image-iran-atom-696x391backend

Pentaqon konkret vaxt qoydu: İran atom bombasından “12 günlük məsafədədir”

image-reklam_sirab_01

Pentaqonun vəzifəli rəsmilərindən biri bəyan edib ki, İran “12 gün ərzində” atom bombası hazırlamaq üçün kifayət qədər zəngin nüvə materialına malik ola bilər.

Tehran 2015-ci ildə dünya gücləri ilə nüvə sazişi (JCPOA) imzalayanda bu zaman məsafəsi 1 il olaraq qiymətləndirilirdi.

ABŞ müdafiə nazirinin müavini Kolin Kal (Colin Kahl) bu bəyanatı Konqresin Nümayəndələr Palatasında keçirilən dinləmə zamanı verib.

Respublikaçı millət vəkilləri Kalı Bayden administrasiyasının İranla nüvə sazişinin dirçəldilməsinə niyə çalışdığına dair suallarla sıxışdırırdılar.

Çətin suallar
Reuters yazır ki, Müdafiə Nazirliyində vəzifəsinə görə üçüncü şəxs olan Kal nəhayət bu suala cavab verməli olub:

“Çünki biz JCPOA sazişindən çıxandan sonra İran nüvə sahəsində heyrətamiz irəliləyişə nail olub. 2018-ci ildə, bundan əvvəlki administrasiya JCPOA sazişini tərk etməyi qərara alanda İran bir bombalıq nüvə yanacağının istehsalına 12 ay vaxt sərf etməli idi. İndi isə o bunu 12 gün ərzində edə bilər”.

Kal daha sonra sözünə davam edib:

“Odur ki, mənim fikrimcə əgər siz məsələni diplomatik yolla həll edib nüvə proqramına məhdudiyyətləri qaytara bilsəniz, bu, bütün başqa variantlardan daha yaxşıdır. Amma hazırda JCPOA dondurulmuş vəziyyətdədir”.

İranın bomba yaratmaq texnologiyası varmı?
ABŞ rəsmiləri bundan əvvəl İranın atom bombası üçün lazımi yanacağı hazırlamaq müddəti barədə danışarkən “həftələrlə” sözünü işlədirdilər. Amma Kolin Kal ilk dəfə olaraq daha dəqiq müddət deyib.

Lakin rəsmilər İranın bomba üçün kifayət zənginlikdə yanacağa malik olmasına baxmayaraq nüvə bombasının hazırlanması texnologiyasına çatmadığına inanırlar.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın (Donald Trump) tərk etdiyi 2015-ci il nüvə sazişi İranın öz nüvə fəaliyyətini məhdudlaşadırması müqabilində Tehranın üzərindəki sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

ABŞ-ın sanksiyaları bərpa edildikdən sonra İran nüvə sazişi üzrə öhdəliklərindən geri çəkilib və uranın zənginləşdirilməsi prosesini davam etdirib.

Tehran onun nüvə proqramının dinc səciyyə daşıdığında israr etsə də, ABŞ, Avropa İttifaqı və İsrail buna inanmırlar.

Bayden son iki ildə 2015-ci il sazişini dirçəltməyə çalışsa da, buna nail ola bilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki