Ermənistanda vicdanlı və nümunəvi fəaliyyət göstərən biznes subyektlərinə vergi xidməti tərəfindən xüsusi dəstək rejimi tətbiq olunacaq.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan layihə parlamentin iqtisadi məsələlər komissiyasında ikinci oxunuşda təsdiqlənib və yekun qəbul üçün plenar iclasa göndərilib.
Layihəni təqdim edən Dövlət Gəlirləri Komitəsi sədrinin müavini Hamlet Saakyan bildirib ki, vergi ödəyicisi kimi nümunəvi davranış nümayiş etdirən müəssisələrə vergi xidmətinin mütəxəssisləri təhkim olunacaq. Bu mütəxəssislər zərurət yarandıqda mürəkkəb məsələlər üzrə şirkətlərə məsləhət xidməti göstərəcəklər.
Yeni qaydalara əsasən, belə şirkətlər üçün vergi yoxlamalarının keçirilmə ehtimalı da 20 faiz azaldılacaq. Risk hesablanarkən həmin müəssisələrə endirici əmsal tətbiq ediləcək.
Bundan əlavə, nümunəvi vergi ödəyicisi sertifikatlarının hər 12 aydan bir yenilənməsi tələbi ləğv ediləcək. Sertifikatlar müddətsiz veriləcək, lakin pozuntu hallarında geri alına biləcək.
Məlumata görə, Dövlət Gəlirləri Komitəsi Mərkəzi Bank və ölkənin bankları ilə də müzakirələr aparıb. Məqsəd bu kateqoriyadan olan şirkətlər üçün kredit risklərinin daha aşağı qiymətləndirilməsi və onların daha sərfəli şərtlərlə kredit əldə etməsinə şərait yaratmaqdır.


























