dərc etdirərək tiaranı onun dostu, odessalı zərgər İsrail Ruxomovskiyin hazırladığını iddia etdi. Lifşitsin sözlərinə görə, o, artefaktın hazırlanmasında şəxsən iştirak etmişdi.
.png)
Ruxomovski xatırlayırdı ki, bundan sonra fransız jurnalistləri ona məktublar yazmağa başladılar: ““Fígaro” kimi ən böyük qəzetlər və başqaları mənə müraciət edir, hər biri yalnız özü ilə əməkdaşlıq etməyimi istəyir, Parisə getmək xərclərimi ödəmək üçün pul təklif edirdi”. O, razılaşdı və 1903-cü ilin aprelində Fransa paytaxtına gəldi.
Ruxomovski tiaranın bəzəklərini hazırlayarkən nümunə kimi istifadə etdiyi mənbələri göstərdi. Araşdırma başlandı. Xüsusi komissiya Ruxomovskinin ustalığını və tiaranın üzərindəki təsvirlər barədə biliklərini yoxlamalı idi. Ona qızıl təbəqə və lazımi alətlər verdilər, sonra isə tiaranın bir hissəsini yaddaşına əsasən yenidən hazırlamağı xahiş etdilər.
“Qarşıda məni son sınaq gözləyirdi: tiaranın böyük bir hissəsini hazırlamaq. Opponentlərim ümid edirdilər ki, hazırladığım hissə orijinala bənzəməyəcək. Bu iş bir neçə həftəmi aldı və onlar üçün son zərbə oldu. Hətta nifrət mələyi də burada irad tutmağa bir şey tapa bilməzdi. Bunun mənim işim olduğuna artıq heç bir şübhə qalmadı”, — Ruxomovski xatirələrində yazırdı.
Ruxomovski əsl ulduza çevrildi. “Figaro” satirik şeirlər və karikaturalar dərc edirdi, parisli uşaqlar küçələrdə tiara haqqında, alimləri və hökuməti ələ salan nəğmələr oxuyurdular. Üç gün ərzində 30 mindən çox insan eksponatı görmək üçün Luvra gəldi. Bütün bunlar muzeyi son dərəcə naqolay vəziyyətə saldı və Luvr rəhbərliyi tiaranı ekspozisiyadan çıxarmaq qərarına gəldi.
Yekun
Tiaranın həqiqiliyini təsdiqləyən ekspertlər kəskin tənqid hədəfinə çevrildilər. Artefaktın həqiqiliyinə şübhə ilə yanaşan yeganə komissiya üzvü Solomon Reynakı Qoxman qardaşlarına yardımda ittiham edirdilər. Guya buna səbəb onun həyat yoldaşının Odessada doğulması idi. Digər alim Leon Eze isə tiaranın alındığı gün gözlərinin ağrıdığını bildirdi və ekspertlər arasında adının çəkilməməsini xahiş etdi.
Tiaranın alınması bu günə qədər Luvrun başına gəlmiş iki ən böyük bəladan biri hesab olunur. İkincisi isə 1911-ci ildə “Mona Liza”nın oğurlanması idi. Buna baxmayaraq, tiara hələ də muzeyin kolleksiyasındadır. Onu XIX əsrin sonlarına aid əşyalar kateqoriyasına daxil edərək Dekorativ Sənət Muzeyinə veriblər. 1954-cü ildə “Saytafern tiarası” muzeyin “Saxtakarlıqlar salonu”nda səkkiz “Mona Liza” ilə birlikdə nümayiş etdirildi.
Tiaranın saxtakarlıq yolu ilə əldə edildiyinin üzə çıxması Qoxman qardaşlarının nüfuzuna zərbə vurdu. Saxta tiaranın satışında şəxsən iştirak edən Şapsel işlərdən uzaqlaşdı. Leyba isə fəaliyyətini davam etdirdi, amma bu dəfə gümüş əşyaların saxtalaşdırılmasına başladı. O, bir sıra saxta gümüş vazanı Moskva Tarix Muzeyinə satmağa müvəffəq oldu, lakin saxtakarlıq tezliklə aşkarlandı. İnqilabdan sonra Leyba Berlinə mühacirət etdi.
İsrail Ruxomovski günahsız hesab edildi. Qoxman qardaşları ona tiaranı arxeoloq dostlarına hədiyyə etmək istədiklərini deyərək sifariş vermişdilər. Ruxomovski Parisdə yaşamağa davam etdi, üç oğul böyütdü və 1936-cı ildə 76 yaşında vəfat etdi. Onun əsərləri dünyanın bir çox muzeyində, Avropa və Amerikanın şəxsi kolleksiyalarında nümayiş etdirilir və nüfuzlu hərraclarda satışa çıxarılır.
Yadigar Sadıqlı


























