Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Akif Məcidovun cinayət işinin təfərrüatı məlum olub.
Vətəninfo.az xəbər verir ki, qətlin baş verməsinə səbəb kafedə tərəflər arasında baş vermiş kiçik mübahisə olub.
Akif Məcidov yüksək səslə danışdığı üçün Zaur Nemətov ona irad bildirib. Aralarında mübahisə yaranıb və sonu qətllə bitib.
Hadisə ötən ilin iyun ayında Bakının Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən “Qala kafesi”ndə baş verib.
Akif Məcidov mərhum Zaur və daha iki dostu ilə hadisə günü kafedə olublar. Onlar pivə içiblər. Bu zaman Akif telefonla başqa bir dostu ilə danışırmış. Akifin yüksək səslə danışmasına görə Zaur ona irad bildirib.
“Mənə dedi ki, baş-beynimizi xarab etmə. Mən də pis oldum. Sonra onunla mübahisə etdik. Məni təhqir etməyə başladı. Əlbəyaxa olanda uşaqlar bizi ayırdı. Sakitləşəndən sonra yenə masa arxasında oturduq. Bu zaman o, mənə yenə şillə vurdu. Məni yıxıb üstümdə oturdu. Məndən cüssəli idi. Ürəyim xəstə olduğu üçün nəfəs ala bilmirdim. Onu vurmaq fikrim yox idi, amma özümü qorumalı idim. Bıçaqla onun əlinə vuracaqdım. Amma xəstəxanada bildim ki, ürəyinə dəyib”, – deyə Akif ifadəsində göstərib.
Mərhumun atası məhkəmədə ifadə verən zaman Akif Məcidovu bağışladığını deyib.
Mərhumun anası Bahariyyə Nemətova isə oğlunun ölümündə hadisə yerində olan digər şəxslərin də əlinin olduğunu bildirib. Deyib ki, oğlunun üzərindəki bütün əşyalar götürülüb. Ana iddia edir ki, Akifi hadisə yerinə Zauru öldürmək üçün çağırıblar.
Mərhumun anası deyib ki, oğlunun bədənində başqa xəsarətlər də olub:
“İstintaqda bunları dedim, amma fikir verən olmadı”.
Mərhumun həyat yoldaşının ifadəsində diqqət çəkən məqam olub. Deyib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham dəyişdirilmədən ona cəza verilsin. Əlavə edib ki, bu fikirlərinə görə onları təhdid edirlər.
Xatırladaq ki, Akif Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.Musavat.com