İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın 18 iyun tarixində imzalanmış atəşkəs memorandumunun şərtlərini yerinə yetirməyə məcbur edilməli olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində etdiyi paylaşımda danışıb.
Pezeşkianın sözlərinə görə, sözügedən memorandum İran Ali Milli Təhlükəsizlik Şurasının üzvlərinin ortaq qərarı əsasında hazırlanıb və sənəd bütün üzvlərin razılığı ilə qəbul edilib.
“İmzalanmış memorandum Milli Təhlükəsizlik Şurası üzvlərinin kollektiv müdrikliyinin nəticəsi idi və bütün üzvlər bununla razıdırlar. İnanıram ki, bu memorandum gələcəkdə xarici əlaqələrimizin əsas istiqamətlərindən birinə çevriləcək”, – deyə İran prezidenti qeyd edib.
O vurğulayıb ki, Tehran Vaşinqtonun imzaladığı öhdəliklərə əməl etməsini təmin etmək üçün səylərini davam etdirməlidir.
“Düşməni imzalanmış öhdəliklərə əməl etməyə məcbur etməyə çalışmalıyıq”, – deyə Pezeşkian bildirib.
İran prezidenti əlavə edib ki, memorandumun icrası ölkənin milli təhlükəsizliyinin, regionda sabitliyin və İranın müttəfiqlərinin təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcək.
Qeyd edək ki, ABŞ və İran arasında atəşkəs memorandumu bu il iyunun 18-də Pakistan və Qətərin vasitəçiliyi ilə imzalanıb. Bununla belə, tərəflər sonrakı dövrdə sənədin bir neçə dəfə pozulduğunu qarşılıqlı şəkildə bəyan ediblər.


























