Ukraynada 2022-ci il fevralın 24-dən 2023-cü il fevralın 15-dək 8 mindən çox mülki vətəndaş həlak olub, 13 mindən çoxu isə yaralanıb. Bu barədə BMT Ali Komissarlığı İnsan Hüquqları üzrə idarəsinin məruzəsində yazılır.
Qurum həlak olan və yaralananların sayının bundan xeyli çox olduğunu bildirib. Belə ki, hazırda məlumatların hamısını yoxlamaq və dəqiqləşdirmək mümkünsüzdür.
İndiyə qədər Ukraynanın 1141 yaşayış məntəqəsində ümumilikdə 21 min 293 mülki itkinin (8006 ölü və 13 min 287 yaralı) olduğu təsdiqlənib. Əhali arasında ən çox tələfat 2022-ci ilin martında müşahidə edilib: 3918 ölü və 2967 yaralı.
BMT həmçinin Donetsk vilayətində 3810, Xarkovda 924, Luqanskda 485 dinc sakinin hərbi əməliyyatlar nəticəsində həlak olduğunu qeydə alıb.