Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilmişdir və verilən tapşırıqlara əsasən, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənmişdir.
Vətəninfo.az xəbər verir ki, bunu Birinci vitse-prezidenti Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının ilk iclasında deyib.
Birinci vitse-prezident vurğulayıb ki, qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunmuşdur. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.


























