“Rospotrebnadzor”un tələbi ilə Ermənistandan gətirilən 70 mindən çox içməli su və qazlı içkinin satışı dayandırılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə dövlət etiketləmə sisteminin operatoru olan Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzi məlumat yayıb.
“Rospotrebnadzor”un göstərişi ilə Rusiya vətəndaşlarının həyatı və sağlamlığına mümkün zərərin qarşısını almaq üçün dövlət tərəfindən idarə olunan Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzi 70 000-dən çox içməli su və qazlı içkinin satışını dayandırıb. Bunun səbəbi istehsalçılar tərəfindən məcburi məhsul tələblərinin pozulmasının aşkarlanmasıdır”, – məlumatda qeyd edilib.
Məhdudiyyətlər ”RRR Mineral su zavodu” (Ermənistan) tərəfindən istehsal olunan BJNI mineral içməli və süfrə suyunun müəyyən partiyalarına, “VATERLOK” MMC (Ermənistan) tərəfindən istehsal olunan “Prosto Azbuka” təbii içməli suyuna və “Arsen ev Nerses” MMC (Ermənistan) tərəfindən istehsal olunan DARBAS brendinin “Moxito” alkoqolsuz içkisinə təsir göstərib.
“Məhdudiyyətlər şirkətlər tərəfindən müəyyən tarixlərdə istehsal olunan partiyalara şamil edilir və digər məhsullara təsir göstərmir”, – deyə mərkəzdən bildirilib.
“Hazırda “Rospotrebnadzor” tərəfindən göstərilən partiyaların satışı bütün zəruri yoxlamalar başa çatana qədər pərakəndə və onlayn kanallarda qadağandır. Etiketləmə sistemi ölkədəki hər bir kassa məntəqəsinə inteqrasiya olunub və bu da istehlakçıların hüquqlarının müdafiəsi mexanizminin dərhal təmin edilməsinə imkan verir”, – məlumatda qeyd edilib.
Məlumatda həmçinin, 2026-cı ilin əvvəlindən bəri son istifadə tarixlərini və məcburi tələbləri pozan 48 milyon şüşə içməli suyun satışının qarşısının alındığı bildirilib.


























