image-modern-az-06-08-2021-1628241312backend

“Mənim üçün ən çətin vəzifə mətbuat katibi idi” – Səfirlə MÜSAHİBƏ

image-reklam_sirab_01

“Anam göndərdiyim bütün məktubları yığıb saxlayıb”

Azərbaycanın Braziliyadakı, eyni zamanda, Ekvador, Qayana, Surinam, Trinidad və Tobaqoda akkreditə olunmuş səfiri Elxan Poluxovun müsahibəsini təqdim edirik:

– Cənab səfir, bildiyiniz kimi,  dünya ölkələri  COVID-19 infeksiyasına qarşı mübarizə aparır. Hazırda Braziliyada vəziyyət necədir? Vətəndaşların peyvəndlənmə prosesi necə gedir?

– Braziliyada COVID-19 infeksiyasına qarşı mübarizə hər yerdə olduğu kimidir. Braziliya federativ ölkə olduğundan orada hər ştat peyvənd qərarını özü verir. Ona görə də varlı və kasıb ştatların arasında bir az fərq var.

Məsələn, San-Paulo ştatı Braziliyanın ən varlı ştatlarından biridir və orada peyvəndlənmə prosesi sürətlə gedir. Amazon ştatı bir qədər uzaq, eləcə də əhalisi  az olduğundan orada proses ləng gedir. Ölkə daxilində bəzi narazı məqamlar diqqət çəkir. Ona görə ki, əhalinin sayı 200 milyona yaxındır. İndiyə kimi peyvəndlərin yerli istehsalı təşkil edilsə də sayı azdır və peyvəndləri xaricdən almağa məcburdurlar. Bütün bunlara baxmayaraq, əhalinin 40%-dən çoxu iki dəfə peyvəndlənib. İkinci problem odur ki, Braziliyanın özünün də xüsusi ştammı var. O ştamm yoluxucu olduğundan bir çox ölkələr Braziliya ilə əlaqələrini məhdudlaşdırıblar. Bu gün Braziliyadan səfər edən insanlar bir çox ölkələrə buraxılmırlar. Daxil olduqları müddətdə isə 14 gün ərzində karantində qalırlar. Bu cür hallar çətinlik yaratmaqla yanaşı  iqtisadiyyata böyük zərbə vurur. Bir məqam da var ki, Latın Amerikası və Braziliyada ekzotik olan, xüsusilə, sarılıq, malyariya, zika, denge kimi xəstəliklər  çoxluq təşkil edir. Bu səbəbdən COVID-19-un peyda olması əhali arasında elə də təəccüb yaratmamışdı. Sadəcə qapanma sisteminin tətbiq edilməsi psixoloji, maddi və mənəvi cəhətdən problemləri ortaya qoydu.

 

– Pandemiya şəraitində Azərbaycan səfirliyi olaraq işlərinizi necə qurmusunuz?

– Braziliyada rəsmi qeydiyyatda olan 2 azərbaycanlı var. Bir vətəndaşımız Trinidad Tabaqado, digəri Qayanada yaşayır. Ekvadorda kiçik icmamız var, orada 50-60 azərbaycanlı yaşayır. Adətən vətəndaşlarımızın səfirliyə müraciəti sənəd problemi ilə bağlı olur. Belə olan halda biz aidiyyatı qurumlarla əlaqəyə girib vətəndaşlarımızın sənədlərinin qaydasına salınmasına yardımçı oluruq.

– Cənab səfir, ölkəmiz 2020-ci ilin Vətən müharibəsində uğurlu qalibiyyət əldə edərək ərazi bütövlüyünü bərpa etdi.  Əminliklə deyə bilərik ki, dünyanın elə bir ölkəsi yoxdur ki, dövlətimizin qalibiyyət zəfərindən xəbər tutmasın. Bir diplomat kimi siz də uzun illər Ermənistanın işğalçılıq siyasətini təmsil etdiyiniz ölkələrdə qətiyyətlə pisləmisiniz. Bilmək istərdik, Azərbaycanın uğurlu xarici siyasəti barədə Braziliya ictimaiyyəti nə düşünür?

– Braziliya nisbətən gənc dövlətdir. 200 ilə yaxın yaşı var. Tarixində heç vaxt münaqişələrlə üzləşməyib. Ona görə də Braziliya ictimaiyyəti müharibə anlayışına bir qədər fərqli yanaşır. Geniş kütlə üçün müharibə və ərazi itkiləri ənənəvi olmadığına görə, onlarda təəccüb yaranır ki, “niyə hansısa torpağa görə bir-birinizi öldürürsünüz?!”. Ancaq peşəkar insanlarla, beyin mərkəzləri ilə ünsiyyətdə olanda  məlum olur ki, onlar tədqiqatlar aparır və məsələdən xəbərdardılar. Bir amili də qeyd edim. 1993-cü ildə Azərbaycanla bağlı BMT-də  məlum qətnamələr qəbul olunanda Braziliya BMT TŞ-nın qeyri daimi üzvü idi. Həmin qətnamələr qəbul olunanda lehimizə səs vermişdi. Ona görə də bu günə kimi Braziliyanın xarici siyasətində Azərbaycanın ərazi bütövlüyü toxunulmaz və prioritet məsələ olaraq qalır. Eyni zamanda, Qayana, Ekvador kimi ölkələr da ölkəmizin ərazi bütövlüyünü tanıyırlar. Vətən müharibəsi başlayanda Braziliyanın və Ekvadorun xarici işlər nazirlikləri bəyanatla çıxış etdilər. Münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunmasını arzu etdilər. Həmçinin Braziliya senatında, konqresində bizə yaxın olan dostlarımız var. Həm senatda, həm də konqresdə dostluq qrupu fəaliyyət göstərir. Hazırda Sentada onun rəhbəri Antoniya Anastasiyadır. O bu yaxınlara qədər senatın Birinci vitse-spikeri idi. Həmin şəxs Braziliyanı Latın Amerikası parlamentində təmsil edir və həmin təşkilatda vitse-spikerdir. Antoniya Anastasiya Azərbaycanda da olub və hər zaman dövlətimizin mövqeyini dəstəkləyərək öz fikirlərini bildirib. Azərbaycanı sevən insanlardandır. Braziliya-Azərbaycan dostluq qrupunun Konqresdə rəhbəri Klaudio Kajado da ölkəmizi çox sevir. Bu insanlar həm müharibə vaxtı, həm də müharibədən sonra Azərbaycana dəstək olub. Onu da əlavə edim ki, Braziliyada 100 minə yaxın erməni yaşayır. Erməni diasporu maddi cəhətdən kifayət qədər güclüdür. Həmçinin,  mediada aparıcı rola sahibdirlər, yerli maliyyə strukturlarında, xarici işlər nazirliyində, parlamentdə təmsil olunurlar. Azərbaycan səfirliyi olaraq həm müharibədən əvvəl, həm müharibə vaxtı, həm də müharibədən sonra gücümüzü elmi və beyin mərkəzlərinə, universitetlərə, universitetlərin beynəlxalq işlə məşğul olan fakültələri ilə əlaqələrə veririk. O səbəbdən ki, hazırda xarici siyasəti formalaşdıran onlardır. Universitetlər gələcək mütəxəssisləri formalaşdırır. Biz onlarla bu gün əlaqələr qurmasaq, bir müddətdən sonra boşluq yaranacaq. Onlayn jurnallarda ölkəmizlə bağlı materialların çap olunmasını həyata keçiririk. Bu yaxınlarda birgə layihəyə start vermişik. Braziliyanın universitetinin birində beynəlxalq əlaqələr fakültəsi üzrə magistr təhsili alan 10 tələbəsini təcrübə proqramına cəlb etmişik və ilin sonuna kimi təcrübə keçəcəklər. İlin sonunda 10 tələbə 6-7 mövzu üzərində elmi iş yazacaqlar. Bununla da portuqal dilində olan boşluğu yavaş-yavaş doldururuq. Çünki ingilis, fransız ispan dillərində ölkəmiz haqqında kifayət qədər məlumat var. Ancaq bu məlumatlar portuqal dilində mövcud deyil. Ona görə də portuqal dilində ölkəmiz və 44 günlük qələbə barədə məlumatlar dərc etməyə çalışırıq.

