image-arzuman_muradli-yeni_foto_-2backend

“Paşinyan hələ də nağıllara inanır” -Arzuman Muradlı

image-reklam_sirab_01

Fevralın 18-də Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistan rəhbərləri təxminən 3 ay yarımlıq fasilədən sonra bir araya gəldilər. Budəfəki görüş ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə baş tutdu. Maraqlı idi ki, bu görüş ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanın Münhenə gəlməyəcəyi deyilsə də Paşinyan Almaniyaya son anda yollandı.

Məlum olduğu kimi, görüşdən sonra açıqlama verən İlham Əliyev danışıqları konstruktiv adlandırıb. Bildirib ki, ilk baxışda Ermənistanın mövqeyində tərəqqi var, lakin bu kifayət deyil. Prezident həmçinin deyib ki, sülh müqaviləsinin mətnində Qarabağla bağlı heç bir bənd ola bilməz: “Müqavilə beynəlxalq hüquq prinsipləri əsasında hazırlanmalıdır, orada Qarabağla bağlı hər hansı qeyd yolverilməzdir”. Əliyev habelə Fransanın danışıqlarda vasitəçiliyinin mümkünsüzlüyünü bir daha bəyan edib. “Vasitəçisənsə, neytral, qərəzsiz mövqedə olmalısan”, – söyləyib.
“Azərbaycan da ən yüksək səviyyədə Münhen Konfransında hər zaman təmsil olunub. Ölkəmizin qlobal gücə çevrilməsi baxımdan Azərbaycanın dünyanın aparıcı tədbirlərinə rəğbət görməsi labüd prosesdir. Digər tərəfdən, Blinkenin moderatorluğu ilə cənab Prezidentin Paşinyanla görüşünün keçirilməsi müstəsna əhəmiyyətə malikdir. ABŞ prosesin Moskva mərkəzli irəliləməsini əsla istəmir və qəbul etmir”. – bu fikirləri Vətəninfo.az-a açıqlamasında  “Mili İnkişaf” İctimai Birliyinin sədri, politoloq  Arzuman Muradlı bildirib.

Arzuman Muradlının sözlərinə görə, ABŞ-ın prosesdəki fəallığının üç vacib nəticəsi var: “Birincisi, Cənubi Qafqazda bir gücün hegemonluğu olmur; ikincisi, arada yalnız Rusiyanın geopolitik çıxarları ucbatından ləngimələr səngiyir; üçüncüsü, Rusiyanın vəziyyəti istədiyi kimi yönləndirmək meyarları aradan qalxır. Amma dediyim kimi, Münhendə hansısa bəyanatın indiki məqamda gözlənilməsi mümkün deyildi”.

Politoloq hesab edir ki, rəsmi Paris hazırda təkcə Rusiyanın deyil, Avropa İttifaqı və rəsmi Vaşinqtonun da vasitəçiliyini hər cəhdlə sabotaj edir: “Parisin ikili maraqları var. Birincisi, Ermənistan vasitəsilə Cənubi Qafqaza daxil olmaq. İkincisi isə yeni siyasi formasiyalarda qlobal vasitəçi qismində çıxış etmək. Rusiya isə Vaşinqtonun moderatorluğuna Parisdən daha sakit yanaşır. Rusiyaya bəllidir ki, ABŞ nə qədər prosesə qoşulmaq istəsə də, Ermənistan tamamilə Kremldən asılıdır. İndiki məqamda Paşinyan ABŞ mərkəzli görüşlərdən qaça bilmir. Baxmayaraq ki, Azərbaycanın səyi ilə Paris ikitərəfli proseslərdə əsla yer almır, Ermənistanın da çıxış yolu yoxdur. Növbəti görüşün ABŞ-ın dəstəyi ilə Brüssel, ya da Tiflisdə keçirilməsi labüddür”.

Arzuman Muradlı hesab edir ki, rəsmi İrəvan hələ də nağıllara inanır.

“Nikol Paşinyan ikili oyun oynamaqla nağıllara inandığını göstərir. Lakin görünən odur ki, tezliklə rəsmi İrəvan Rusiya tərəfindən cəzalandırılacaq” -deyə politoloq əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki