“Qarabağa səfər bileti almaq üçün yolumuzqarabaga.az saytında yalnız vətəndaş şəxsiyyət vəsiqəsindəki məlumatları daxil etmək lazım olacaq”.
Veteninfo.az xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə çıxış edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
“ASAN loqin vasitəsi ilə sayta daxil olanlar üçün məlumat daxil etməyə ehtiyac yoxdur. Vətəndaş digər şəxs üçün bilet almaq istəyirsə bu zaman onun şəxsiyyət vəsiqəsinin FİN kodunu yazması kifayətdir”, – o qeyd edib.
Fariz Cəfərovun sözlərinə görə, müəyyən imtiyazlı şəxslər Qarabağa pulsuz bilet ala biləcəklər:
“Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələri üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslərə də işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir”.