 

– Siz həm də Braziliya televiziyalarına, media orqanlarına vaxtaşırı  müsahibələr veririniz. Bir diplomat olaraq Azərbaycanın haqq işini təmsil etdiyiniz ölkənin mediası vasitəsilə işıqlandırırsınız. Maraqlıdır, Braziliya mediası, eləcə də ölkənin rəsmiləri, diplomatlar  Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə səfər etməyi düşünürlərmi? 

 

– Müharibə zamanı media nümayəndələri üçün böyük mətbuat konfransı keçirtdik. 40-a yaxın jurnalistə müharibənin gedişatı barədə məlumat verdik. Həmçinin mail vasitəsilə 44 günlük müharibə, cənab Prezidentin çıxışlarını əks etdirən müsahibələrini, xarici işlər nazirliyinin bəyanatlarının yerli media orqanlarında işıqlandırılmasına nail olduq. Hətta həm sizin, həm də mənim həmkarlarımın Kəlbəcərdə şəhid olması ilə bağlı növbəti mətbuat konfransı təşkil etdik və 50-yə yaxın media nümayəndələri iştirak etdi. Portuqal və ingilis dilində olan Braziliyanın aparıcı mətbuat orqanları  baş verənlər barədə məlumatları işıqlandırdı. Səfir olaraq tez-tez Braziliyanın yerli mətbu orqanlarında məqalələrim çıxır. Bu yaxınlarda Latın Amerikasından olan bir qrup jurnalist Qarabağa səfər etmişdi. Onların arasında Braziliyadan olan xanım jurnalist Fabiana Seyhan da vardı. Fabiana Seyhan uzun müddət Türkiyədə yaşadığından türk dilində də danışır. Qarabağa səfəri zamanı Şuşadan müsahibələr yayımladı. Onun Braziliyada bir neçə geniş məqalələri çıxıb. Jurnalistin məqalələrində müharibədən sonrakı vəziyyət təsvir edilsə də, qısa vaxtda aparılan bərpa işləri və perspektivlər əks olunub.

 

Məqalələrdən birinin başlığı xüsusi diqqət çəkirdi. “30 il ərzində burada nə etmisiniz?!”. Təəssüf ki, COVID-19 infeksiyası ilə bağlı ətraf ərazilərə səfərlər təşkil edilmir. Düzdür, onlayn formada görüşlər keçirilir. Amma canlı görüşlərin gerçəkləşməsi daha effektivlidir. Ümid edirik ki, yaxın vaxtlarda ümumi problemlər aradan qaldırılacaq.

 

– İnanırıq ki, bundan sonra Qarabağa daha çox səfərlər olacaq. Elxan müəllim, Azərbaycanla Braziliya arasında humanitar sahədə əməkdaşlıq mövcuddur. Yaxın illərdə iki ölkə arasındakı əməkdaşlığın arealının bir qədər də genişləndirilməsi mümkün ola bilərmi? 

– Qanunvericilik nöqteyi-nəzərdən danışırıqsa, iki sənəd üzərində işlərin getdiyini və tamamlandığını söyləmək olar. Bunlardan biri kənd təsərrüfatı sahəsi ilə bağlı sazişdir. Braziliya dünyada kənd təsərrüfatı məhsullarının istehsal edən aparıcı ölkələrdən biridir. Ət ixracı, kofe şəkər kimi məhsullar geniş istehsal olunur. Təhsil sahəsində də sazişimiz artıq hazırdır. Bu sahədə qarşılıqlı təcrübə mübadiləsi keçirilməsi üzərində iş gedir. Həm braziliyalı həm də azərbaycanlıların qarşılıqlı təhsil almaları ətrafında müzakirələr aparılır. İndi dünya virtual təhsilə keçir. Hesab edirik ki, bunu virtual qaydada təşkil etmək olar.

Son 3 il ərzində Braziliyanın 10-dan çox universitetində onlayn formada mühazirələrim olub. Braziliyanın bir neçə universiteti ilə bizim Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin sazişi var. Üç il öncə braziliyalı professor Leyla Bijua Bakıya gələrək 3 ay orada tədqiqatlar aparmışdı. Həmin təcrübəni keçəndən sonra ilk dəfə Azərbaycan haqqında elmi kitab çıxmışdı. Belə proseslər davam edir. Eyni zamanda, iqtisadi sahədə də əməkdaşlıq edirik. Sadəcə Braziliya federativ ölkə olduğundan biz fərqli ştatlarla işləyirik.

 

– Bildiyiniz kimi, dünya ölkələrində yaşayan azərbaycanlılar diaspor sahəsində də aktivlik nümayiş etdirirlər. Sadəcə Braziliyada azərabycanlıların sayı çox az olduğundan diaspor məsələsi yəqin ki, aktual deyil.

– Dediyiniz kimi, geniş diaspor fəaliyyəti barədə danışmaq qeyri-mümkündür. Amma bəzi məsələlər var ki, onları qeyd etməliyəm. Qayanadakı vətəndaşımız Təranə xanım Vətən müharibəsi zamanı ictimai aksiya təşkil etmişdi. Ailəsi ilə birgə plakatlarla Ermənistanı müharibəni dayandırmağa çağırmışdı. Bundan başqa reallığı da qəbul etməliyik. Vətəndaş və soydaş tapmadığımız yerdə yerli dostlar tapmalıyıq. Yerli əhali ilə sıx iş aparırıq. San-Paulo və Rio-de Jenero şəhərində Azərbaycanı dəstəkləyən insanların sayı gündən-günə artır. İki jurnalistimiz Kəlbəcərdə şəhid olandan sonra tarixdə ilk dəfə olaraq Ermənistanın San-Paulo şəhərindəki Fəxri konsulluğunun qarşısında yerli braziliyalılar etiraz aksiyası keçirtdilər. Biz adətən öyrəşmişik ki, Latın Amerikasında ermənilər Türkiyə səfirliyinin qarşısında etiraz etmələrinə alışmışıq. Bu dəfə isə fərqli oldu və bunun özü də gösrəricidir. San-Paulo şəhərində Ermənistan adını daşıyan metro, 6 kilsə, küçə var. İndi isə San-Pauloda Azərbaycan adını daşıyan küçə var.

– Bu isə həm Azərbaycanın, həm də dövlət başçımızın xarici siyasətinin uğurudur.

-Sözsüz ki, belədir. Bu, həm də bizə tərəf çıxan insanların mövcudluğu və saylarının artmasının göstəricisidir. 20 il qabaq bu haqda düşünmək qeyri-mümkün idisə, bu gün reallıq budur. Bu da ölkə başçımızın xarici siyasətə verdiyi önəmin göstəricisidir. Biz dəstəyi ölkəmiz və cənab Prezident tərəfindən verilən tapşırıqlardan alırıq.

– Cənab səfir, izninizlə söhbətimizin mövzusunu dəyişmək istəyirəm. O səbəbdən ki, bir vaxtlar siz mediaya və media nümayəndələrinə yaxın şəxs olmusuz. Maraqlıdır, Xarici İşlər Nazirliyinin mətbuat katibi olduğunuz dönəmləri necə xatırlayırsız?  Sizcə, mətbuat katibinin media ilə iş qrafiki daha çətindir, yoxsa əksinə, asandır?

– 50 yaşım var və 22 yaşımdan işləyirəm. Həyatımda tutduğum ən çətin vəzifə mətbuat katibi idi. Hər işin mütləq məsuliyyəti var. Amma mətbuat katibi olmağın çətinliyi bir başqadır. Xarici İşlər Nazirliyinin mətbuat katibi bütün dünyanın mediası ilə işləyir. Beynəlxalq medianın dili, yanaşması fərqlidir. Yaxud da xarici medianın dilini biləsən və onları yola verəsən kimi məsələlər alınmır. Bu sahədə universallıq lazımdır. Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsini tutan şəxs çox çətin və məsuliyyətli işlə məşğuldur. Faktiki olaraq bu şəxs 24 saat işləməlidir. Burada biz yuxuya gedəndə, ABŞ-da CNN oyanır. Oradan gələn zəngə “mən yatıram” deyə bilməzsən. Qayda bu cürdür. Hər zaman hər bir suala hazır olmalısan.

– Belə bir fikir var ki, diplomatlar da öz sahələrinin əsgərləridir. Onların hara göndərilməsindən asılı olmayaraq, dövləti, Vətəni layiqincə təmsil edirlər. Bir sözlə, Vətəndən, dostlardan, yaxınlardan hər gün keçdiyiniz küçədən, məhlədən uzaq düşürsünüz. Dövlət və Vətən üçün darıxmaq hissi necədir?

 

– Gürcüstanın Marneuli bölgəsinin Sadaxlı kəndində doğulmuşam. Təhsilimi Leninqradda (indiki Sankt-Peterburq şəhəri) almışam. Yalnız bir il Bakıda oxumuşam. 1996-ci ildə ilk dəfə olaraq ABŞ səfirliyinin dövlət proqramı vasitəsilə 6 aylıq Amerikada oxudum. O zaman Azərbaycanın xarici siyasətinə həsr olunmuş elmi iş üzərində işləyirdim. Həmin vaxtlarda internet yeni yaranmışdı. Anam mənim bütün məktublarımı yığıb saxlayıb. Mən o məktubları oxuyanda anlayıram ki, heç nə dəyişməyib. Vətən sevgisi elə Vətən sevgisidir. Telefonda digər funksiyalar yaransa da, insanın hisləri dəyişmir. İnsanın uşaqlıq, məktəb və tələbəlik illəri, böyüdüyü yerlər, küçələr… Heç bir vəzifə onların yerini dəyişə bilməz.

Ümumiyyətlə, diplomatiyaya gələn insan ilk növbədə vətənpərvər olmalıdır. Diplomatda Vətən sevgisi yoxdursa, o heç vaxt xaricdə ölkəsini istənilən kimi təmsil edə bilməyəcək. Müxtəlif dilləri öyrənmək, müxtəlif təhsillərə yiyələnmək də olar. Amma Vətən sevgisi həmişə içində olmalıdır.

– Bilmək olar, neçə övladınız var?

– İki övladım var. Böyük oğlum hazırda Kanadada mühəndislik üzrə təhsil alır. Qızım isə bu il Fransanın dizaynerlik üzrə akademiyasına daxil olub. Həmin fakültənin Türkiyədə filialı olduğundan qərar vermişik ki, orada təhsilini davam etdirsin. Buna da səbəb var. Çünki diplomatların uşaqları xarici mühitdə böyüyürlər və Vətən anlayışı onlar üçün fərqli olur. Qızımın 18 yaşı var. 18 ilin 14 ilini xaricdə keçirib. Mənim gəzdiyim küçələri gəzməyib. Düzdür, evdə ailə  mədəniyyətini görürlər. Amma mühit də çox önəmlidir. Türkiyə isə qardaş ölkə olması ilə yanaşı bizim mühitə və Vətənə yaxındır. Braziliyadan isə Azərbaycana gəlmək üçün 36 saat vaxt keçməlisən.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image