image-peskov1646303918backend

Peskovdan Paşinyana cavab: “Azərbaycan bizim çox dəyərli tərəfdaşımızdır”

image-reklam_sirab_01

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov əmin edib ki, Rusiya Ermənistan və Azərbaycan arasında nizamlanmaya kömək etməkdə davam edəcək.

Kremlin sözçüsü bu gün jurnalistlərə bildirib ki, “Rusiya Federasiyası, ilk növbədə, üçtərəfli əsasda əldə edilmiş razılaşmaları yerinə yetirməklə, vasitəçilik səylərini davam etdirir və davam etdirmək niyyətindədir”.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə axşamı MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Laçın dəhlizi mövzusunu müzakirə ediblər. “Laçın dəhlizi mövzusu həqiqətən də ötən gün Sankt-Peterburqda Putinlə Paşinyan arasında çox ətraflı müzakirə olunub, bu mövzuda söhbətlər davam edəcək”, – Kreml sözçüsü bildirib.

“Biz həqiqətən də Laçın dəhlizi ətrafında yaranmış gərginlikdən narahatıq”, – o vurğulayıb.

Peskov əmin edib ki, “Rusiya tərəfi həm İrəvanla təmasda, həm də Bakı ilə təmasda öz işini və səylərini davam etdirəcək”.

Paşinyanın Azərbaycanın Qarabağ bölgəsinə beynəlxalq sülhməramlılar göndərmək ideyasından danışan Peskov qeyd edib ki, “münaqişənin hər iki tərəfi bununla razılaşarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər”.

“Bu, təkcə Ermənistandan deyil, həm də Azərbaycandan asılıdır”, – o vurğulayıb. “Ermənistan bizim ən yaxın müttəfiqlərimizdən biridir, Azərbaycan bizim çox dəyərli və əziz tərəfdaşımızdır”, – Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, Nikol Paşinyan bu gün bildirib ki, Ermənistan hökuməti Rusiyadan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizinin Azərbaycan tərəfindən bloklanmasının qarşısının alınması üçün yol xəritəsi gözləyir. Ermənistanın baş nazirinin sözlərinə görə, “Rusiya Federasiyası obyektiv və ya subyektiv səbəblərə görə “Dağlıq Qarabağ”da sabitlik və təhlükəsizliyi təmin edə bilmirsə, o, BMT Təhlükəsizlik Şurasında Rusiyanın sülhməramlı qüvvələrinə hüquq verilməsi məsələsinin müzakirəsinə başlamalıdır. BMT Təhlükəsizlik Şurasının mandatı ilə “Dağlıq Qarabağ”a əlavə çoxmillətli sülhməramlı qüvvələr göndərilməlidir.

Xatırladaq ki, Laçın dəhlizi Ermənistanla Azərbaycanın hazırda erməni separatçılarının nəzarətində olan Xankəndi və digər əraziləri birləşdirən yeganə yoldur. Dekabrın 12-də azərbaycanlı ekofəalları Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Laçın dəhlizinin qarşısını kəsib. Rəsmi Bakı bəyan edib ki, etiraz aksiyasının məqsədi heç bir yolu bağlamaq deyil və mülki nəqliyyat vasitələri hər iki istiqamətdə sərbəst hərəkət edə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki