image-imagesbackend

Serbiya ilə hərbi-texniki əməkdaşlıq Azərbaycana niyə lazımdır?

image-reklam_sirab_01

Yaxudda Ermənistanı Serbiya silah “bazar”ından çıxaran səbəblər…

Azərbaycan prezidenti İlham Əliyevin Serbiyaya səfəri həm də iki ölkə arasında hərbi-texniki əməkdaşlığın dərinləşməsinə xidmət edəcək. Bununla bağlı ötən gün Azərbaycan və Serbiya prezidentləri arasında əlavə sənədin imzalanması da bunun təsdiqidir.

Serbiya Avropa ölkəsi olmasına baxmayaraq, keçmiş sosialist düşərgəsinə aid dövlət kimi bu məkanın hərbi sənaye məhsullarının istehsalçısı olaraq mühim yerlərdən birini tutur. SSRİ-nin süqutundan sonra Şərqi Avropa ölkələrinin demək olar ki hamısı Sovet hərbi sənaye kompleksindən, yəni bu məhsulların istehsalından imtina etməyə başladılar. Lakin Serbiya Rusiyanın siyasi müttəfiqi olaraq, əvvəllər təmsil olunduğu hərbi blokun silah-sursat məhsullarının istehsalını davam etdirdi. Hənçinin bu məhsulların uğurlu modernləşdirilmiş variantlarının yaradılması prosesini bu gün də davam etdirir.

Bu gün Serbiya müdafiə sənayesi kompleksi Sovet hərbi təyinatlı məhsulları ilə yanaşı, bu sahədə Qərb texnologiyalarını da mənimsəyə bilib. Serbiya həm də müdafiə sənayei sahəsində özəl sektorun formalaşdırılmasına da nail olub.

Azərbaycan müdafiə sənayesi kompleksinin məhsul çeşidi, həmçinin ordumuzun silah-sursat parkının böyük hissəsi də Sovet hərbi texnologiyaları əsasında istehsal olunan hərbi vasitələrdən ibarətdir. Yaxın onilliklərdə Azərbaycanın Sovet elmi-nəzəri bazası əsasında istehsal olan bu texnologiyalardan imtina etməyəcəyi ordu üçün satınalınmalardan və ölkəmizin müdafiə sənayesinin istehsal etdiyi məhsul sıralamasından bilmək olar.

Bütün bu və gələcəkdə ortaya çıxan digər amillər Azərbaycanın Serbiya ilə hərbi-texniki sahədə əməkdaşlığına zəmin yaratmaqla yanaşı, birgə istehsal müəssisələrinin formalaşdırılmasına da təkan verə biləcək.

Məsələnin digər, daha önəmli bir məqamı da mövcuddur. Bu Azərbaycanın illərdir formalaşmış Ermənistan-Serbiya hərbi-texniki əlaqələrini sıradan çıxarmasıdır. Məlumat üçün deyim ki, Serbiyanın Aleksandr Vuçiçdən əvvəlki prezidentləri dövründə bu slavyan ölkəsinin Ermənistanın hərbi qrumları ilə çox sıx və məhsuldar əməkdaşlığı mövcud olub.

Elə bunun nəticəsi idi ki, Vətən Müharibəsindən əvvəl Serbiyanın Ermənistan silahlı qüvvələrinə minatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah və sursat tədarükünü təsdiqləyən sənədlər ortaya çıxmışdı. O zaman biz bu məlumatı “AzeriDefence” jurnalında dərc etmişdik. Serbiyanın NİN jurnalının açıqladığı məlumatda qeyd olunurdu ki, Ermənistan Serbiyanın “Ventura trans” şirkətinin “Kruşik” (Valevo), “Prva Petoletka” (Trstenik) və “Zastava Arms” (Kraquevas) şirkətlərindən xeyli miqdarda silah və sursat tədarükünü təşkil etdiyini təsdiqləyən sənədlər var.

Həmin informasiyadan sonra Serbiyanın diplomatik missiyası yuxarıda qeyd etdiyim xəbərə reaksiya vermək məcburiyyətində qaldı.

Bu gün isə proseslər başqa müstəvidə inkişaf etməyə başlayıb. Azərbaycan dövlətinin apardığı çoxşaxəli siyasət sayəsində Serbiya Avropada ölkəmizin əsas tərəfdaşlarından birinə çevrilib. Özü də bu, həm də hərbi-texniki sahədə formalaşan münasibətlər kontekstində davam edəcək. Əlbəttə, burada Serbiyanın da dövlət maraqları xüsusi yerlərdən birini tutur.

Hər bir halda, nəticə etibarı ilə Azərbaycanın Serbiya ilə hərbi-texniki sahədə əməkdaşlığının dərinləşməsi Ermənistanı bu “bazar”dan çıxaracaq. Bunu isə olduqca strateji bir arenada Azərbaycanın uğuru hesab etməmək, yumşaq desək insafsızlıq olardı.

Ramil Məmmədli
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi-siyasi şərhçi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki