ABŞ-da Rusiya ilə dialoqun davam etdirilməsinə çağırış səslənib. Florida ştatından respublikaçı konqresmen Anna Paulina Luna ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan son telefon danışığını şərh edərək Moskva ilə açıq dialoqun Ukraynada sülhün əldə olunması baxımından “son dərəcə vacib” olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, Luna sosial şəbəkə hesabında Rusiya Prezidentinin Xarici Dövlətlərlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin paylaşımını paylaşaraq yazıb:
“Rusiya ilə açıq dialoq sülhə nail olmaq üçün son dərəcə vacibdir”.
Dmitriyev isə ABŞ və Rusiya liderlərinin yeni telefon danışığı apardığını və iki ölkə arasında dialoqun davam etdiyini bildirib.
ABŞ konqresmeni başqa paylaşımında da sülh və diplomatiyaya çağırış edib:
“Biz sülh və diplomatiya üçün dua etməyə davam edirik”.
Luna, həmçinin ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevdə keçirdiyi mətbuat konfransından görüntüləri paylaşaraq Kuşnerin Rusiya ilə diplomatik əlaqələrin Ukraynada nizamlanmaya nail olmaq üçün vacibliyi barədə fikirlərini dəstəkləyib.
“Əladır, Cared Kuşner”, – deyə Luna qeyd edib.
Bu açıqlamalar Vaşinqtonun Moskva ilə birbaşa təmasları davam etdirməkdə maraqlı olduğunu göstərən növbəti siqnal kimi qiymətləndirilir.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin və Tramp arasında son telefon danışığı təxminən bir saat davam edib. O, görüşü konstruktiv və səmimi kimi xarakterizə edib.
Telefon danışığının əsas mövzusu isə Ukrayna müharibəsinin həlli olub. Liderlər ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərlərinin nəticələrini müzakirə ediblər.
Uşakov bildirib ki, tərəflər ABŞ nümayəndələrinin səfərlərini “müsbət əlamət” kimi qiymətləndirib və danışıqlar istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.
Beləliklə, Vaşinqton-Moskva xəttində diplomatik təmasların intensivləşməsi fonunda ABŞ daxilində də Rusiya ilə birbaşa dialoqun tərəfdarlarının səsi daha aydın eşidilməyə başlayıb.


























