Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə general-mayor Mayis Bərxudarova “general-leytenant” ali hərbi rütbəsi verilib.
Mayis Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş növü ilə məşğul olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra Mayis Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1993-cü ildə cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırıb və cəbhəyə yollanmaq üçün hələ tez olduğunu bildirib.
1998-ci ildə baş-leytenant Mayis Bərxudarov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Bu ordeni M.Bərxudarova ulu öndər Heydər Əliyev təqdim edib. 2012-ci ildə polkovnik Mayis Bərxudarov “Vətən uğrunda” medalı ilə təltif edilib.
2016-cı il, aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mayis Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak edib, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak edib, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mayis Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb. Ali Baş Komandan İlham Əliyevin əmrini peşəkarlıqla və ləyaqətlə yerinə yetirərək Lələtəpə yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə düşmənə qan udduran Mayis Bərxudarova general-mayor rütbəsi verilib.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Bərxudarov “Cəbrayılın azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən isə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.