“Prezident İlham Əliyevlə 3 strateji məsələdə müttəfiq ola bilərik, 3 həyati məsələdə maraqlarımız üst-üstə düşə bilər: 1) Ölkənin ərazi bütövlüyü – Qarabağ məsələsi, 2) Müstəqilliyimizin qorunması, 3) Geniş anlamda Qərbə inteqrasiya (Türkiyə də Qərbdədir) – hər üç məsələdə müxaliflik etmək mənasız söz oyunu və cığallıqdır”.
Veteninfo.az xəbər verir ki, bu barədə REAL funksioneri Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, dünən İlham Əliyevin Rusiyaya ünvanlanan kəskin çıxışı, Kremlə ünvanlanan sualları onu deməyə əsas verir ki, Kremlin birbaşa və sözçüləri vasitəsi ilə Putin Klubuna – Avrasiya İttifaqı və “ODKB”-yə dartma cəhdindən hakimiyyət də narahatdır:
“Çox güman ki, Lukaşenko da bu məsələ üçün gəlmişdi. Hətta bunu öz marağına görə (Əliyev özündən üstə duran qurumları istəmir) etsə belə, yenə də bu, bizim – müxalifətin maraqları ilə üst-üstə düşən yanaşmadır. Çünki, əsas şəxslər deyil, heç bir avtoritar lider 100 il hakimiyyətdə qalmır, qala bilməz.
Azərbaycan heç bir halda Kremlin diriltməyə çalışdığı “SSRİ-də”, bunun prototipi olan Avrasiya İttifaqı və “ODKB” ola bilməz! Nə qədər ki, Əliyev də bunu istəyir, bu məsələdə həmrəyik, müttəfiq ola bilərik – bu təzyiqlərə dözmək üçün isə yeni sistem, yeni Ana Yasa, yeni Parlament olmazsa olmazdır. Bir şəxs üzərinə inşa edilən idarəetmə modeli indi çox təhlükəlidir, bizə çoxsəsli, qəliz, amma doğru qərarvermə mexanizmi olan, sağlam Dövlətçilik modeli lazımdır ki, bir nəfərə artan təzyiqi Parlament və siyasi partiyalar amortizasiya edə bilsin”.