image-1669892798955-kopyabackend

Şəhid və Qazilər unudulmur – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən təqdirəlayiq addım

image-reklam_sirab_01

Azərbaycan dövlətinin və xalqının tarixinə müqəddəs şəhid qanı ilə yazılan 27 sentyabr 2020-ci il tarixi, həm də bizim böyük Zəfər yolumuz oldu. Həmin gün Ali Baş Komandanın əmri ilə  əks-hücuma keçən Azərbaycan Ordusu 30 illik həsrətimizin vüqarlı sonu ilə bizi fərəhləndirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqa etdiyi müraciətin hər bir fikri bir şüara, epitetə çevrilərək uşaqdan  tutmuş böyüyə  qədər hər kəsin dilinin əzbəri oldu.

Ölkə  Prezidenti  İlham Əliyevdən dəstək  alan Ordumuz düşməni iti qovan kimi qovdu. 44 gün çəkən müharibə zamanı Ordumuz özünün tam və qəti qələbəsini təmin etməklə Ermənistanı kapitulyasiyaya məcbur elədi. Nəticədə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər əzəli düşməndən təmizləndi. Həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalandı. Bəli, Azərbaycan Ordusu 30 il yuxularımızın, xəyallarımızın fövqündə olan Şuşanı azad etdi. Şuşa şəhərinin azad edildiyi həmin gün Ordumuz 70 kəndimizi, 8 strateji yüksəkliyimizi də düşməndən geri aldı. Bu döyüşdə Ordumuzun göstərdiyi qəhrəmanlıq, əsgərlərimizin cəngavərliyi əsl nağılların, dastanların, filmlərin süjetlərini bizə xatırlatdı. 30 illik zaman bizim xalq olaraq dözümümüzü, səbrimizi, Ali Baş Komandanımızın isə düşünülmüş, sistematik, planlı çalışmalarını və uğurlu diplomatiyasının əsl güzgüsü oldu. Həmin 30 ildə özlərini “sülh və ədalət təminatçıları” adlandıran böyük dövlətlərin, beynəlxalq təşkilatların kağız üzərində qalan “qərarları” öz sənədlərinə və “mötəbər” adlarına göstərdikləri etinasızlıq, Ermənistanın hər gün daha çox silahlanmasına, dolayısı ilə terrorçuların Qarabağda daha münbit şəraitdə hərəkət etmələrinə gətirib çıxardı. Bütün bunlara baxmayaraq, bu 30 illik təcavüz bizim milli birliyimizi, milli şüurumuzu, təəssübkeşliyimizi, məqsədyönlüyümüzü daha da möhkəmləndirdi. Səhvlərimizdən nəticə çıxartmağı öyrətdi. Qarabağ ətrafında iqtidarlı- müxalifətli birləşməyin labüdlüyünü nümayiş etdirdi. Biz beynəlxalq təşkilatların, eləcə də ATƏT-in Minsk qrupunun bu uzun illər ərzində həll etmədiyi problemi 44 günə həll etdik! Beləliklə də, sentyabr ayının 27-də başlanan Böyük Vətən müharibəmiz müqəddəs Zəfərlə başa çatdı və hər kəs gördü ki, əzəli torpaqlarını terrorçuların əlində qalmasına razı olmayan Azərbaycan xalqı nələrə qadirdir! Bu müharibədə xalq dövlət birliyi bir daha sübut etdi ki, Azərbaycan xalqı məğlubedilməzdir.

Bu müharibədə bütün Azərbaycan xalqı birlikdə, dəmir yumruq kimi birləşərək savaşdı. Bütün güc strukturları, özəl təşkilatlar gecə- gündüz arxa və ön cəbhə üçün çalışdı. Müharibənin ilk günündən  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin də  ordumuza öz dəstəyini əsirgəmədi. 44 gün ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin bütün qurumları bir yumruq halında ordumuza maddi və mənəvi dəstək oldu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin kollektivi də bir neçə dəfə döyüş bölgələrində oldu, əsgərlərimizə zəruri ərzaq, tibbi ləvazimatlar geyimlərlə təmin etdi. Bu ordu xalq birliyinin əsl nümünəsi idi. Məhz bu birliyin nəticəsində Azərbaycan xalqı Zəfər qazandı. Bu Zəfərin qazandıran şəhidlərimizin ailələri, qazilərimiz hər zaman dövlətimizin  qayğısı ilə əhatə olunub.

Öz qayğısını, köməyini şəhid və qazi ailələrindən əsirgəməyən  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və onun tabeçiliyinə olan qurumlar bu gün də öz xeyriyyəçilik misiyasını davam etdirir. Azərbaycan Respublikası Ədliyyə naziri,I dərəcəli dövlət ədliyyə müşaviri, cənab Fikrət Məmmədovun, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı cənab Ceyhun Həsənovun tapşırıqlarına əsasən Bakı İstintaq Təcridxanasında işləyən şəhid ailələri, qaziləri xüsusi diqqət və qayğı göstərilir. Bir müddət əvvəl Azərbaycan Respublikası Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri, cənab Fikrət Məmmədovun tapşırıqlarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı cənab Ceyhun Həsənov tərəfindən Penitensiar Xidmətin sıralarına Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvlərini qəbul edib.

Artıq Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında qazilərimiz baş çavuş və kiçik cavuş kimi xidmət göstərən Nəsir Allahverdi oğlu Hüseynli, Mirqurban Mirismayıl oğlu Ağayev, Pərvin Hüseyn oğlu Abbaszadə, Əlirza Saleh oğlu Əlpaşayev,  Asif Vasif oğlu Əskərov eyni zamanda mülkü işçi kimi çalışan Ömər Akif oğlu Hüseynov, şəhid Bilal Xanlar oğlu Qənbərovun anası Gültəkin İsgəndər qızı Qənbərova özlərinin işə davamiyyətləri, kollektivlə qurduqları ünsüyyətləri ilə Bakı İstintaq Təcridxanasının əməkdaşlarının hörmət və ehtiramını qazanmışlar. Penitensiar Xidmətdən Vətən şəhidinə böyük ehtiram Bu gün Bakı İstintaq Təcridxanasının yerləşdiyi ərazidə Vətən müharibəsi şəhidimiz Bilal Xanlar oğlu Qənbərovun xatirəsi əbədiləşdirilib.

Onun adını daşıyan bulaq kompleksi inşa edilib. Hər gün şəhidimiz Bilalın adının verildiyi bulaq kompleksin qarşısından keçən xidmət əməkdaşları, sadə vətəndaşlar bir dəqiqəlik ayaq saxlayaraq, Bilalın timsalında bütün  şəhidlərimizin ruhunu bir dəqiqəlik yad edir, onlara öz ehtiramlarını göstərirlər. Bununla yanaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi , ədliyyə general-leytenantı cənab Ceyhun Həsənovun tapşırıqları əsasında Bakı İstintaq Təcridxanasında davamlı şəxsi heyətin iştirakı ilə  maarifləndirmə  tədbirləri keçirilir ki, bu da təqdir olunmaya bilməz.

Nahid Canbaxışlı

1-ci Qarabağ müharibəsi qazisi,

Vətəninfo.az İA-nin baş redaktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki