image-reklam-veteninfo
image-1backend

Qaydalar dəyişdi: Krediti belə də almaq olacaq – DETALLAR

image-reklam-veteninfo

Mərkəzi Bank kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edib. Bankdan dəyişiklikləri məsafədən maliyyə xidmətləri sahəsində risklərin azaldılması və istehlakçıların hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində normativ bazanın təkmilləşdirilməsi ilə əlaqələndiriblər.

Vətəninfo.az xəbər verir ki, bu ilin oktyabrından qüvvəyə minəcək dəyişikliklərə əsasən, müştərilərə məsafədən istehlak krediti müqavilələrinin bağlanmasına və kredit limitlərinin artırılmasına qarşı könüllü məhdudiyyət tətbiq etmək imkanı yaradılır. Bu barədə danlşan deputat Vüqar Bayramov vurğulayıb ki, riskləri nəzərə alaraq vətəndaş özü məsafədən kredit təklifini məhdudlaşdıra biləcək:

“Bu zaman, istənilən vətəndaşımız Azərbaycan Kredit Bürosu üzərindən sorğu yerləşdirməklə bütün kredit təşkilatlarınd məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoya biləcək. Yeni dəyişikliklərə əsasən, vətəndaşlar müştərisi olduqları kredit təşkilatına birbaşa müraciət etməklə yalnız həmin təşkilata məhdudiyyət tətbiq edə biləcəklər. Kredit təşkilatları məsafədən kredit rəsmiləşdirilmədən öncə bu qadağanı yoxlamalı və yalnız məhdudiyyət qoyulmadığı halda krediti verməlidirlər.

Qaydalarda digər dəyişiklik məsafədən bağlanılan istehlak krediti müqavilələri üzrə vəsaitlərin verilməsində “gözləmə müddəti”nin tətbiq edilməsidir. Belə ki, kreditin məbləği minimum əmək haqqının iki mislinədək olduqda vəsait 2 saat, bu həddi aşdıqda isə 24 saat sonra hesaba oturacaqdır”.

Millət vəkili bildirib ki, Mərkəzi Bank tərəfindən məsafədən kredit ilə bağlı qadağaların tətbiqi müsbət addım olsa da, bu daha çox ənənəvi yanaşmadır:

“Aydındır ki, bu qadağaların tətbiqinə səbəb məsafədən kredit rəsmilləşdirilməsi adı altında hakerlərin bir sıra hallarda vətəndaşları aldadaraq vəsaitlərini mənimsəməsidir. 2024-2025-ci illəri əhatə edən dövrdə kiberdələduzluq və haker hücumları nəticəsində ümumilikdə 22 milyon manatlıq maliyyə oğurluğu baş verib və 17 minə yaxın dələduzluq məqsədli bank kartı əməliyyatı qeydə alınıb. Bütün bunlar, qadağalar ilə yanaşı və yəqin ki, onlardan daha çox vacib olan təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsini aktuallaşdırıb. Azərbaycan Kredit Bürosu üzərindən bu məsələ ilə bağlı sorğu yerləşdirənlərin sayının çox olacağını proqnozlaşdırmaq çətindir. Belə olan halda, qadağa hüququndan istifadə edəcək vətəndaşlarımızın statistikası yeni qaydaların hansı formada səmərəli olduğunu göstərəcək.

“Gözləmə müddətinin” tətbiqi müsbət hal olsa da belə, daha məqsədəuyğun olardı məsafədən kreditləşmədə tranşlar tətbiq olunsun. Minimum əmək haqqının iki misli bəzi kreditlər üzrə çox az, bəziləri üçün isə kreditin əhəmiyyətli hissəsidir. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, minimum əmək haqqından çox olmamaq şərti ilə kredit məbləğinin 5 faizinədək ilkin tranş açılsın və kredit götürən şəxs tərəfindən vəsaitin alınması təsdiq olunduqdan sonra bir sutka ərzində qalan məbləğ ödənilsin.

Bütün bunlar ilə yanaşı, çox vacib məqamlardan biri də maarifləndirmədir. Vətəndaşlar arasında maliyyə və bank xidmətləri ilə bağlı maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar. Maarifləndirmə isə yalnız Mərkəzi Bank tərəfindən deyil, fərqli və xüsusən də müstəqil steykholderlər tərəfindən həyata keçirilməlidir”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki