Azərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini verən milli mətbuat tarix boyu maariflənmədə, milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. Ötən əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak edib, dövlət müstəqilliyini bərpa etdikdən sonra isə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib. Ümumilli lider Heydər Əliyevin Fərmanı əsasında 1998-ci il avqustun 6-da senzuranın ləğvi isə milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoyub.
Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı. Bu dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.
Ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi media sektorunun da hazırda yenilənməyə, təkmilləşməyə və peşəkarlaşmağa ehtiyacı var. Məhz bu səbəbdən Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzaladı.
Sözügedən fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxs yaradıldı. Təbii ki, bu addım media cameəsində yüksək rəğbətlə qarşılandı. Çünki hər kəs mediada, xüsusən də mediaya dəstək sahəsində ciddi islahatlara ehtiyac görürdü.
“Media haqqında” yeni Qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib. Layihəyə onlayn, yazılı, elektron medianın tənzimlənməsi ilə bağlı günün, dövrün reallıqlarını nəzərə alan maddələr daxil edilib. Bunlar çox lazımlı və vacib məqamlardır. Bütövlükdə qanunun ümumi fəlsəfəsi media-hakimiyyət, media-dövlət, media-cəmiyyət arasında hüquqi münasibətləri tənzimləmək, müəyyən sərhədləri qoymaqdan ibarətdir.
Yeni Qanun layihəsi həm də KİV-in peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair hallar hamısı detallı şəkildə layihədə öz əksini tapıb. Yaxud bu cür hallarda jurnalistlərin digər hansı mənbələrə istinad edəcəkləri də göstərilib.
Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcəkdir. Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Bu da özünü junlalist kimi təqdim edənlərin hüquqdan kənar fəaliyyətlərinə maneə olacaqdır.
İsmayılova Ayşən