image-endirme-2backend

Makronun Cənubi Qafqaz arzuları…

image-reklam_sirab_01

Fransa prezidenti Emmanuel Makron Cənubi Qafqaz siyasətini korrektə etmək istəmir. Onun son təxribatçı çıxışı buna dəlalət edir. Makronun sözlərinə görə, guya Fransa Ermənistana ona görə hərbi texnika göndərir ki, bu ölkə özünü Azərbaycandan qoruya bilsin. 30 ilə yaxın torpaqlarımız işğal altında olanda Ermənistanın qorunması Fransanın yadına düşmürdü, torpaqlarımızın 20 faizinin işğalını “reallıq” kimi qəbul edirdilər. Elə ki, Azərbaycan torpaqlarını azad etdi, ərazi bütövlüyünü təmin etdi, Fransa əl-ayağa düşdü, ay-haray salmağa başladı ki, Ermənistanı qorumaq lazımdır. Ermənistanı Azərbaycanla sülhə təşviq etmək əvəzinə, Konstitusiyada başqalarının ərazisinə iddianın beynəlxalq hüquqa zidd olduğunu anlatmaq əvəzinə Paris gücsüz İrəvana sanki belə mesaj göndərir ki “möhkəm ol, Azərbaycan və Türkiyə ilə razılaşma, silah və sursatı biz göndərəcəyik”.

Makron deyib ki, baş nazir Nikol Paşinyanın Azərbaycana hücum etmək planı yoxdur. Həqiqətən Paşinyan o durumda deyil ki, bu haqda düşünsün, o İkinci Qarabağ müharibəsində elə zərbə almayıb ki, yeni müharibəyə hazır olsun. Söhbət Paşinyandan getmir, baş nazirin də etiraf etdiyi ordusundakı “5-ci kolondan”, Yerkrapa kimi terrorçu təşkilatların varlığından gedir ki, Azərbaycana qarşı təxribatları ilə yadda qalıblar. Makron və onun ətrafı o qədər erməni sevgisinə bürünüblər ki, Ermənistandakı təxribatçıları görməzlikdən gəlirlər.
Makron deyir ki, 2020-ci ildə Azərbaycan “dəhşətli” müharibəyə başlayıb. Makron unudur ki, onun “dəhşətli” adlandırdığı müharibə Azərbaycan ərazisində baş verib, məqsəd separatizmə son qoymaq olub. Fransa öz müstəmləkələrində necə separatçılara qarşı mübarizə aparırsa, Azərbaycanın da separatçılara qarşı mübarizə aparmaq hüququ var. Beynəlxalq hüquq da bunu diktə edir. Makron Azərbaycanın bu hüququnu tanımırsa, bu onun problemidir. Makron açıqlamasının sonunda xala xətrin xoş olsun deyə Ermənistanla Azərbaycan arasında sülhə dəstək verəcəyini bildirib. Sən bircə iki dövlətə mane olma, Ermənistandakı təxribatçıları qızışdırma, sülhə Fransanın iştirakı olmadan da nail ola bilərik. Fransanın Ermənistana göndərdiyi hücum silahları sülhə yox, müharibəyə xidmət edir. Paşinyan bunu anlayanda gec ola bilər.

Elxan Şahinoğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki