Milli dövlətçiliyimizin sərkərdə və şair memarı
Tarixşünaslıqda Şah İsmayıl Səfəvi (Xətai) şəxsiyyəti sadəcə bir sülalənin banisi deyil, Azərbaycanın milli dövlətçilik konsepsiyasının fundamental memarı kimi xarakterizə olunur. 1501-ci ildə Təbrizin paytaxt elan edilməsi ilə başlayan bu dövr, Azərbaycan türklərinin hərbi, siyasi və linqvistik hakimiyyətinin zirvəsini təşkil edir. Səfəvilər sülaləsinin etnik mənşəyi barədə xarici tarixşünaslıqda, xüsusən İran və bəzi Qərb dairələrində irəli sürülən “kürd” və ya “fars” iddiaları ciddi elmi faktlarla təkzib olunur. V. Bartold, İ. Petruşevski və digər mötəbər şərqşünasların qeyd etdiyi kimi, sülalənin banisi Şeyx Səfiəddin İshaq və onun nəsli şübhəsiz ki, Türk mənşəlidir. Təvəkkül ibn Bəzzazın “Səffatəs-səfa” əsərində Şeyx Səfəvinin “Piri-Türk” (Türkün piri) adlandırılması və dövrün mənbələrində bu nəslin ana dilinin Azərbaycan türkcəsi olması sülalənin milli kimliyini birmənalı şəkildə müəyyən edir. Səfəvi dövləti, XV əsrdəki Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin həm ərazi, həm də hərbi-siyasi xələfi kimi formalaşmış, real əsaslara söykənən sarsılmaz bir Azərbaycan imperiyası idi.
Səfəvi dövlətinin idarəetmə sütununu təşkil edən Qızılbaşlıq, klassik şiəlikdən fərqlənən, sufi-dərviş elementləri ilə zəngin bir ideologiya idi. Bu ideologiyanın mahiyyətinə dərindən nəzər salanda görürük ki, o, bir sıra mühüm amillərlə xarakterizə olunur. Klassik cəfəri şiəliyi daha çox şəriət qaydalarına söykəndiyi halda, Qızılbaşlıq mürşid-mürid, yəni Şah və Sufi arasındakı sarsılmaz sədaqət üzərində qurulmuşdu və məhz bu bağ dövlətə müstəsna hərbi manolitlikqazandırırdı. Həmçinin Qızılbaşlıq, qədim türk tayfa ənənələri və hərbi cəngavərlik kultu ilə dərindən bağlı idi. Qacar, Şamlı, Ustaclı, Rumlu, Əfşar, Zülqədər və Təkəli kimi yeddi əsas Azərbaycan-türk tayfası bu ideologiyanın və dövlətin hərbi elitasını təşkil edirdi.
Şah İsmayılın dövlətçilik fəaliyyəti üç əsas istiqamətdə təhlil edilməlidir. Onun sərkərdəlik fəaliyyəti təkcə cəsarətə deyil, həm də dövrünün hərbi elminin dərindən mənimsənilməsinə, çevik manevr imkanlarına və yüksək psixoloji hazırlığa söykənirdi. İsmayılın sərkərdəlik bioqrafiyası hələ 1499-cu ildə, cəmi 12-13 yaşlarında Lahicandan çıxaraq Ərzincana doğru hərəkət etməsi ilə başlayır. Onun hərbi fəaliyyətini xarakterizə edən əsas faktorlar olduqca diqqətçəkəndir. İsmayılın başçılıq etdiyi Qızılbaş ordusu əsasən süvarilərdən ibarət idi. O, düşmənin sayca üstün olduğu hallarda, məsələn, 1500-cü ildə Cəbani döyüşündə 7 minlik qoşunla Fərrux Yasərin 20 minlik ordusuna qarşı sürətli manevr və düşməni gözlənilməz cinahlardan vurmaq taktikasını tətbiq edirdi. Bu, sərkərdənin “vur-qaç” deyil, “vur-məhv et” prinsipini hərbi doktrinaya çevirdiyini göstərir.
Şah İsmayıl ordusunun döyüş ruhunu yüksəltmək üçün hər zaman ən ön cəbhədə vuruşurdu. 1501-ci ildə Şərur döyüşündə Ağqoyunlu Əlvənd Mirzənin sayca qat-qat üstün olan, hətta qaçışın qarşısını almaq üçün dəvələri zəncirləmiş ordusunu darmadağın etməsi onun sərkərdəlik nüfuzunu sarsılmaz etdi. Bu döyüşdə 15 yaşlı İsmayılın göstərdiyi cəsurluq düşmən tərəfində vahimə yaradırdı. Bakı qalasının mühasirəsi zamanı şəhər hakiminin inadlı müqavimətinə qarşı Şah İsmayıl sadəcə hücumla kifayətlənməmiş, taktiki gediş edərək lağım atma, yəni yeraltı tunellərlə qala divarlarını uçurma üsulundan istifadə etmişdi. Bu, onun yalnız meydan döyüşlərində deyil, qala mühasirəsi sənətində də mahir olduğunu sübut edir. Özbək hökmdarı Şeybani xana qarşı apardığı Mərv döyüşü isə İsmayılın hərbi hiylə (stratagem) qurmaq bacarığının zirvəsidir. Sayca üstün olan düşməni qala divarları arasından çıxarmaq üçün Şah saxta geriçəkilmə manevri etmiş, düşməni pusquya salaraq darmadağın etmişdir. Bu qələbə Xorasanın Səfəvi dövlətinə qatılmasını təmin etdi.
Hərbi mütəxəssislərin rəyinə görə, Çaldıran döyüşündə Səfəvi ordusunun məğlubiyyəti sərkərdənin taktiki səhvi deyil, texnoloji qeyri-bərabərlik (odlu silah və top çatışmazlığı) idi. Buna baxmayaraq, İsmayılın şəxsən Osmanlı toplarının üstünə yeriməsi, qılıncı ilə top zəncirlərini və lülələrini kəsməsi onun hərbi tarixdə misli görünməmiş fərdi rəşadətinin nümunəsidir. Şah İsmayılın ordusu mütəşəkkil tayfa birliyi (Qacar, Şamlı, Ustaclı, Rumlu, Əfşar, Zülqədər və Təkəli) üzərində qurulmuşdu. O, sərkərdə kimi hərbi intizamı “Mürşidi-Kamil” statusu ilə birləşdirərək, hərb tarixində fədai ruhlu milli ordu konsepsiyasının əsasını qoymuşdur.
Daxili siyasətində də Şah İsmayıl Səfəvi pərakəndə Azərbaycan torpaqlarını vahid mərkəzdə birləşdirməklə yanaşı, mükəmməl bir dövlət idarəçilik sistemi yaratdı. İsmayıl dövlətin hərbi-siyasi sütunlarını Azərbaycan türk tayfaları üzərində qurdu. Sarayda yüksək vəzifələr (vəkillik, əmirül-üməralıq, qorçubaşılıq) müstəsna olaraq Azərbaycan feodallarına məxsus idi. İ. Petruşevskinin tədqiqatlarına əsasən, fars ünsürləri yalnız maliyyə və dəftərxana işlərinə cəlb edilirdi ki, bu da dövlətin milli xarakterini qoruyurdu. Paytaxt Təbrizi “Azərbaycanın anası” adlandıran Şah, şəhəri qısa müddətdə Yaxın Şərqin ən böyük sənətkarlıq və ticarət mərkəzinə çevirdi. O, ölkədə vahid pul sistemini və ticarət yollarının təhlükəsizliyini təmin etdi. İsmayılın dövründə Təbrizdə məşhur “Kitabxana-yi Humayun” yaradıldı. Burada Kəmaləddin Behzad kimi dahi rəssamlar çalışır, Azərbaycan miniatür məktəbinin əsasları qoyulurdu.
Xarici siyasətdə isə Şah İsmayıl “Şərq-Qərb” balansını quran ilk böyük dövlət xadimidir. Onun diplomatiyası həm Şərqdə (Özbək və Osmanlı), həm də Qərbdə aktiv və çoxşaxəli idi. Osmanlı təhlükəsinə qarşı Avropa dövlətləri ilə geniş diplomatik yazışmalar aparan Şah, 1502-ci ildən Venesiya Respublikası ilə müttəfiqlik danışıqlarına başlamış, 1508-ci ildə Venesiyaelçisi Mikel Membreni qəbul etmişdi. Şah İsmayıl Roma Papası X Levə və Portuqaliya kralı Manuela məktublar göndərərək odlu silahlara sahib olmaq və dəniz yolları üzərində əməkdaşlıq təklifləri irəli sürmüşdü. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil bir subyekt kimi tanınmasının təsdiqi idi. 1510-cu ildə Mərvdöyüşündən əvvəl Şeybani xana göndərdiyi məktublar isə onun diplomatik etiketə və eyni zamanda qətiyyətli ultimatum dilinə nə dərəcədə hakim olduğunu göstərir. Onun diplomatik yazışmalarında və xarici elçiləri qəbul edərkən Azərbaycan türkcəsindən istifadə etməsi dilimizin beynəlxalq statusunu yüksəltmişdi.
Şah İsmayılın dövlətçilik fəaliyyəti təkcə fəthlərdən ibarət deyil, Azərbaycanın milli maraqlarını qlobal arenada müdafiə edən bir imperiyanın qurulmasına yönəlmişdi. Onun poetik yaradıcılığı isə milli təfəkkürün və ideologiyanın qələmlə çəkilmiş sərhədləridir. O, ana dilini saraylara, ordulara və diplomatik yazışmalara gətirməklə dilimizi “yaddaşsızlıqdan” xilas etdi. Şah İsmayılın bədii irsi ədəbiyyat tariximizdə linqvistik inqilab kimi qiymətləndirilməlidir. O, fars dilinin hökmranlığı dövründə bu stereotipi qıraraq sübut etdi ki, Azərbaycan türkcəsi ən ali bədii və fəlsəfi fikirləri ifadə etmək üçün tam yetərlidir. Onun poeziyası iki qolun – klassik əruz və xalq heca vəznlərinin vəhdətindən ibarətdir. “Dəhnamə” poemasının “Baharın vəsfi” hissəsindəki o məşhur misralar dilin saflığının zirvəsidir:
“Qış getdi, yenə bahar gəldi,
Gül bitdi vü laləzar gəldi.
Quşlar qamusu fəğanə düşdü,
Eşq odı yenə bu canə düşdü.”
Burada şair təbiətin oyanışını ruhun və dövlətin dirçəlişi kimi təsvir edir. “Gül bitmək”, “laləzar gəlmək” kimi ifadələr xalqın canlı nitqindən süzülüb gəlmişdir. Eyni zamanda Xətainin irfani qəzəllərində milli birlik ideyası döyünür:
“Hüsnünə heyran olmuşam, ey büt-pəri-peykər, mənim,
Eşqinə qurban olmuşam, canü dilü sərvər, mənim.”
Bu misralarda o, “eşq”i bir amal uğrunda fəda olmağın yolu kimi göstərir. “Nəsihətnamə” əsəri isə dövlətçiliyin və əxlaqın manifestidir. Orada yazılan “Hər kim özün tanıdı – bildi həqqi“ misrası insanı kainatın mərkəzinə qoyur. Xətai həm də klassik poeziya ilə aşıq sənəti arasında körpü qurdu, onun sayəsində xalq dili yazılı ədəbiyyatın “boğazından” süzülüb yenidən xalqın sazına qayıtdı.
Əgər o, Azərbaycanı qılıncı ilə coğrafi olaraq birləşdirdisə, dilimizi dövlət dili etməklə xalqı mənəvi olaraq bir bayraq altına yığdı. Şah İsmayılın ömür yolu hər bir gənc üçün əsl məktəbdir. Biz ondan öyrənməliyik ki, bir milləti yaşadan onun dilidir. Bizim dilimiz təkcə ünsiyyət vasitəsi deyil, həm də mənəvi sərhədimizdir. Əsl qəhrəman həm biləyinə, həm də biliyinə güvənəndir. Xətai bir əlində qılıncla Vətəni qoruyursa, digər əlində qələmlə onun ruhunu inşa edirdi. Müasir dövrdə gənclərimizin “qılıncı” onların elmi, savadı və texnoloji bacarıqları olmalıdır. Cəmi 14 yaşında dövlət quran İsmayıl sübut etdi ki, yaş sadəcə rəqəmdir; əsas olan iradə və Vətən sevgisidir. Şah İsmayıl Xətai bizə sahib çıxmalı olduğumuz böyük bir vətən, ucaltmalı olduğumuz zəngin bir dil və milli qürur miras qoyub. Bu mirası qorumaq hər birimizin müqəddəs borcudur.
Xətai bu mənəvi varlığı gələcəyə miras qoydu. Lakin Səfəvi imperiyasının əzəməti təkcə döyüş meydanları və divanlarla bitmirdi; bu qüdrət həm də sarayların sənət ruhunda və elmin işığında yaşayırdı.
Səfəvi İntibahı: İlmələrdən ulduzlara ucalan Azərbaycan sənəti
Şah İsmayılın qurduğu dövlətin əzəmətinə nəzər salanda bir həqiqət boy verir: bu imperiya təkcə qılıncın itiliyi ilə deyil, həm də ruhun incəliyi və sənətin sehri ilə ucaldılmışdı. XVI əsrin Təbrizi sadəcə bir siyasi mərkəz deyil, dünyanın hər yerindən sənətkarların pənah gətirdiyi, rənglərin sözlə vəhdət təşkil etdiyi bir mədəniyyət beşiyi idi. Səfəvi saray mədəniyyəti Azərbaycan türk ruhunu İslam incəsənətinin ən ali elementləri ilə elə bir möhtəşəmliklə birləşdirmişdi ki, o dövrün saray mərasimləri sıravi bir dövlət ritualından çıxaraq canlı bir sənət nümayişinə çevrilmişdi. Avropalı səyyahların xatirələrini vərəqlədikcə qızılbaş əmirlərinin məğrur duruşu və o dövrün sarsılmaz nizamı insanı xəyalən o illərə aparır. Sarayda ana dilimiz olan Azərbaycan türkcəsinin hakim olması, aşıqların məclislərin yuxarı başında əyləşməsi və Şahın özünün saz çalaraq milli ruhu ucaltması bu mədəniyyətin xalqdan qopmadığını, əksinə, onun tam mərkəzində dayandığını göstərir.
Bu sənət mühitinin ən parlaq səhifəsi olan Təbriz miniatür məktəbi isə Azərbaycanın mənəvi xəritəsini rənglərlə çəkirdi. Şah İsmayılın yaratdığı “Kitabxana-yi Humayun” sadəcə bir kitab fondu deyil, Kəmaləddin Behzad, Sultan Məhəmməd və Ağa Mirək kimi dahilərin yetişdiyi bir akademiya idi. Onların fırçasından çıxan gümüşü və qızılı çalarlar dövlətin qüdrətini, firuzəyi göylər isə əbədiyyəti tərənnüm edirdi. Xüsusən “Şahnamə-yi Təhmasibi” kimi şah əsərlər təkcə illüstrasiya deyil, bizim geyim, memarlıq və min illik yaddaşımızın ensiklopediyasıdır. Sənətkarlar sanki bütün dünyanı kiçik bir səhifəyə sığdırmağı bacarmışdılar.
Bu estetik təfəkkürün zirvəsi isə 1539-cu ildə Maqsud Kaşani tərəfindən tamamlanan məşhur “Şeyx Səfi” xalçasıdır. Bu əsər təkcə bir döşənək deyil, kainatın kiçildilmiş riyazi modelidir. Hər kvadrat metrinə 520 min, bütövlükdə isə 35 milyona yaxın ilmə vurulması Səfəvi dövlətinin həm iqtisadi, həm də sənət gücünü əks etdirir. Xalçanın mərkəzindəki qızılı medalyon günəşi, ondan yayılan 16 ləçək isə kainatın sonsuz enerjisini rəmzləşdirir. Maraqlı bir məqam isə odur ki, medalyonun ətrafındakı asma çıraqlar perspektiv qanununa uyğun olaraq qəsdən fərqli ölçülərdə toxunulub. Bu, o dövrün Azərbaycan sənətkarlarının həndəsi və optik biliklərinin nə dərəcədə yüksək olduğunu sübut edir. Bu gün Londonun Viktoriya və Albert Muzeyində Azərbaycan sənətinin tacı kimi nümayiş etdirilən bu xalça bizim dünyaya vurduğumuz sənət möhürüdür.
Eyni ruh Səfəvi memarlığında da özünü büruzə verirdi. Təbriz, Ərdəbil və Qəzvinin o dövrə aid məscid və sarayları rəngli kaşıların rəqsi ilə bəzədilmişdi. Memarlar günəş şüalarının kaşılar üzərində yaradacağı nuru öncədən hesablayırdılar. “İslimi” və “xətai” naxışları daş üzərində sanki canlanırdı. Lakin Səfəvi dövləti təkcə gözəlliklə deyil, həm də elmin nuru ilə ölçülürdü. Şah İsmayıl Xətai və onun xələfləri qılıncla torpaqları birləşdirərkən, elm fədailəri də qələmlə kainatın sirlərini açırdılar. O dövrün mədrəsələri təkcə ilahiyyat ocağı deyil, astronomiya, riyaziyyat, təbabət və məntiqin tədris olunduğu əsl universitetlər idi.
Astronomiya sahəsində Marağa rəsədxanasının ənənələri yaşadılır, ulduzların hərəkətini izləmək üçün ən mürəkkəb cihazlar – bürünc üsturlablar hazırlanırdı. Bu cihazlar həm dəqiq elmi alət, həm də üzərindəki xəttatlıq nümunələri ilə incə bir sənət əsəri idi. Təbabət sahəsində isə darüşşəfalar həm müalicə, həm də tibbi təhsil mərkəzləri kimi fəaliyyət göstərirdi. Tibb alimləri anatomiya və bitki müalicəsi sahəsində dövrünü qabaqlayan traktatlar yazırdılar.
Bütün bunlar bizə pıçıldayır ki, Azərbaycan mədəniyyəti tarix boyu işığın, gözəlliyin və elmin tərəfində olub. Şah İsmayıl Xətainin qoyduğu o böyük təməl – elmlə qüdrətin vəhdəti – sübut edir ki, güclü dövlətin yolu savadlı cəmiyyətdən keçir. Ulu babalarımızın bizə miras qoyduğu bu işıqlı yol, bu gün də milli fəxr mənbəyimiz və gələcəyimiz üçün ən böyük ilham ocağıdır.
Dünənin dərsləri, bu günün reallıqları
Azərbaycan tarixinin etnosiyasi zirvəsi sayılan Şah İsmayıl Səfəvi fenomeni, sadəcə bir hökmdarın hakimiyyəti deyil, bir xalqın parçalanmış coğrafiyasını, dilini və ruhunu vahid bir mərkəzdə birləşdirən möhtəşəm milli dövlətçilik layihəsidir. Bu layihənin təməlində duran ən mühüm detal, İsmayılın pərakəndə halda olan Azərbaycan torpaqlarını vahid bir bayraq altında toplaması və ana dilimizi dövlətin bütün sahələrində hakim etməsidir. Şah İsmayıl “Xətai” imzası ilə təkcə şeirlər yazmırdı, o, millətin ruhunu ana dilində kodlaşdıraraq fars dilli bürokratiyanın əsrlər boyu davam edən hegemonluğuna son qoyur, türk kimliyini imperiyanın onurğa sütununa çevirirdi. Lakin bu möhtəşəm yüksəliş eyni zamanda türk dünyasının ən böyük ağrılarından birini, Səfəvi və Osmanlı arasındakı qardaş qarşıdurmasını da özü ilə gətirdi. Bu gün geriyə baxanda aydın görünür ki, Şah İsmayıl və Sultan Səlimin Çaldıran düzündə toqquşan qılıncları, əslində bir millətin iki qolunun bir-birindən ayrılmasına və imperialist güclərin bölgədə at oynatmasına münbit şərait yaradan tarixi bir qırılma idi. Imperialist güclər hələ o dövrdə bu rəqabəti “məzhəb müharibəsi” kimi qələmə verərək hər iki tərəfin resurslarını bir-birinə qarşı xərclətməsinə nail oldular. Arxiv sənədləri göstərir ki, Venesiya elçiləri və Roma Papası bu müsəlman güclərini bir-birinə qarşı qoymaqla xristian dünyasını xilas etmək planlarını açıq şəkildə ifadə edirdilər və bu odun üstünə yağ tökmək siyasəti əsrlərlə davam etdirildi.
