image-erbilbackend

Şimali İraqda Azərbaycan konsulluğu açılır, ”Nabukko” bərpa edilir

image-reklam_sirab_01
Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.
AZƏRTAC-ın görüş haqda məlumatlarında biznes şurası formasında müxtəlif təsisatların yaradılacağı, ərəb mediasında getmiş məlumatlarda Ərbildə konsulluq açılmasından və Bərzaninin Bakıya səfərə dəvət edildiyi xəbər verilir.
Hərçənd ərəb mediası məlumatı İraq şiələrinin lideri böyük ayətullah Əli Hüseyni Sistaniyə yaxın KİV-ə istinadən tirajlayıb. Bəzən tam, yekun qərarlar olmadan belə informasiya sızdırmalarının məqsədi nəzərdə tutulan və ya ehtimal edilən addımların qarşısını almaq olur.
Sirr deyil ki, İraq şiələrini təmsil edən siyasi qüvvələr əksərən İran meyillidirlər, İran isə İraq Kürdüstanı regionunun xarici əlaqələrini , xüsusən də Türkiyə və İsraillə əlaqələrini narahatlıqla izləyir, bunu özünə qarşı təhlükə, İranın mühasirəyə alınması təşəbbüsü kimi dəyərləndirir…
Lakin görüşlə bağlı verilmiş məlumatlardan göründüyü kimi, əməkdaşlığın sıxlaşdırılmasını zəruri edən səbəb siyasi deyil, iqtisadidir, bu əməkdaşlıqdakı üçüncü tərəf isə İsrail deyil, Türkiyədir.
İqtisadi əməkdaşlığı zəruri edən amil Azərbaycanın və Kürdüstan regionun Avropanın enerji təchizatındakı iştiraklarını uzlaşdırma zərurətidir.
Ötən ayın sonlarında Macarıstana səfər zamanı Prezident İlham Əliyev vaxtilə tarixə qovuşmuş sayılan “Nabukko” layihəsini canlandırıldığını açıqlamışdı.
… 2008-ci ildə Türkiyənin ozamankı xarici işlər naziri Ali Babacanın Rusiya-Gürcüstan müharibəsindən sonra layihənin Ermənistandan keçməklə çəkilə biləcəyi haqda açıqlamasına Azərbaycan tərəfi sərt reaksiya vermiş, 2010-cu ildə Kürdüstan regionu təbii ehiyatlar naziri Ashti Havrami isə Avropanın tələbat duyduğu lazımi alternativ qazın yarısını qarşılamağa hazır olduqlarını bəyan etmiş, Türkmənistandan çəkilə biləcək Transxəzər kəmərinin razılaşdırılmasmı mümkün olmamış, Tehran dövləti isə Avropa ilə danışıqlardan çəkilmişdi…
O illərin təcrübəsini nəzərə alan Azərbaycan aktiv enerji diplomatiyası yürüdür. Son bir ildə Avropanın enerji təchizatında rol alan mənbə ölkələrin hər biri ilə -Əlcəzair, Misir (Misir eyni zamanda vətəndaş müharibəsi ilə parçalanmış Liviyada tərəflərin qəbul etdiyi əsas arbitrdir), İsrail, Mərkəzi Asiya və Körfəz dövlətləri, Şimali İraq regional hökuməti ilə atılacaq addımları uzlaşdırmağa çalışır; rəqabət deyil, əməkdaşlıq təklif edir. Əslində Tehran dövləti ilə ötən il əldə razılaşdırılmış svop qaz anlaşması da bu diplomatiyanın davamı idi. Tehran mediası həmin anlaşmanı məhz Avropanın alternativ enerji mənbəyi olmaq yolunda mühüm addım kimi qiymətləndirirdi…
Cəmaləddin Quliyev
Xüsusi olaraq
Vətəninfo.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki