image-21backend

“Məhərrəmin son gedişini videoya çəkdim” – Xanımının mərhum jurnalist haqqındakı XATİRƏLƏRİ

image-reklam_sirab_01

Modern.az saytı dünyadan köçmüş jurnalistlərin ailələrilə silsilə söhbətlərə davam edir.

Bu dəfə mərhum jurnalist – AZƏRTAC-ın aparıcı müxbiri Məhərrəm Əli oğlu İbrahimov haqındakı xatirələri qələmə almışıq. Müsahibimiz isə onun xanımıdır.

Arayış: Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselo rayonunun Ardanış kəndində anadan olub. 1989-cu ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 100 saylı orta məktəbin birinci sinfinə gedib. 1999-cu ildə orta məktəbi bitirərək, Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsinə daxil olub.

2003-cü ildə kolleci bitirib və həqiqi hərbi xidmətə yollanıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında başa vurub. 2004-cü il sentyabrın 1-dən AZƏRTAC-da müxbir, 2007-ci il yanvarın 16-dan isə aparıcı müxbir vəzifəsində çalışıb.

Mərhum jurnalistin ömür-gün yoldaşı Bahar İbrahimova həmkarımız haqqında xatirələrini danışır:
“Məhərrəmlə ailələrimiz sayəsində tanış olduq, amma onu özünə görə tanıdım”

“Məhərrəmlə mən 2013-cü ildə böyüklərimizin məsləhəti ilə tanış olmuşuq. Mən hər zaman namuslu, ailəcanlı, yoldaşının qədrini bilən birini arzulayırdım. 6 ay nişanlı qaldıq. Hər gün mən Məhərrəmdə yeni bir xasiyyət kəşf edirdim.

Məhərrəm xeyirxah, ürəyiyumuşaq insan idi. Ailə qurduqdan sonra isə daha da fərqli insan olduğunu anladım. Heç zaman etdiyi yaxşılıqları dilə gətirməzdi, gizli saxlayardı. Mən ailə qurduqdan 3-4 il sonra bildim ki, Məhərrəm xəstə uşaqlara yardım toplayır. Bunları öyrəndikcə, onunla fəxr edirdim.

Uşaqları ilə də münasibəti tamam fərqli idi. Oğlanları 7 yaşlı Uğur və 5 yaşlı Toğrulla aralarında ata-oğul yox, dost-qardaş münasibəti vardı. Kiçik zaman tapan kimi onu bizimlə keçirməyə çalışırdı. Mənə qarşı çox diqqətcil, qayğıkeş olub.

Məhərrəm qələm adamı, peşəkar jurnalist olmaqla yanaşı, həm də vəfalı, sadiq dost idi. Çətinə düşənlərə imkanı daxilində kömək əli uzadar, həmkarlarının xoş günlərinin sevincini ürəkdən bölüşərdi. Cavan olmasına baxmayaraq, təmkinli davranışı, ünsiyyət yaratmaq qabiliyyəti ilə insanların qəlbinə tez yol tapırdı.

“Məhərrəm səhərə qədər mənə vəsiyyət etdi, onu itirəcəyimi hiss etmişdim”

“Məhərrəm Aprel döyüşlərində də cəbhə jurnalisti olaraq fəaliyyət göstərib. Ümumiyyətlə, cəbhə bölgələrinə tez-tez gedirdi. Hər dəfə qorxu, həyəcanla evə dönməyini gözləyirdim.

Artıq məlumat veriləndə ki, müharibə başlayıb, mən bildim ki, Məhərrəm cəbhəyə gedəcək. Mən artıq təşviş, qorxu içində idim. Müharibənin ilk iki günü Məhərrəm işdə oldu, evə gəlmədi. Sentyabrın 26-sı axşam gəldi ki, “paltarlarımı yığ gedirəm”. Mənim başqa bir çarəm yox idi, ağladım. Heç zaman Məhərrəmi belə yola salmamışdım. Qucaqlayıb, “yox, getmə” dedim. İçimdə qorxu vardı, onu itirəcəyimi hiss edirdim.

Paltarlarını yığdım, artıq yatmağa hazırlaşırdıq. Məhərrəm səhərə qədər mənə övladları, mənim barədə vəsiyyət etməyə başladı. Deyirdi ki, “övladlarıma elə baxmalısan ki, heç nəyə ehtiyacları olmasın. Çölə çıxanda, insanlar içində başı dik olmalısan. Boynubükük gəzmə”.

O, jurnalist kimi çalışdığı dövrdə bir əsgər ömrü yaşayıb. Ən qaynar nöqtələrdən ən operativ xəbərləri çatdıranlardan biri məhz Məhərrəm olub. Qarşıda böyük planları, arzuları vardı… Təəssüf ki, düşmən minası onun da arzularını yarıda qoydu”.

“Bilmək olmaz, bəlkə, gəlmədim…”

“Məhərrəm heç zaman mənə işlətmədiyi sözü gedəcəyi gün dedi. Dedi ki, “həyatdı, bilmək olmaz, bəlkə, gəlmədim…”. Sanki məni bu günlərə hazırlayırdı.

Övladları ilə bağlı arzusu çox idi. Böyük oğlu Uğurun həkim olmasını, kiçik oğlu Toğrulun isə idmançı olmasını istəyirdi. 

Səhər açıldı, təxminən saat 7-8 olardı, mən Məhərrəmi yola saldım. Mingəçevir, Ağdam, Füzuli, Gəncədə oldu. Qorxu, təlaş içində müharibənin bitməsini gözləyirdim.

Müharibə başa çatmazdan 2 gün öncə Məhərrəmgil iş yerlərini dəyişdikləri üçün icazə alıb 3 günlük evə gəldi. Həmin vaxt Bərdəyə raket atdılar, ona görə Məhərrəm yenidən cəbhə bölgəsinə qayıtmalı oldu.

Müharibə bitdi. Cəhbədəki əsgərlər kimi çox sevinirdim. Amma bir tərəfdən də özümü şəhid əsgərlərimizin ailələrinin yerinə  qoyub, kədərlənirdim. Öz-özümə sual verirdim ki, bu acıya necə dözürlər. Bilmirdim ki, mən də bu acıları yaşayacam…

Müharibə bitdikdən sonra Məhərrəm 3 günlük evə gəldi. Bu 3 günün necə gəlib keçdiyini bilmədik”.

Məhərrəmin sonuncu səfəri…

“Məhərrəm 2021-ci il mayın 10-nu Ramazan bayramı olduğuna görə evə gəldi. Mayın 18-i yoldaşımı yenidən cəbhəyə yola saldım. Hər kəslə vidalaşdı, sanki ürəyinə nəsə dammışdı.

Qapıdan çıxanda mənə “bu evin həm atası, həm anası sənsən. Balalarımı sənə, səni də Allaha tapşırıram” dedi. Bu sözündən sonra nəsə olacağına əmin idim.

Məhərrəmin gedişini videoya da çəkdim, içimdəki hiss mənə “bu sonuncu görüşdü” deyirdi.

Məhərrəm Kəlbəcərdə getmişdi, orada şəbəkə yaxşı tutmurdu. Bilirdi ki, bir az gec zəng edəndə mən narahat oluram, həyəcan keçirirəm. Məhərrəm müharibədə olduğu zamanda mən xəstəlik tapmışdım.

Minaya düşməzdən bir gün qabaq zəng etdi, danışdıq. Danışdığımız zaman şəbəkə itdi deyə, söhbətimiz yarımçıq qaldı. Üstündən iki saat keçmişdi ki, Məhərrəmin geri zəng etmədiyinin fərqində oldum və qorxuya düşdüm. Ağlımdan bir anlıq minaya düşdüyünü fikirləşdim. Elə bu anda Məhərrəm zəng etdi…

Ayın 4-ü oğlumuzun vinetka çəkilişində idik. Məhərrəm səhər saatlarına mesaj yazmışdı, cavab verdim. Sonra başım qarışıq olduğu üçün Məhərrəmin geri dönüş etmədiyinin fərqində olmadım.

Bir neçə saat keçmişdi ki, artıq Məhərrəmin yazmadığını gördüm, içimdə narahatlıq yarandı. Bir müddət sonra mənə tanımadığım nömrədən zəng gəldi. Açmadım. Oğlumun şəkillərini çəkirdim ki, axşam Məhərrəmə atım. Amma Məhərrəmi itirdiyimdən xəbərim yox idi…

Gördüm ki, telefonum susmur, dalbadal zənglər gəlir. Şübhə yarandı ki, nə ola bilər ki, mənə belə tez-tez yığırlar.

Məhərrəmin dostunun həyat yoldaşı mənə yenidən zəng etdi, telefonu açdım. Məndən soruşdu ki, Bahar nə olub. Dedim ki, heç nədən xəbərim yoxdu.

Sonra dedi ki, “rahat bir yer tap otur, həyəcanlanma. Məhərrəm minaya düşüb, sağdı, xəstəxanadadı”. Həmin an mənim üçün həyat dayandı.

Bundan sonra olanları yaxşı xatırlamıram. Qaça-qaça evə getdim. Qapıya çatdım ki, gördüm qohumlar yığılıb, baldızım “Məhərrəm yoxdu” deyəndə artıq onu itirdiyimi anladım. Amma yenə də ümid var idi ki, Məhərrəm sağdı. Qışqırırdım ki, məni Məhərrəmə aparın”.

“Kaş əlil olardı, amma nəfəsi gedib-gələrdi…”

“Allaha dua edirdim ki, Məhərrəm yaşasın. Eybi yox, ayağı olmasın, gözü görməsin, amma nəfəsi olsun. Gecə 2-də nəşi evə gətirildi. Tabutu görəndə özümü itirdim, onun yoxluğunu anladım. Aylar sonra Məhərrəm evə tabutlarda gəldi.
İndi də yuxularımdan çıxmır. Siracla bir yerdə yuxuma gəlir. Bir ay içində mənim saçım bəmbəyaz oldu. Mən onu canımdan çox sevirdim…”.

“Dostları Məhərrəmi unutmur…”

“Dostları, yoldaşları hər zaman bizi xatırlayır. Zəng edirlər, yazırlar. Bir yerdə işlədiyi Roman adında dostu tez-tez maraqlanır. AZƏRTAC-da çalışdığı iş yoldaşları heç zaman unutmur. Hər birinə təşəkkür edirəm”.
“Məhərrəmin son nəfəsini verdiyi Kəlbəcərə getmək istəyirəm…”

“Əvvəl getmək istəmirdim. Deyirdim ki, o torpaq mənim sevdiyim insanı əlimdən alıb. Ora gedə bilmərəm. Amma indi getmək istəyirəm. Məhərrəmin son nəfəsini verdiyi torpaqları gəzmək istəyirəm. Həmin torpağı qucaqlayıb, qışqırmaq istəyirəm. Ən böyük arzusu idi Şuşanı görüb, ora jurnalist gözü ilə baxmaq. Amma qismət olmadı”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image