Şah İsmayıla qarşı bəzi dairələrdə formalaşmış nifrətin kökü onun hərbi məğlubiyyətindən deyil, yaratdığı sarsılmaz mənəvi cazibədən qaynaqlanır. Əmir Teymur Osmanlını fiziki olaraq sarsıtsa da, o uzaqdan gələn və gedən bir fırtına idi, İsmayıl isə Osmanlının məhz daxilində, Anadoluda yaşayan türk tayfalarının mənəvi rəhbərinə çevrilərək dövlətin ideoloji təməllərini parçalamışdı. Bu tarixi travma əsrlər boyu xarici güclərin əlində bir alətə çevrilsə də, XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu münasibətlər yeni, daha sağlam bir müstəviyə keçdi. Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülən “Bir millət, iki dövlət”fəlsəfəsi, əslində 500 il əvvəl Şah İsmayıl və Sultan Səlimin qaçırdığı o böyük tarixi fürsətin modern dövrdəki ən güclü bərpası idi. Heydər Əliyev bu deyimlə parçalanmış ruhu birləşdirdi, Azərbaycan və Türkiyənin strateji tale birliyini bütün dünyaya elan edərək xarici imperialist güclərin əsrlər boyu qızışdırdığı nifaqa son qoyacaq mənəvi qalxan yaratdı. Bu dahi kəlam Şah İsmayılın vaxtilə qurduğu o etnosiyasibütövlüyün müasir siyasi dilə tərcüməsi idi və Türk dünyasının gələcək birliyinin sarsılmaz doktrinasına çevrildi.
Bu gün İlham Əliyev və Rəcəb TayyibƏrdoğanın atdığı strateji addımlar, xüsusən Şuşa Bəyannaməsi Heydər Əliyevin bu uzaqgörən vəsiyyətinin və Şah İsmayılın milli dövlətçilik idealının real siyasi zəfəridir. Tarixin çarxı yenidən ədalətli bir məcraya yönəldi və Çaldıranın yarası Şuşada sağaldı. Biz artıq geriyə yox, irəli baxmaq fəlsəfəsi ilə hərəkət edirik. İrəli baxmaq isə vahid əlifba ilə ünsiyyət maneələrini yox etmək, vahid dərsliklərlətariximizi imperialistlərin diktəsi olmadan öyrənmək və vahid idarəetmə sistemləri ilə türk modelini qlobal gücə çevirmək deməkdir. Xarici imperialist güclərin hələ də davam edən nifaq siyasətinə və daxili bürokratiyanın stereotiplərinə qarşı ən güclü silahımız milli iradəmiz və Ulu Öndərin bizə miras qoyduğu sarsılmaz tale birliyidir. Şah İsmayılın vaxtilə arzuladığı o qüdrətli Azərbaycan və Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi üzərində ucalan böyük Türk Birliyi bu gün “İrəli!” şüarı altında artıq tarixin qurbanı deyil, onun memarı kimi yenidən doğulur.
Şəmsi Qoca
şair-publisist




















