image-fb_img_1618566181497backend

Post-münaqişə dövrünün strategiyası:əməkdaşlıq və inkişaf

image-reklam_sirab_01

Bütün müharibələrin tarixi təcrübəsi onu göstərir ki, hərbi əməliyyatların başa çatması hələ müharibənin tam başa çatması anlamına gəlmir. 44 günlük Vətən müharibəsi də bu mənada istisna deyil. Hələ keçən ilin 10 noyabr tarixində təslimçilik aktını imzalamasına baxmayaraq Ermənistan ölkəmizə qarşı düşmənçilik əməllərini hələ də davam etdirməkdədir. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin hərbi əməliyyatların dayandırılmasına dair Birgə Bəyanat imzalanmasından 2 həftə sonra da erməni hərbçilərinin terror və diversiya aktları törətmək üçün Azərbaycan ərazisinə göndərilməsi, müharibənin gedişi haqqında yalan və saxta məlumatların beynəlxalq təşkilatlara və mediaya ötürülməsi, dünya miqyasında təşkilatlanmış lobbi qurumları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyalarının təşkil edilməsi Ermənistan hökümətinin və ictimai-siyasi liderlərinin müharibədən sonra da davam edən təxribatçı əməlləridir.

Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi döyüş bölgəsində Ordumuzun şanlı qələbəsini təmin etmiş Prezident İlham Əliyev müharibədən sonrakı dövrdə informasiya müharibəsində də düşmənə layiqli və sarsıdıcı zərbələr endirməkdə davam edir. Hələ müharibə zamanı dünyanın bütün aparıcı media qurumlarına münaqişənin təfərrüatları və hərbi əməliyyatların gedişi, ölkəmizin qəti və aydın mövqeyi ilə bağlı ətraflı bilgilər vermiş Prezident bu gün də dünya ictimaiyyəti qarşısında erməni böhtanlarını və yalanlarını ifşa etməklə və post-münaqişə dövrü üçün Azərbaycanın izlədiyi dinc-yanaşı yaşayış və regional əməkdaşlıq siyasətini izah etməklə dövlətimizin uğurlu informasiya strategiyasını həyata keçirir.
“Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans müharibədən sonrakı dövrdə dövlətimizin həyata keçirdiyi bərpa-quruculuq siyasəti haqqında mesajların dünya birliyinə çatdırılması baxımından çox əhəmiyyətli bir tədbir oldu. Konfransda dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı və onların prezident Əliyevə ünvanladıqları çoxsaylı suallara verilən cavablar yaxın və uzaq perspektivdə Azərbaycanın bölgənin gələcəyinə baxışı haqqında hərtərəfli obyektiv fikir formalaşdırılmasına imkan yaratdı.
Konfransda Ermənistan tərəfindən uzun illər ərzində bölgəmizdə bəşəriyyətə qarşı cinayətlərlə müşaiyət olunan işğalçılıq siyasətinin yeridilməsi, beynəlxalq təşkilatların işğala göz yumaraq bölgədə sülhə və sabitliyə töhfə verə bilməməsi və nəhayət beynəlxalq qanunlara uyğun olaraq işğal altında qalmış torpaqlarımızın Milli Ordumuz tərəfindən azad edilməsi haqqında beynəlxalq ekspertlərə geniş və ətraflı məlumat verildi. Ermənistanın düşmənçilik niyyətlərində israrlı olmasına baxmayaraq Azərbaycan dövlətinin hərb səhifəsini qapatmaqla bölgədə əməkdaşlığa və inkişafa köklənməsi verilən şərhlərdə açıq-aydın öz əksini tapdı. İlham Əliyevin çıxışlarında regionun tarixi, bu günü və gələcəyi ilə bağlı beynəlxalq beyin mərkəzlərini düşündürən bütün suallara aydın və birmənalı cavablar tapıldı. Azərbaycan Prezidenti Birgə Bəyanatdan irəli gələn bütün tədbirlərin həyata keçirilməsinin təkcə ölkəmiz üçün deyil, eləcə də bütün bölgə dövlətləri üçün yeni əməkdaşlıq və inkişaf perspektivləri açdığını diqqətə çatdırdı. Prezident onu da vurğuladı ki, açılması nəzərdə tutulan Zəngəzur dəhlizi bölgə dövlətləri arasında iqtisadi-ticari əlaqələri canlandırmaqla bərabər həm də Ermənistanın özünün 30 ilə yaxın davam edən təcrid vəziyyətindən yaxa qurtarmasına səbəb olacaq və Azərbaycan bu layihəni dəstəkləyir. Bütün bunlar dünya birliyinə bölgəmizdə kimin kim olduğunu və hansı dövlətin nəyə xidmət etdiyini göstərmək baxımından çox faydalı oldu. Konfransda dövlətimizin daxili və xarici siyasəti ilə bağlı ekspertləri və eləcə də beynəlxalq auditoriyanı maraqlandıran bütün suallara səmimi və obyektiv cavabların verilməsi, beynəlxalq münasibətlərdə və eləcə də ölkə daxilində vətəndaş cəmiyyəti quruculuğunda Azərbaycanın şəffaf siyasət yürütməsi haqqında ekspertlərin hərtərəfli məlumatlandırılması konfrans iştirakçılarında Azərbaycan reallıqları haqqında dolğun təsəvvür yaratdı. Prezidentin mediaya açıqlığı, ən ziddiyyətli və mübahisəli məsələlərə peşəkar siyasətçi və əsil xalq lideri kimi açıq və səmimi cavablar verməklə aydınlıq gətirməsi uzun illər ərzində ölkəmizdə mediaya qarşı qapalı və qeyri- səmimi münasibətin mövcudluğu haqqında erməni təbliğatını darmadağın etdi. Konfransın gedişindən və Prezident İlham Əliyevlə birbaşa təmaslarından məmnunluğunu və heyranlığını ifadə edən beynəlxalq ekspertlər ölkəmizi özləri üçün yenidən kəşf etdiklərini bildirdilər. Konfrans Azərbaycan reallıqlarının obyektiv şəkildə beynəlxalq auditoriyaya təqdim olunması baxımından dövlətimizin informasiya siyasətinin daha bir qələbəsi kimi tarixi əhəmiyyət qazandı.
Cavanşir Feyziye


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image