Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufada yerləşən “Başneft-Ufaneftexim” neft emalı zavodunda dron hücumundan sonra yanğın baş verib.
Vətəninfo.az xəbər verir ki, yerli sakinlər gecə saatlarında pilotsuz uçuş aparatlarının səsini və partlayışları eşitdiklərini bildiriblər. ASTRA OSINT analitikləri şahidlərin yaydığı görüntüləri araşdıraraq zavodun üzərində iki iri qara tüstü sütununun göründüyünü müəyyən ediblər.
Başqırdıstanda dron təhlükəsi ilə bağlı xəbərdarlıqlar verildiyi bildirilib.
“Başneft-Ufaneftexim” Ufada Şimal Sənaye Zonasında yerləşən böyük neft emalı müəssisəsidir. Zavod “Başneft” şirkətlər qrupuna daxildir və “Rosneft” strukturunun tərkib hissəsidir. Müəssisənin illik neft emalı gücü təxminən 8,2 milyon ton təşkil edir. Zavodda motor yanacağı, neft koksu, mayeləşdirilmiş qaz, kükürd və aromatik karbohidrogenlər istehsal olunur.
Bundan başqa, Rusiyanın Tula vilayətində Wildberries şirkətinin ən böyük logistika mərkəzlərindən birində də gecə saatlarında baş verən dron hücumundan sonra yanğın qeydə alınıb.
Məlumata görə, logistika kompleksinin sahəsi 194,5 min kvadratmetr təşkil edir. Hadisənin təfərrüatları və mümkün zərərin miqyası barədə əlavə məlumat verilmir.


























