Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Hörmüz boğazında yaranmış gərginliyə və su yolunun bağlanmasına ABŞ prezidenti Donald Trampın siyasəti səbəb olub. Buna baxmayaraq, Almaniya boğazda naviqasiya azadlığının bərpası və marşrutun açılması istiqamətində əməkdaşlığa hazırdır.
Pistorius qeyd edib ki, Almaniya parlamentinin (Bundestaqın) yay tətilinə qədər belə bir əməliyyata dərhal razılıq verəcəyini gözləmək düzgün olmazdı. Onun sözlərinə görə, bunun əsas səbəbi İran və ABŞ arasında əldə olunmuş ilkin razılaşmanın davamlı atəşkəslə nəticələnib-nəticələnməyəcəyinin hələ də qeyri-müəyyən qalmasıdır. Bundan əlavə, mümkün əməliyyat üçün beynəlxalq hüquqi və siyasi çərçivənin formalaşdırılmasına ehtiyac var.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması ehtimalı ilə bağlı xəbərdarlıq edib. O vurğulayıb ki, dünyanın ən mühüm enerji nəqli marşrutlarından biri hesab olunan bu su yolunda sərbəst və təhlükəsiz hərəkətin təmin edilməsi vacibdir.
Nazirin sözlərinə görə, İran və ABŞ arasında əldə olunan ilkin razılaşmanın bəzi müddəaları hələ də aydın deyil və sənəd boğazda naviqasiya azadlığına tam təminat vermir. O əlavə edib ki, bu məsələ İrana qarşı sanksiyaların gələcək taleyinə, eləcə də qlobal neft qiymətlərinin sabitləşməsi prosesinə birbaşa təsir göstərə bilər.


























