İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma məsələsinə münasibət bildirib. O, Ankara ilə birbaşa münaqişənin qarşısını almağa çalışdığını vurğulayıb.
Vətəninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Netanyahu seçkilər ərəfəsində keçirdiyi mətbuat konfransında Türkiyə ilə münasibətlər və ABŞ Prezidenti Donald Trampla bu məsələdə mövcud fikir ayrılıqları barədə danışıb.
Baş nazir Türkiyə ilə birbaşa hərbi qarşıdurma ehtimalı ilə bağlı suala cavabında deyib: “Ümid edirəm ki, birbaşa münaqişəyə girməyəcəyik. Mən bunun qarşısını almağa çalışıram”.
Netanyahu Türkiyəni regional ittifaqlar xəritəsində göstərib
Netanyahunun mətbuat konfransı zamanı istifadə etdiyi Yaxın Şərqdəki regional ittifaqları əks etdirən xəritə də diqqət çəkib.
Xəritədə Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Pakistan eyni qrupda göstərilib. Bu ölkələr xəritənin izah hissəsində “Türkiyə–Misir–Pakistan–Səudiyyə Ərəbistanı Sünni Almaz İttifaqı” adı altında təsnif edilib.
İsrail, Yunanıstan və Birləşmiş Ərəb Əmirlikləri isə xəritədə “dost ölkələr” kimi qeyd olunub.
Xəritə İsrail rəhbərliyinin regiondakı siyasi və strateji münasibətlərə dair yanaşmasını əks etdirən material kimi diqqət çəkib.
İsrailin baş naziri ABŞ Prezidenti Donald Trampla Türkiyəyə münasibətdə fikir ayrılıqlarının olduğunu da açıqlayıb.
“Trampla fikir ayrılığımız olan məsələlərdən biri də Türkiyədir”, – deyə Netanyahu bildirib.
O, Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxın münasibətlərinə diqqət çəkərək ABŞ və İsrailin bu məsələyə fərqli yanaşdığını vurğulayıb.
“Bildiyiniz kimi, Trampın Prezident Ərdoğanla sıx əlaqələri var. Tramp ABŞ-ın maraqlarını düşünür, mən isə İsrailin maraqlarını nəzərə almalıyam. Dediyim kimi, Türkiyə məsələsində fikir ayrılıqlarımız var”, – deyə Netanyahu qeyd edib.
Netanyahunun açıqlamaları İsrail-Türkiyə münasibətləri və regiondakı güc balansı ətrafında müzakirələri yenidən gündəmə gətirib. Bununla belə, baş nazirin birbaşa qarşıdurmadan yayınmağa çalışdıqlarını bildirməsi iki ölkə arasında müharibənin qaçılmaz olduğu anlamına gəlmir.


























