image-3backend

Meksika prezidenti Trampa nə cavab verəcək? -Şərh

image-reklam_sirab_01

Ağ Evin yeni sahibi Donald Trampın əsas hədələdiyi ölkələrdən biri cənub qonşusu Meksikadır. Tramp birincisi, müxtəlif ölkələrdən qaçqınların məhz Meksika üzərindən ABŞ-a daxil olduğunu bildirir, ikincisi Amerikaya gizli yollarla daşınan narkotik maddələrin də Meksika mənşəli olduğu qənaətindədir. Bu gedişlə Tramp Meksikada istehsal olunan məhsullara gömrük tariflərini artırmaqla yanaşı sərhəddən keçidlərin də qarşısını almağa çalışacaq.

Ötən ilin oktyabr ayında Meksika Prezidenti seçilən Klaudiya Şeynbaum də cavab tədbirləri hazırlayıb. “Meksika ABŞ-a boylanmadan azad və müstəqil xarici siyasət kursunu müəyyənləşdirməlidir” deyən xanım Şeynbaum buna nümunə kimi Kuba ilə artan tərəfdaşlıq münasibətlərini göstərib. Məlumdur ki, Donald Tramp özündən əvvəlki demokrat prezidentlərdən fərqli olaraq Kubaya qarşı sərt sanksiya siyasətinin davam etdirilməsinin tərəfdarıdır. Meksika isə son illərdə Kuba ilə əməkdaşlığı genişləndirib. Meksika hökuməti Kubaya ərzaq və yanacaq göndərir, kubalı peşəkar həkimləri isə bu ölkəyə dəvət edilir. Pandemiya dövründə kubalı həkimlər Meksikada çalışıblar. Meksika Venesuelladan sonra Kubanın ikinci neft təhcizatçısına çevrilib. Hesablamalara görə, Kuba enerjiyə olan ehtiyacının dörddə bir hissəsini Meksikadan əldə etdiyi yanacaq hesabına təmin edir.

Meksikanın bu siyasəti ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi embarqoya ziddir. Tramp və ya ABŞ Konqresi buna görə Meksikaya qarşı sanksiyalar tətbiq edə bilər. Ancaq görünən odur ki, Meksika Prezidenti Trampın hədələrindən çəkinmir. Əksinə, “Meksika xalqı kubalılarla həmrəydir” deyən xanım Prezident bu sözləri ilə Trampa meydan sulamış olur. Təsadüfi deyil ki, Kuba Prezidenti Migel Diaz-Kanel bir neçə il ərzində Meksikaya 5 dəfə səfər edib.

Elxan Şahinoğlu

Politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image