Azərbaycan Prezident Administrasiyası separatçılara Bakıda görüşməyi təklif emişdi, qəbul etmədilər, təklif təkrarlandı, yenə gəlmədilər. Rəsmi Bakının bu təşəbbüsləri beynəlxalq aləmdə müsbət qarşılandı, Azərbaycan hakimiyyətinin Qarabağ erməniləri ilə dialoq tərəfdarı olduğu fikrini gücləndirdi. Dialoq müstəvisində üstünlüyün rəsmi Bakının tərəfinə keçdiyini anlayan və görüşlərdən imtina edən separatçılar bu vəziyyətdən çıxmaq üçün qarşılıqlı təkliflə çıxış ediblər: “Humanitar mövzuların müzakirəsi üçün Rusiya sülhməramlılarının dislokasiya oldunuğu Qarabağ ərazisində görüşək”. Separatçılar bu “təkliflə” həm özlərini dialoqa hazır olan tərəf kimi göstərməyə çalışır, həm də görüşün Rusiyanın vasitəçiliyi ilə keçirilməsini istəməklə Moskvanın dəstəyini qazanmağa ümid edirlər. Bakıda görüş təklifində Rusiya sülhməramlılarının iştirakı nəzərdə tutulmamışdı. Separatçılar isə yeni “təklifləriylə” Moskvaya mesaj göndərirlər ki, “Bakı rusiyalı sülhməramlıların vasitəçiliyini istəmədiyi halda, biz bu vasitəçilikdə israr edirik”.
Erməni separatçılarının dialoq “təklifinə” necə reaksiya verilə bilər?
Birinci reaksiya bundan ibarət ola bilər ki, Azərbaycan təmsilçiləri rusiyalı sülhməramlıların vasitəçiliyi ilə ermənilərlə bir neçə dəfə Qarabağ ərazisində görüşüblər, növbəti görüşün Bakıda keçirilməsi təklifi qüvvədə qalır. Hər dəfə separatçıların dediyi olmayacaq, bizim təklifimizi qəbul etmirlərsə, biz niyə onların “təklifini” qəbul etməliyik? Digər tərəfdən separatçılar görüşdə “humanitar məsələlərin” müzakirəsini istəyirlərsə, biz onlarla reinteqrasiya mövzularını müzakirə etməkdə israrlıyıq. Onlar bu mövzunu müzakirə etmək istəmirlərsə, biz niyə onların istədiyi məsələləri müzakirə etməliyik?
İkinci reaksiya bundan ibarət ola bilər ki, rusiyalı sülhməramlıların dislokasiya yeri olan Xocalıda yenə ermənilərlə görüş mümkündür. Danışıqlarda nəticə olmasa belə, biz bununla beynəlxalq aləmə ermənilərlə dialoqdan imtina etmədiyimizi göstərərik. Qarabağın tamamı Azərbaycana aiddir, istənilən yerdə görüş mümkündür. Həmin görüşdə növbəti təmasın Bakıda keçirilməsi təklif olunmalı, bu dəfə də imtina edərlərsə, bunun dialoqun dayandırılacağı anlamına gəldiyi ermənilərə bildirilməlidir.
Elxan Şahinoğlu
Politoloq