Polşa ABŞ-a Ukrayna ilə birgə “Patriot” hava hücumundan müdafiə raketlərinin istehsalını həyata keçirməyi və istehsal müəssisəsini Polşa ərazisində yerləşdirməyi təklif edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarneçka Vaşinqtona səfəri zamanı açıqlama verib.
Onun sözlərinə görə, Polşanın təklifi ABŞ, Ukrayna və Polşa arasında üçtərəfli əməkdaşlıq modelini nəzərdə tutur.
“Bu gün Polşa adından irəli sürdüyümüz təklif Amerika tərəfinin müəyyən narahatlıqlarını aradan qaldırmağa yönəlib. Biz hesab edirik ki, “Patriot” raketlərinin istehsalı ABŞ, Ukrayna və Polşa arasında birgə əməkdaşlıq çərçivəsində həyata keçirilə bilər. Polşa bu istehsalın təhlükəsiz şəraitdə təşkilini təmin etməyə hazırdır. Bu məhsula dünyada böyük tələbat var və biz onun istehsalında iştirak etmək istəyirik”, – deyə Sobkovyak-Çarneçka bildirib.
Nazir müavini qeyd edib ki, bu təşəbbüslə bağlı ABŞ, Ukrayna və Polşa arasında danışıqlar davam etdiriləcək.
Bununla yanaşı, Polşa ABŞ-a ölkə ərazisində “Patriot” sistemləri üçün texniki xidmət və təmir mərkəzinin yaradılmasını da təklif edib.
Sobkovyak-Çarneçkanın sözlərinə görə, Polşanın son illərdə müdafiə sənayesində əldə etdiyi nailiyyətlər, eləcə də ölkənin strateji coğrafi mövqeyi belə bir mərkəzin məhz Polşada fəaliyyət göstərməsini məqsədəuyğun edir.
Bundan əvvəl ABŞ-ın müdafiə sənayesi şirkəti Raytheon Ukraynada “Patriot” raketlərinin istehsalı ilə bağlı lisenziyaların verilməsi istiqamətində danışıqların aparıldığını təsdiqləmişdi. Şirkət layihənin ayrı-ayrı komponentlərin istehsalından son yığım və texniki xidmət mərhələlərinə qədər müxtəlif istiqamətləri əhatə edə biləcəyini açıqlamışdı.
ABŞ-ın digər müdafiə sənayesi nəhəngi Lockheed Martin də layihə ilə bağlı ABŞ hökuməti ilə müzakirələrin davam etdiyini bildirib.
Şirkətin Raketlər və Atəşə Nəzarət bölməsinin prezidenti Tim Kehill qeyd edib ki, layihənin həyata keçirilməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib və hazırda müxtəlif variantlar dəyərləndirilir.
Onun sözlərinə görə, Lockheed Martin ABŞ administrasiyasının və ordusunun qəbul edəcəyi qərarlara uyğun olaraq layihənin icrasında iştirak etməyə hazırdır.


























