image-8cf87938-0640-4990-9391-2907e03ea192backend

“RUSİYANIN AZƏRBAYCANA TƏSİRİ AZALIR” – “Paşinyanın Soçidən birbaşa İrana uçması nümayişkəranə addım idi”  

image-reklam_sirab_01

“Soçi görüşü göstərdi ki, Rusiyanın Azərbaycana və Türkiyəyə təsiri azalır”.

Vətəninfo.az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında politoloq Stepan Danielyan bildirib.

Rusiyayönümlü mövqeyi ilə tanınan erməni politoloq deyib ki, Soçi görüşündə Azərbaycan heç bir güzəştə getməyib və rəsmi Bakının rus hərbi kontingentinin Qarabağdakı mövcudluğu ilə bağlı mövqeyi də onun üçün qeyri-müəyyəndir: “Bu məsələ ilə bağlı müddət bəlli deyil. Moskva göstərir ki, o, heç də əsas vasitəçi deyil və postsovet məkanındakı ölkələrə öz iradəsini diqtə etdirə bilmir. İndi sual budur ki, Qərbdə nə təklif edəcəklər”.

Danielyanın fikrincə, Rusiyanın əsas məqsədi odur ki, onun qoşunları Ermənistanda və Qarabağda mövcudluğunu saxlasınlar. Çünki Cənubi Qafqaz regionu Moskva üçün onun həm Şimali Qafqaz, həm də Orta Asiya siyasəti kontekstində olduqca vacibdir.

Erməni politoloq hesab edir ki, regionda zəifləməkdə olan Rusiyanın yerini üçüncü qüvvə – İran tutmağa çalışır: “Paşinyanın Soçi görüşündən sonra birbaşa İrana uçması təsadüfi deyildi. Bu, nümayişkəranə bir addım idi. İran bu regionda Türkiyə və Rusiyadan sonra üçüncü oyunçuya çevrilir. O, Moskvanın zəifləməsi nəticəsində yaranan vakkumu doldurmağa can atır. İran üçün Azərbaycanda Türkiyə-Britaniya-İsrail mövcudluğu ekzistensial mahiyyət daşıyır. Ona görə də Ermənistanın ərazi bütövlüyü İranın maraqlarından çıxış edilərək qorunur. Qərbin maraqları isə İranın və Rusiyanın maraqları ilə ziddiyyət təşkil edir və Azərbaycanın, Türkiyənin və Böyük Britaniyanın maraqları ilə üst-üstə düşür. Qərb Türkiyə ilə Azərbaycanı dəstəkləyir və Orta Asiyaya qədər olan ərazidə öz geosiyasi və iqtisadi maraqlarını təmin edən proqramı reallaşdırır”.

Göründüyü kimi, İrəvanda Soçi görüşünün nəticələrindən məyusdurlar və xüsusilə də Moskvaya ümidlərini itirən erməni siyasi elitası Qərbdən Azərbaycana və Türkiyəyə qarşı ciddi təzyiqlərin olmayacağını da anladıqdan sonra ümidini daha çox İrana bağlamağa başlayır.

Qeyd edək ki, bundan öncə yuxarıda adı çəkilən politoloq Stepan Danielyan Ermənistanda böyük səs-küy yaradan məlumatla çıxış etmişdi. O, bu ilin sentyabrında erməni mətbuatına açıqlamasında öz mənbələrinə istinadla İranın 44 günlük müharibə dövründə Ermənistana hərbi yardım təklif etdiyini, lakin Paşinyanın bundan imtina etdiyini bildirmişdi: “İran hakimiyyəti Ermənistana Azərbaycana qələbə gətirən hücumun qarşısını almaq üçün hər cür dəstək təklif edib. Lakin Paşinyan İranın təklifindən imtina edib”.

Politoloq iddia edib ki, Paşinyan ABŞ administrasiyası qarşısında götürdüyü öhdəliyə görə İranın təklifini qəbul etməyib. Lakin indi isə belə çıxır ki, Paşinyana İranla “izdivaca girmək” üçün “yaşıl işıq” yandırılıb…“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image