image-img-20221008-wa0011backend

Praqa görüşü sülhə ümidləri artırır

image-reklam_sirab_01

Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfəri kifayət qədər uğurlu oldu. Həm Azərbaycan-Avropa İttifaqı münasibətləri, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi kontekstində dövlətimizin başçısının keçirdiyi görüşlər, aparılan müzakirələr bir daha təsdiqləyir ki, ölkəmizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənməkdədir.
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” Zirvə Toplantısına dəvət olunması və iştirakı dövlətimizin başçısının beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir. Ümumilikdə, “Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. 44 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə ilk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirib.
Praqada ən diqqət mərkəzində olan məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlardır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki dəfə görüş keçirilib. Görüşlərin nəticəsi olaraq bəyanat qəbul olunub. Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.
Bu görüş regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində növbəti addımdır. Prezident İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir.
Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bütün bunların fonunda Brüssel görüşü və onun nəticələrinin geosiyasi kontekstdə analizinə ciddi ehtiyac duyulur. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra hər bir çıxışında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır.
Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Bundan əlavə, ölkə başçısı Qarabağda yaşayan ermənilərlə bağlı dövlətimizin aydın mövqeyini ifadə etdi. Bu ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar bütün vətəndaşlar kimi hüquqlardan istifadə edəcəklər. Görüşdə, həmçinin kommunikasiya xətlərinin bərpası məsələsi də diqqət mərkəzində olub. Bütövlükdə, Praqada keçirilən görüşlər regionumuzda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılması üçün böyük ümidlər yaradır.

Tariyel Əhmədzadə – AMEA Huquq və Insan Haqlari İnstitunun
baş mütəxəssisi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image