image-iran-etiraz-aksiyasi-2022-ci-ilbackend

SENSASİON İDDİA: ABŞ İrandakı hadisələri nəzarətində saxlayır

image-reklam_sirab_01

“Etiraz aksiyaları İrandakı dini rejimi heç vaxt olmamış qədər silkələdi, onun ən dərin qatlarına işlədi, nəticədə mühafizəkarlar arasında da itaətsizlik baş qaldırdı, hətta aksiyaları yatırmağa cəhd göstərənlərə zorakı müqavimət göstərənləri də oldu”. Vətəninfo.az-ın məlumatına görə, ABŞ-ın CNN kanalının 2022-ci ilin sentyabrında gənc qadın Məhsa Əmininin hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişməsindən doğan kütləvi etiraz aksiyaları ilə bağlı şərhində belə deyilir.

Bildirilir ki, etiraz hərəkatı üzvlərinin əksəri gənc, həm də cəsur idi: “Rejimin qurduğu qorxu səddinin tamam aradan qalxdığı təəssüratı yaranırdı. Ancaq hər halda rejimin əl atdığı sərt repressiyalar nəticə verdi və etirazları indiki minimum səviyyəyə endirə bildi. Aksiyaların 4 iştirakçısı edam olunub, neçə-neçə digər aksiyaçı da eyni aqibətlə üzləşmək qorxusu altında qalıb”.

CNN-in şərhində edamlar repressiyaların kulminasiya nöqtəsi kimi qiymətləndirilir və bildirilir ki, şübhəsiz, aksiyaçıların gülləbaran edilməsi, kütləvi həbslər, fiziki işgəncələr və seksual zorakılıqlar da bu sıraya aiddir.

Rejimin dissidentlərə, etnik azlıqlara və qadınlara qarşı repressiyaları xüsusi şəkildə gücləndirdiyini, ali dini liderin etiraz hərəkatını xarici ölkələrin qəsd planının bir parçası, “dövlətə xəyanət aktı” kimi xarakterizə etdiyini yada salan CNN bildirir ki, aksiyaçıların ziyanına işləyən daha bir amil 25 yaşdan yuxarı şəxslərin çoxunun prosesdən kənar durması olub. Kanalın şərhinə görə, bu, etiraz hərəkatını rejimi devirmək üçün lazımi imkanlardan, impulsdan məhrum edib: “Bununla belə, iranlı analitiklər hesab edir ki, rejim gələcəyini riskə qoyub və etiraz aksiyaları, çox güman, bərpa olunacaq. İranın dini rəhbərliyi daxildə korrupsiya, xaricdə ABŞ-ın tətbiq etdiyi sanksiyalar ucbatından qəlizləşən iqtisadi problemləri ya həll edə bilmir, ya da heç həll etmək istəmir”.

CNN adını çəkmədiyi gənc bir iranlıya istinadla qeyd edir ki, xalqın qəzəbi azalmayıb, əksinə, artıb, ancaq güc strukturları silah işlətdiyinə görə üsyana daha böyük kütlələrin qoşulması mümkün olmayıb.

CNN qeyd edir ki, iranlı fəallar aksiyaları yatırmaq cəhdləri zamanı 500-dən çox adamın həlak olduğunu, təxminən 20 min nəfərin tutulduğunu xəbər verir: “Repressiyalar iranlı etirazçıları çıxılmaz vəziyyətdə qoyub. Narazılıq arta-arta, yayıla-yayıla gedir, ancaq hakimiyyətin amansız rəftarı aksiyaların rejimi devirə biləcək kritik həddə çatmasına imkan vermir”.

Mərkəzi qərargahı Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun İran layihəsinin direktoru Əli Vaiz də CNN-ə deyib ki, etirazçı kütlənin kritik həddə olmaması hərəkata “riyazi problem” yaradıb. Onun sözlərinə görə, adamların çoxu aksiyalara rejimin müqavimət gücü tükənəndə qoşulur, amma o biri yandan da küçələrə lazımi sayda, yəni kritik həddə insan axışmayınca rejimin etirazları yatırmaq gücü, iradəsi tükənən deyil.

Əli Vaiz İranın durumunu SSRİ-nin 1980-ci illərin əvvəlindəki vəziyyəti ilə müqayisə edib: “1980-ci illərin birinci yarısında Sovet İttifaqında iqtisadiyyat bərbad hala düşmüşdü, ictimai məyusluq hökm sürürdü. Bu situasiya 1980-ci illərin ikinci yarısında yenidənqurma adı almış islahatlara rəvac verdi, islahatlar isə öz növbəsində SSRİ-nin dağılmasına gətirib çıxardı. İndi İran SSRİ-nin 1980-ci illərin birinci yarısında olduğu yerdə dayanıb. İran rejimi ideoloji baxımdan iflasa uğrayıb, ciddi iqtisadi problemlərlə üzləşib və islaholunmaz vəziyyətə gəlib. Ancaq 1980-ci illərin sonundakı SSRİ-dən fərqli olaraq İran rejimi hələ döyüş qabiliyyətini itirməyib”.

Əli Vaizin fikrincə, İranda etiraz hərəkatı gec-tez yenidən bərpa olunacaq, özü də daha sərt formada.

CNN qeyd edir ki, İranda ötən ilin sentyabrından başlanan kütləvi aksiyalar dayansa da, paytaxt Tehrandan tutmuş ucqar əyalətlərədək ölkənin hər yerində etiraz səsləri hələ də eşidilir.

Xüsusilə kürdlərin və bəlucların kompakt yaşadığı bölgələrdə narazıların yenə bir yerə toplaşmaqda olduğunu xəbər verən kanal bildirir ki, iranlı ictimai-siyasi fəallar edamların axırda əks nəticə doğuracağına əmindirlər.

CNN iranlı hüquq müdafiəçilərinə istinadla qeyd edir ki, indiyədək ən azı 18 aksiyaçı ölüm hökmünə məhkum olunub: “Onlardan yalnız 5 nəfəri apellyasiya şikayəti vermək hüququ qazanıb. Ümumilikdə 100-dən çox etirazçının İranda ölüm hökmü ilə cəzalandırılan cinayətlərdə ittiham olunduğu deyilir”.

CNN edam hökmlərinin, o cümlədən 4 nəfər barəsində hökmün sürətlə icra edilməsinin təzadlı reaksiyalara səbəb olduğunu vurğulayır. Kanalın rəyinə görə, bu bir yandan adamları etirazlardan çəkindirir, o biri yandan da cəmiyyətdə qəzəbi artırır. Xüsusilə 4 nəfərin tələsik edam edilməsinin istər xaricdə, istərsə də ölkə daxilində ciddi narazılıq doğurduğu vurğulanır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki