image-2740053backend

SOCAR-ın sabiq vitse-prezidentinin sarsılmayan “İMPERİYASI”: Ölkə üçün Mikayıl İsmayılov təhlükəsi böyüyür

image-reklam_sirab_01

Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş vitse-prezidenti Mikayıl İsmayılov vəzifəsindən sui-istifadə sayəsində topladığı misilsiz varidatla “dövlət içində dövlətə” çevrilib.

SOCAR-da 2021-ci ildə Prezident İlham Əliyevin qərarı ilə başlayan, növbəti ildə də davam etdirilən köklü kadr dəyişiklikləri qurumun vaxtilə “əvəzedilməz” sayılan rəhbəri Rövnəq Abdullayev və bir neçə vitse-prezidentin vəzifədən azad edilməsi ilə nəticələndi. Bu addım strateji dövlət qurumu olan SOCAR-da yeni dövrün başlanğıcını şərtləndirsə də, postundan uzaqlaşdırılan sabiq vitse-prezidentlərin vəzifədə olduqları müddətdə qanunsuz yollarla topladıqları sərvətin, o cümlədən, onların özlərinin mümkün aqibəti açıq müzakirə mövzusudur. Cəmiyyət rəsmi dövlət səlahiyyətlərini öz şəxsi maraqlarının təmin olunmasına yönəltmiş həmin məmurların törətdikləri əməl və talanlara görə cavab vermələrini gözləyir.

Prezidentin təqribən ilyarım əvvəl imzaladığı sərəncamla vəzifəsindən azad edilən SOCAR-ın maliyyə-təsərrüfat işləri üzrə keçmiş vitse-prezidentləri sırasında məmur oliqarxiyasının “parlaq” təmsilçisinə çevrilən Mikayıl İsmayılovun adı diqqəti daha çox cəlb edir. Bu “məşhurluq” onun işgüzarlığı və fədakar əməyinin nəticəsindəqazanılsaydı, təbii ki kiminsə İsmayılova irad bildirmək üçün əsası olmazdı. Amma təəssüf ki, İsmayılovun media ilə sosial şəbəkələrin antiqəhrəmanı durumuna gəlməsi onun 2005-ci ildən 2021-ci ilə qədər tutduğu vitse-prezident vəzifəsində olarkən törətdiyi qanunsuz əməllər, səlahiyyət həddini aşması, dövlətin pulu ilə özünə biznes imperiyası qurması, vətəndaşları qan uddurması ilə bağlıdır.

İsmayılovun fəaliyyətindəki qanunsuzluqlar barəsində mətbuatda davamlı materiallar dərc olunsa da, onun işinin yoxlanılması ilk dəfə 2019-cu ilə təsadüf etdi. Aparılan vergi yoxlamaları zamanı ciddi qanun pozuntularının aşkarlanması səbəbindən şirkətdə təchizat və satınalma məsələləri rəsmən onun kurasiyasından çıxarılsa da, İsmayılov cinayət məsuliyyətindən yayınmaqla bərabər, qeyri-rəsmi olaraq o sahəyə nəzarəti də özündə saxlamağı bacarmışdı.

İsmayılovun qanunsuz yollarla topladığı sərvətin tərkibində daşınmaz əmlak vahidləri xüsusi fərqlənir. Müxtəlif media orqanlarında yazılanlara, hətta bəzi siyasətçilərin bildirdiyinə görə, SOCAR-ın sabiq vitse-prezidentinin təkcə Bakı şəhərində malik olduğu mənzillərin sayı 200 civarındadır. Bu “hobbi”sinə görə İsmayılova “evlər kralı” ləqəbi də verilib. Mənzillərdən başqa, İsmayılovun Bakıda və ətraf qəsəbələrdə çox sayda villalarının olduğu da mediada işıq üzü görmüş faktlar sırasındadır. Qeyd olunur ki, Mikayıl İsmayılovun biznesinin nüvəsini “AzGranata” şirkəti, həmçinin şəriki olduğu “Cadillac Bakı Mərkəzi” və “Chevrolet Azerbaijan” şirkətləri təşkil edir.

SOCAR-ın keçmiş vitse-prezidentinin əslən mənsub olduğu Ağsu rayonunda fəaliyyət göstərən “AzGaranata” şirkəti isə yerli sakinlərin başağrısına çevrilib. Şirkətin istehsal çeşidlərini və həcmini artırmaq “siyasət”inin icrası əhalinin başında “çatladılır”. Məlumata əsasən, İsmayılovun adamları şirkətdə emal olunması üçün üzüm bağlarının sahəsinin artırılması məqsədilə vətəndaşlara məxsus torpaq sahələrini müxtəlif saxtakarlıq üsulları ilə heç bir kompensasiya ödəmədən mənimsəyiblər. Bununla əlaqədar ictimailəşən faktlardan birində qeyd olunur ki, İsmayılovun qoçuları tərəfindən zəbt edilən Ağsu rayon sakini Cavanşir Musayevə məxsus ərazinin sahəsi 6 hektardır. Bu analoji hallarla əlaqədar hələ cəmi bir faktdır.

Yeri gəlmişkən, Mikayıl İsmayılov onun qanunsuz əməllərini ictimailəşdirən jurnalistlərə, bloqerlərə münasibətdə aqressiya və hiddətini gizlətmir. Ona görə də, İsmayılovun Ağsu rayonunda törətdiyi əməlləri gün işığına çıxaranlara “müharibə elan etmək” üçün vaxt itirmir. Onun bloqer Elşən Əlisoya qarşı Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri əsasında xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında keçirilən məhkəmə iclasları mediada geniş işıqlandırıldı.

Bəli, Mikayıl İsmayılov artıq vəzifədə deyil. Lakin “qılıncının dalı da, qabağı da” əvvəlki kimi kəsərlidir. Niyə də olmasın? Adam 16 il SOCAR-ın vitse-prezident postunu tutub və öz şəxsi maraqlarını mümkün olan qədər təmin edib. Ancaq bu durum normal sayıla bilərmi? Bizcə, yox. Əminliklə deyə bilərik ki, vəzifədə olduğu müddətdə oliqarxa çevrilən Mikayıl İsmayılov və onun kimilər dövlət üçün real təhlükə mənbəyidirlər. Ona görə də bu təhlükənin tezliklə aradan qaldırılması üçün dpvlətin müvafiq qurumlarının hərəkətə keçmələri şərtdir.busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki