İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Qəzza zolağının sabitləşdirilməsini nəzərdə tutan və ötən həftə imzalanmış “Sülh Şurası” razılaşması ilə bağlı fikir ayrılıqlarının mövcud olduğunu bəyan edib.
Vətəninfo.az xəbər verir ki, Netanyahu bu açıqlamanı “Sülh Şurası”nın baş danışıqçısı Nikolay Mladenovla keçirdiyi görüşdən sonra verib. O bildirib ki, HƏMAS-la əldə olunan son razılaşmanın bəzi müddəaları ilə bağlı ABŞ Prezidenti Donald Trampla fərqli mövqelərə malikdir.
İsrailin Baş naziri vurğulayıb ki, HƏMAS yenidənqurma mərhələsinə keçməzdən əvvəl tam şəkildə tərksilah edilməli, Qəzza zolağı isə silahlardan təmizlənməlidir.
Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası”nın HƏMAS ilə “tarixi razılaşma” əldə etdiyini açıqlamışdı. Trampın sözlərinə görə, razılaşma HƏMAS-ın silahları təhvil verməsini və İsrail ordusunun müharibədən zərər görmüş Qəzza zolağından çıxmasını nəzərdə tutur.
Lakin daha sonra “Sülh Şurası” bəyan edib ki, İsrail qoşunlarının Qəzzadan mərhələli şəkildə çıxarılması yalnız HƏMAS-ın tam tərksilah edilməsindən sonra həyata keçiriləcək.
Şuranın yaydığı açıqlamada qeyd olunub ki, İsrail Müdafiə Qüvvələrinin müəyyən edilmiş mövqelərdən geri çəkilməsi HƏMAS-ın vasitəçilər qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq tərksilah prosesinin tam başa çatmasından sonra mümkün olacaq. Bildirilib ki, bu öhdəlik yüngül və ağır silahları, eləcə də tunellərin ləğvini əhatə edir.


























