Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Həmid parkda əvvəllər tanımadığı Abbasa (adlar şərti verilib – red.) xəsarət yetirib.
Hadisə ötən il iyulun 12-də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Heydər Əliyev parkında baş verib.
Həmid parkda Abbasın ona qızı yaşında qızlara sataşmamasını irad bildirməsini bəhanə edib və boğaz nahiyəsinə vurub.
İstintaq orqanı tərəfindən Həmidin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həmid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Abbası əvvəllər tanımayıb, onunla heç bir münasibəti olmayıb: “İyulun 12-də təxminən saat 20.30-da 9-cu mikrorayon ərazisində yerləşən parkda bir qadından xoşum gəldiyi üçün ona yaxınlaşmağa qərar verdim. Qadına yaxınlaşdım və onunla söhbət etməyə başladım. Qadını əvvəlcədən tanıyırdım, onunla fikrim ciddi idi. Onun təxminən 25 yaşı olardı.
O mənə qızım yaşında olduğunu dedi, ondan uzaqlaşmağımı istədi. Dedim ki, hazırki vaxtda 70-75 yaşlı kişilər sütül qızlarla evlənirlər. Bu sözümə qız güldü. Bu vaxt tanımadığım bir oğlan yaxınlaşaraq mənə həmin qadının qızım yaşda olduğunu, ondan uzaq gəzməli olduğumu bildirdi.
Ona məndən aralı dayanmasını bildirsəm də, çəkmədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra həmin şəxs onun köynəyindən tutub və onu təhqir etməyə başlayıb: “Mən də əsəbləşdim, üzərimdə gəzdirdiyim cib bıçağını çıxardım. Boğaz nahiyəsinə vuraraq xəsarət yetirdim. Onun boğazından az miqdarda qan gördüm və qaçmağa başladım. Arxamca düşüb mənə şillə-təpik vurmaq istəsə də, çata bilmədi. Əlimdə olan cib bıçağını parkın girəcəyindəki yerə atdım və evə getdim”.
Həmid deyib ki, həmin gün saat 01.30-da polis əməkdaşları onu 3-cü polis bölməsinə dəvət ediblər və ondan baş vermiş hadisə barədə soruşublar: “Mən hər şeyi olduğu kimi danışdım. Xəsarət yetirdiyim şəxs tək olub, ətrafda tanımadığım 2-3 nəfər də görmüşəm. Söhbət etdiyim qızdan başqa bir qız da vardı. Aramızda mübahisə düşəndə tanımadığım xanımlar oradan getdilər”.
İş üzrə zərərçəkmiş Abbasın sözlərinə görə, əmisi Vəlinin yaşadığı Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi ərazisindəki evinə qonaq gəlib: “Təxminən 30 dəqiqə oturduqdan sonra əmim qızı 2014-cü il təvəllüdlü Bahar, əmim oğlu 2016-cı il təvəllüdlü Vüsal, bibim oğlu 2015-ci il təvəllüdlü Samirlə gəzmək üçün Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Heydər parkına getdik.
Parkda uşaqlar oynadılar, özüm skamyada oturdum. Təxminən məndən 20-25 metr aralı məsafədə ayaq üstə olan bir nəfər 35-40 yaşında olan kişinin iki nəfər azyaşlı xanıma “gəl səninlə ailə quraq və tanış olaq” dediyini, xanımların ona “utanmırsanmı, sənin qızın yaşmdayam” dediyini eşitdim. Ayağa qalxaraq onlara salam verdim və həmin kişinin yaşını soruşdum. O, 42 yaşı olduğunu bildirdi. “Utanmırsanmı qızın yaşda uşağa tanış olaq deyirsən” dedim.
Həmin şəxs dedi ki, Allah belə şeylər eləməyi və ailə həyatı qurmağı buyurur. “Allahı bu söhbətə qatma” dedim. Daha sonra ona bildirdim ki, gəl başqa adamlardan soruşaq, görək sən düz hərəkət edirsən… “Kimdən istiyirsən gəl soruşaq” dedi. Tanımadığım bir oğlan yoldan keçərkən ondan 42 yaşlı kişinin özündən dəfələrlə kiçik xanıma yaxınlaşaraq tanış olmasının düzgün olub-olmadığını soruşduq. O da bu hərəkətin düzgün olmadığını deyərək getdi.
Ona “gördünmü, səhv hərəkətdir” deyə bildirdim. Təkidlə düz etdiyini əl-qol hərəkətləri ilə söyləyındə ona əllə danışmağı irad tutdum. O da mənə məhləyə keçərək söhbət etməyi dedi. Yanımda azyaşlı uşaqlar olduğunu, uşaqların atasının gəldiyini, “gözlə gəlsin, gedək, söhbətimizi edək” dedim”.
Zərərçəkmiş qeyd edib ki, parkdan çıxaraq yolun kənarında dayanıb və təxminən 20 dəqiqə sonra yenidən həmin şəxsə yaxınlaşıb: “O, ayağa qalxdı və məni vuracağını hiss etdim. Ona namaza 5 dəqiqə qaldığını, tələsdiyimi dedim. Cibindən çıxartıdığı bıçaqla boğaz nahiyəmə bir dəfə vurdu. Mən onu itələyətək qaçdım. Təxminən 100 metr qaçaraq yerə yıxıldım.
Boğazımdan qan gəldiyini gördüm və əynimdəki köynəyi boğazıma sarıdım. Mən yoldan keçən şəxsə əmim Vəlinin mobil nömrəsini verdim və ona zəng etməsini xahiş elədim. Təxminən iki dəqiqə sonra əmim gəldi. Məni Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına apardı”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Həmidin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 5 ay 28 gün müddətinə şərti cəza təyin olunub./Teleqraf.com