Reuters agentliyi xəbər verib ki, İran ABŞ və İsrail ilə aylarla davam edən hərbi qarşıdurmadan sonra hava hücumundan müdafiə sistemini bərpa etmək məqsədilə yaxın həftələrdə Çindən daşına bilən hava hücumundan müdafiə sistemlərinin (MANPADS) ilk partiyasını alacaq.
Mənbələrin bildirdiyinə görə, müqavilə iki Çin istehsalı model – QW-12 və FN-16 tipli 300-400 MANPADS-ın tədarükünü əhatə edir. Müqavilənin ümumi dəyərinin 60-70 milyon dollar olduğu və bunun müharibənin başlanmasından bəri İranın qısa mənzilli hava hücumundan müdafiə sistemləri üzrə ən böyük məlum alışlarından biri olduğu qeyd edilir.
Reuters-in məlumatına əsasən, müqavilə İran tərəfi ilə Çin təchizatçısı arasında vasitəçi kimi çıxış edən Honkonqda qeydiyyatdan keçmiş Zhongqing şirkəti vasitəsilə bağlanıb.
Agentlik qeyd edir ki, bu alış Tehranın ABŞ və İsrailin İranın raket, pilotsuz uçuş aparatı və hava hücumundan müdafiə proqramları ilə əlaqəli obyektlərinə endirdiyi zərbələrdən sonra müdafiə qabiliyyətini bərpa etmək cəhdləri fonunda həyata keçirilir.


























