Tarixi yaradanlar olmasaydı onu yazanlar da olmazdı qənaəti məhz bundan yaranır.
Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.
Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Ümummilli lider dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbiidir. Çünki, insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər.
Ancaq ulu öndərin həyatının qəhrəmanlıq anlarını, zamanı qabaqlamaq, tarix yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir.
İlk olaraq o, öz həyatının, ömrünün tarixini yaradıb. Əgər ulu öndər həyat yolunu düzgün seçib istiqamətləndirməsəydi, özünün şəxsi, ailə və cəmiyyət həyatında mövqeyini qiymətləndirməsəydi, bu yolda qətiyyətli addımlar atmasaydı, o ümumxalq məhəbbəti qazanıb, bəşəriyyətin qəlbində əbədiləşə bilməzdi.
Heydər Əliyevin şəxsi həyatı, uşaqlıq və gənclik illəri, ömrünün bütün dövrləri gərgin zəhmətlə keçib. Əlbəttə, bu dövrlərin çətin anları yaşanmasaydı, maneələr qətiyyətlə dəf edilməsəydi sonrakı zamanların uğurları qazanılmazdı. Rəhbərin həyatının səhifələri qeyri-adi, çoxlarına mümkünsüz görünən, qəhrəmanlara xas olan hadisələrlə xarakterikdir. Sovetlər dövründə milli təhlükəsizlik orqanlarında işləmək nə qədər şərəfli olsa da, bir o qədər çətin və məsuliyyətli idi. Heydər Əliyev çox böyük təsirlərə, çətinliklərə məruz qalsa da bu sistemdə şərəfli həyat yolu keçib, öz fəaliyyəti, çoxlarına xas olmayan xeyirxahlığı, vətənpərvərliyi ilə şəxsiyyətini tarixiləşdirib.
O, öz ailəsinə, həyat yoldaşı, unudulmaz Zərifə xanıma olan məhəbbəti, sevgisi münasibəti ilə müqəddəs bir ailənin tarixini yaradıb. Bu müdrik insan ailə həyatı üçün nəinki varından, dövlətindən, vəzifəsindən, hətta canında belə keçməyə hazır olduğunu sübut edib.
Heydər Əliyevin Zərifə xanımla bağlı xatirələri, söhbətləri, duyğuları ülvi olduğu qədər ibrətamizdir. Həyəcanlı olduğu qədər doğma, əziz, müqəddəsdir. Bu sevgi ilahi hisslərlə zəngin olduğu kimi, bəşəri dəyərləri ilə də alidir, əbədidir.
Biz Heydər Əliyevin bu ilahi sevgi, Zərifə xanıma olan sonsuz məhəbbəti qarşısında kövrəldiyinin, gözlərinin dolduğunun şahidi olmuşuq. O, əlini Zərifə xanımın heykəlinə toxunduranda ən çətin anlarda titrəməyən, əsmək bilməyən əllərinin əsdiyini, yaşarmayan gözlərinin yaşardığını görmüşük və bu müqəddəs, ali eşqin qarşısında baş əymişik.
Ulu öndər bu sevgisi ilə milyonlara nümunə və örnək ola biləcək bir məhəbbətin tarixini yaradıb. Daim əzizlənən, qorunan, ucaldılan bir eşqin abidəsini ucaldıb.
Heydər Əliyev öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın iyirminci əsr ictimai siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratmışdır. Əgər ulu öndərin əsrin 70-80-ci illərində qurub yaratdığı, inkişaf etdirilən Azərbaycan olmasaydı bu günümüzün mühüm nailiyyətlərindən danışmaq çətin olardı.
Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər vəzifəyə təyin olunmasını tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Çünki, onun vəzifəyə gəldiyi az bir müddətdə respublikada köklü dəyişikliklər, belə desək inqilab baş vermişdir.
Sovetlər zamanında hər bir tapşırığın mərkəzdən verildiyi və idarə olunduğu bir vaxtda geridə qalan, çıxılmaz sosial-iqtisadi vəziyyətdə olan Azərbaycanda belə inqilab etmək, insanların öləziyən ümidlərini ruh yüksəkliyi ilə əvəz edib bir məqsəd uğrunda birləşdirmək, gərgin təsərrüfat, tikinti-abadlıq, quruculuq işlərinə yönəltmək əsl qəhrəmanlıq, vətənə sədaqət nümunəsi, həm də bir tarix idi.
Bu gün insanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, ümummilli lider respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar.
Bu xidmətləri əlbəttə, sözlə qiymətləndirmək çətindir.
Ancaq bir faktı qeyd etməklə 1970-1980-ci illərdə Azərbaycanın sürətli inkişafının miqyasını nəzərə çatdırmaq olar. Belə ki, həmin illərdə o zamankı qiymətlərlə respublikada 101,5 milyard manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki əlli ildə istehsal olunan məhsulun həcminə bərabərdir: Azərbaycan rəhbərinin böyük təşkilatçılıq qabiliyyəti zamanı on illərlə qabaqlamışdır, respublikanın həyatını on illərlə qabağa aparmışdır.
Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çox yazılıb, bundan sonra daha çox yazılacaqdır. Ancaq bu həyatın tarixi məqamlarını dönə-dönə insanlara çatdırmaq, qələmə almaq vətəndaşlıq borcu olmaqla bərabər həm də gələcək nəsillərə bir nümunədir.
Ulu öndər həmişə, hər zaman, ən ağır anlarda belə, xalqı ilə bir olmuş, xalqının səsinə səs vemişdir. 1990-cı ilin 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib həyatını təhlükə qarşısında qoyaraq Mixail Qorbaçovun mənfur antiazərbaycan siyasətini ciddi tənqid etməsi, bu hadisələrdə bilavasitə onu günahlandırması göstərir ki, ümummilli lider öz xalqı üçün haqqın yolunda canını qurban verməyə həmişə hazır olan bir şəxsiyyət, böyük Azərbaycanlı olmuşdur.
Heydər Əliyev bu cəsarəti, yenilməz vətəndaşlıq mövqeyi ilə özünü hər bir azərbaycanlının, ədalətə dəstək verən hər bir insanın gözündə tarixiləşdirmişdir.
Bizə yaxşı məlumdur ki, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi.
1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu.
Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, sədaqətinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi.
Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.
Ümummilli lider həmin illərdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən ilə gözəlləşən bir həyat, müstəqil Azərbaycanı bəxş etdi.
Heydər Əliyevin Azərbaycan, xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri də onun varisliyin prinsiplərini, mahiyyətini və əhəmiyyətini çox düzgün qiymətləndirməsi və reallıqlarla əsaslandırmasıdır.
Ulu öndər “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” söyləyərkən ilk növbədə xalqın, ölkənin gələcək taleyini, ölməz ideyalarının, məqsəd və arzularının həyata keçirilməsinin vacibliyini nəzərdə tutur və bu yolda İlham Əliyev şəxsiyyətinə inamını ifadə edirdi.
İlham Əliyevin Ulu öndər Heydər Əliyevin ənənlərini layiqincə davam etdirərək 30 il düşmən işğalında qalan əzəli torpaqlarımızı cəmi 44 günlük savaşla azad etdi. İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda güc mərkəzinə çevrilib. Bu gün Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan Avropanın 8 ölkəsinin enerji təminatçısına çevrilib. Ali Baş Komandan İlham Əliyev öz siyasəti ilə ulu öndərin ənənələrini layiqincə davam etdirir.
Heydər Əliyevin ömrü Azərbaycanın iyirminci əsr tarixinə müdriklik, vətənpərvərlik, insanlıq, Azərbaycançılıq kimi bəşəri dəyərləri bəxş etməklə bərabər, həm də yeni tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyini həqiqətə çevirdi. Xalqına, dininə, dilinə, tarixinə, adət-ənənəsinə sadiq olanların daim yaşayacağını sübut etdi, bəşəriyyət, azad dünya, xoşbəxt gələcək üçün qurub yaradanların daim xatırlanacağını göstərdi.
Ulu öndərin “Mən mənalı həyatımın düz altmış ilini xalqımın bü günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” sözləri bir ömrün hesabatıdır.
Heydər Əliyev öz əməli fəaliyyəti ilə nəinki Azərbaycan, insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaratdı. Bu, bəşəri ideyaların ölməzliyi, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin yenilməzliyi tarixidir.
Ulu öndər irqindən, dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəsə hörmətlə yanaşır, insani keyfiyyətləri – səmimiliyi, düzgünlüyü, xeyirxahlığı, alicənablığı, dostluğu, qətiyyətliyi, kamilliyi, qoçaqlığı yüksək qiymətləndirir, ağıllı və savadlıları seçib ayırır, sənət adamlarına həssaslıqla yanaşır, xalqla bir yerdə olmaqdan, insanların rəğbətini qazanmaqdan qürur duyurdu.
Heydər Əliyev dünyada sülhün və əminamanlığın tərəfdarı idi. Ölkəmizdə baş verən hadisələr, 20 Yanvar, Xocalı faciəsi, Qarabağ problemi, əsir torpaqlarımızın ağrı-acısı, bir milyondan artıq qaçqın və məcburi köçkün taleyi Heydər Əliyevin ömrünə müsibətli günlər, illər bəxş etsə də, dincliyini, rahatlığını əlindən alsa da o müharibənin, qan axıdılmasının tərəfdarı deyildi. Ev yıxmağı, qan tökməyi, torpaqlar işğal etməyi, zülmü, əzazilliyi vəhşi xislət, vəhşilərə xas olan əməl kimi dəyərləndirən bu dahi şəxsiyyət nəinki Azərbaycan torpağında, dünyanın heç bir guşəsində müharibənin, münaqişənin alovlanmasını, insanların bəlalara, fəlakətlərə düçar olmasını istəmirdi. O, torpaqlarımızın azğın düşməndən azad olunacağına əmin idi və bu yolda öz səylərini bir an da olsun əsirgəmirdi.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. Ümummilli lider dəfələrlə xatırladırdı: “İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq”.
Bu sözlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin – Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında, dolaylarında yaranır. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və yaşayacaqdır.
Arzuman Muradlı
Politoloq