image-reklam-veteninfo
image-img_9943backend

Rəşad Məmmədovun səfirliyi: Azərbaycan-Özbəkistan əlaqələrində yeni mərhələ

image-reklam-veteninfo

Azərbaycan ilə Özbəkistan arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. İki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşdiyi bir dövrdə diplomatik korpusun fəaliyyəti müstəsna əhəmiyyət daşıyır. Bu baxımdan, təcrübəli və peşəkar diplomat Rəşad Eynəddin oğlu Məmmədovun Azərbaycanın Özbəkistan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi iki ölkə arasındakı münasibətlərə tamamilə yeni bir dinamika və baxış gətirir.

Rəşad Məmmədovun bu məsuliyyətli vəzifəyə təyinatı Azərbaycan-Özbəkistan münasibətlərinin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq daha da sürətlə inkişaf etməsinə güclü təkan verir. Bu təyinat ikitərəfli əməkdaşlığa hansı mühüm yenilikləri və üstünlükləri gətirir?
Qeyd etməliyəm ki, səfirin fəaliyyəti dövlətlərarası razılaşmaların, o cümlədən Ali Dövlətlərarası Şuranın qərarlarının daha operativ şəkildə həyata keçirilməsinə və gündəlik işçi mexanizmlərin sürətləndirilməsinə xidmət edir.
Bununla bərabər Türk Dövlətləri Təşkilatı (TDT) daxilində ölkələrimizin mövqelərinin daha sıx əlaqələndirilməsi, regional təhlükəsizlik və iqtisadi inteqrasiya proseslərinə yeni töhfələr verilməsi səfirliyin əsas prioritetləri sırasındadır.
Eyni zamanda Özbəkistanla iqtisadi tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın xarici iqtisadi strategiyasında mühüm yer tutur. Rəşad Məmmədovun səfirliyi dövründə iqtisadi müstəvidə gözlənilən yeniliklər və inkişaf istiqamətlərinə gəldikdə isə, əsasən Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun imkanlarından daha geniş istifadə olunması, sənaye kooperasiyası və birgə müəssisələrin yaradılması prosesinə yeni keyfiyyət qazandırılmalıdır.
Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) boyunca yükdaşımaların artırılması, logistik maneələrin aradan qaldırılması və işgüzar dairələr arasında birgə təşəbbüslərin dəstəklənməsi ilə yanaşı humanitar-mədəni sahədə yeni imkanlar və xalqlararası körpülərin inkişafı da gözardı edilməməlidir.
Heç şübhəsiz Özbəkistan və Azərbaycan xalqlarını ortaq tarixi köklər, dini və mənəvi dəyərlər birləşdirir. Səfir Rəşad Məmmədovun fəaliyyətinin mərkəzində mədəniyyət və elm adamları, eləcə də gənclər təşkilatları arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi dayanır. Xüsusilə Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına məktəb kimi layihələrin davamı olaraq, humanitar sahədə yeni təşəbbüslərin irəli sürülməsi iki xalqın bir-birinə daha da yaxınlaşmasına xidmət edəcək.
Son olaraq qeyd etməliyəm ki, Rəşad Məmmədovun Özbəkistana səfir təyinatı Azərbaycan-Özbəkistan strateji müttəfiqliyinin potensialını tam gücü ilə hərəkətə gətirən mühüm siyasi addımdır. Bu təyinat iki qardaş ölkə arasındakı əlaqələrə gətirdiyi yeni baxış, dərin məzmun və praktiki layihələrlə gələcəyə hesablanmış möhkəm təməl yaradır, Türk dünyasının birliyinə və inkişafına mühüm töhfə verir.

Nahid Canbaxışlı                                                    
“Vətəninfo.az” İnformasiya Agentliyinin Baş redaktoru, “Jurnalistlər Ekstremal Şəraitdə”İctimai Birliyinin sədri




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki