Bu gün adı 90-cı illərin supermodelləri ilə yanaşı çəkilən Sindi Krouford karyerasının başlanğıcında ciddi stereotiplərlə üzləşdiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, 59 yaşlı model OK! jurnalına müsahibəsində bildirib ki, modellik yolunu seçdikdən sonra ona qarşı qərəzli münasibət formalaşıb: “İnsanlar dərhal mənə axmaq kimi davranırdılar. Mən isə axmaq deyildim”.
Kroufordun sözlərinə görə, onun uşaqlıq arzuları moda sənayesindən uzaq olub. O, ABŞ-ın ilk qadın prezidenti olmaq istədiyini, daha sonra isə həkim və ya müəllim olmağı düşündüyünü deyib. Məktəbdə əlaçı olan Krouford 1984-cü ildə DeKalb Liseyinin ən yaxşı tələbəsi seçilib və Northwestern Universitydə kompüter mühəndisliyi üzrə təhsil almaq üçün təqaüd qazanıb. Lakin o, modellik karyerası naminə universiteti yarımçıq qoyub.
Model qeyd edib ki, onun dövründə belə bir stereotip mövcud idi: “Əgər modelsənsə, deməli axmaqsan”. O hesab edir ki, bu düşüncə artıq dəyişib və sosial media modellərə yalnız “gözəl sima” kimi deyil, fərd kimi də özlərini ifadə etməyə imkan verir.
Gələn həftə 60 yaşı tamam olacaq Krouford yaşlanma mövzusuna da toxunub: “Biz yaşlanmanın tez-tez mənfi qarşılandığı bir dünyada yaşayırıq. Amma özümüzə və başqalarına qarşı bu qədər tənqidi olmağı dayandırmalıyıq”.
Sindi Krouford 27 ildir ki, Casamigos şirkətinin həmtəsisçisi, iş adamı Rande Gerber ilə evlidir. Cütlüyün iki övladı var.
Qızı Kaia Gerber anasının yolunu davam etdirərək uğurlu model kimi fəaliyyət göstərir və Palm Royale serialında rol alıb. Oğlu Presley Gerber isə “Mental Health Mondays” adlı layihədə depressiya və yuxusuzluqla bağlı təcrübələrini bölüşür.
Hazırda Krouford həyatından və ailəsindən zövq aldığını, yaşının isə onu müəyyən etməsinə imkan vermədiyini bildirib.


























