Çexiya hökuməti ölkə Prezidenti Petr Paveli gələn ay keçiriləcək NATO sammitində iştirak edəcək rəsmi nümayəndə heyətinə daxil etməmək qərarına gəlib.
Vətəninfo.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, qərar hökumətin xarici və müdafiə siyasəti ilə bağlı mövqeyini sammitdə birbaşa təqdim etmək istəyi ilə əlaqələndirilir. Çexiyanın baş naziri Andrey Babiş bildirib ki, hökumət NATO çərçivəsində, o cümlədən müdafiə xərcləri ilə bağlı öz mövqeyini müdafiə etməlidir.
“Bu, xüsusi əhəmiyyət daşıyan sammitdir. Bəzi məsələlər ölkəmiz üçün asan olmaya bilər, lakin mövqeyimizi müdafiə etmək bizim məsuliyyətimizdir”, – deyə Babiş vurğulayıb.
Reuters xatırladır ki, Çexiya Konstitusiyasına əsasən, prezidentin səlahiyyətləri məhduddur və ölkənin xarici siyasət kursunu hökumət müəyyənləşdirir. Bununla belə, Çexiyanın 1999-cu ildə NATO-ya üzv olmasından sonra prezidentlər adətən ölkənin nümayəndə heyətinə rəhbərlik ediblər.
Qeyd edək ki, Petr Pavel 2015–2018-ci illərdə NATO Hərbi Komitəsinin sədri vəzifəsində çalışıb və Alyansın ən yüksək hərbi rəhbərliyində təmsil olunan ilk çex siyasətçilərdən biri olub.
Məlumata görə, Çexiya rəhbərliyi arasında Ukraynaya hərbi dəstək məsələsində də fikir ayrılıqları mövcuddur. Prezident Petr Pavel hökumətin Ukrayna üçün sursat alınmasına dəstəyin azaldılması ilə bağlı qərarını tənqid edib.
Pavel bildirib ki, Çexiyanın təşəbbüsü Ukraynanın iriçaplı sursat ehtiyaclarının qarşılanmasında mühüm rol oynayır və hazırda bu sahədə ən effektiv mexanizmlərdən biri hesab olunur.
Onun sözlərinə görə, təşəbbüs çərçivəsində bu il Ukraynaya təxminən bir milyon ədəd sursat çatdırılması planlaşdırılır. Lakin bəzi müttəfiq ölkələrin layihəyə maliyyə dəstəyi göstərmək marağının tədricən azalması müşahidə olunur.
Məlumata əsasən, ötən il 18 ölkənin qoşulduğu təşəbbüsü hazırda yalnız doqquz ölkə maliyyələşdirir.


























