Türkiyədə Süleymançılar qrupunun lideri Əlihan Kurişin rəhbərlik etdiyi təşkilatla bağlı aparılan istintaq zamanı xaricdəki maliyyə fəaliyyətləri ilə bağlı yeni iddialar ortaya çıxıb.
Vətəninfo.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun araşdırması çərçivəsində GK adlı şəxsin verdiyi ifadədə təşkilatın Rumıniyadakı fəaliyyəti və pul köçürmələri ilə bağlı bir sıra iddialar yer alıb.
GK Buxarestdə fəaliyyət göstərən kabab şəbəkəsində ortaqlığı olduğu dövrdə təşkilatın kommersiya fəaliyyəti və maliyyə axınları barədə məlumat əldə etdiyini bildirib.
Rumıniya xəttində əsas fiqur kimi Ahmet Uğur Pakcan göstərilir
GK-nın ifadəsinə görə, təşkilatın Rumıniyadakı fəaliyyətinin əsas fiqurlarından biri hazırda həbsdə olan Ahmet Uğur Pakcan olub.
İddialara əsasən, Pakcan təşkilatın Rumıniyadakı maliyyə və kommersiya fəaliyyətinin idarə olunmasında mühüm rol oynayıb. Buxarestdə çoxsaylı filiallarının olduğu bildirilən Dristor Döner və pul axınının yönəldildiyi iddia olunan Dristor Valyuta Mübadiləsi bu şəbəkənin əsas elementləri kimi göstərilir.
İfadədə həmçinin Pakcanın yeganə səlahiyyətli şəxs olduğu tələbə yataqxanalarının da təşkilatın Rumıniyadakı fəaliyyətində istifadə edildiyi iddia olunur.
Tələbələrdən kuryer kimi istifadə edildiyi iddiası
İstintaq materiallarında ən diqqətçəkən iddialardan biri xarici valyutanın Türkiyədən Rumıniyaya daşınması ilə bağlıdır.
“Sabah” qəzetində yayımlanan məlumatda GK-nın ifadəsinə istinadən bildirilir ki, təşkilat xaricdə yaşayan tələbələrdən pul daşımaq üçün istifadə edib.
İddiaya görə, Buxarestdəki tələbə yataqxanalarında qalan şəxslər tətil bəhanəsi ilə Türkiyəyə göndərilib və İstanbulda təşkilatla əlaqəli olduğu bildirilən MA adlı şəxslə görüşdürülüblər.
İfadədə qeyd olunur ki, həmin görüşlər zamanı tələbələrin çamadanlarına ABŞ dolları, avro və funt sterlinqlə böyük məbləğdə pul yerləşdirilib. Tələbələrə isə Rumıniyaya çatana qədər çamadanlarını açmamaları tapşırılıb.
GK-nın iddialarına əsasən, xarici valyuta Rumıniyaya çatdırıldıqdan sonra təşkilatın oradakı nümayəndələri tərəfindən qəbul edilərək maliyyə sisteminə daxil edilib.
İstintaq çərçivəsində səsləndirilən bu iddiaların hüquqi qiymətləndirilməsi davam edir. Qeyd olunan məlumatlar şahid ifadəsinə əsaslanır və iddiaların məhkəmə tərəfindən təsdiqləndiyi anlamına gəlmir.


























