“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Bakı–Tbilisi marşrutu üzrə tətbiq etdiyi onlayn bilet satışı sistemi ciddi qalmaqala səbəb olub.
Vətəninfo.az xəbər verir ki, onlayn platforma vasitəsilə bilet əldə edən sərnişinlər gözlənilməz problemlərlə üzləşiblər.
Məlumata görə, keçən həftə ərzində Bakı–Tbilisi reysi üçün onlayn bilet alan vətəndaşlar ödənişlərini tam şəkildə həyata keçirib, biletlərini rəsmiləşdiriblər. Lakin qısa müddət sonra heç bir əsaslı səbəb göstərilmədən vətəndaşların biletləri elektron sistem tərəfindən avtomatik olaraq geri qaytarılıb.
Bu vəziyyət bilet alan şəxslərin planlarının pozulmasına, habelə biletlərin sonradan daha baha qiymətə satılması və ya qıtlıq yaşanması ilə bağlı narahatlıqlara yol açıb. Sərnişinlər ödəniş etdikdən sonra “biletin təsdiqlənməsi” statusunun gözlənilmədən “ləğv edildi”yə çevrilməsinin texniki qüsurdan, yoxsa başqa bir müdaxilədən qaynaqlandığını anlaya bilmirlər. Məlumata görə, bilet geri qaytarılsa da, pulun karta geri qayıtması müəyyən zaman almaqla bərabər. Qanunsuz olaraq puldan 40 faiz tutulduğu baş verir ki, bu da sərnişinlər arasında həm vaxt, həm də maddi vəsait baxımından çətinliklə üzləşirlər. ADY tərəfindən sərnişinlərə sistemdəki nasazlıq və ya biletlərin ləğv edilmə səbəbləri barədə əvvəlcədən rəsmi izahat verilməməsi narazılığı daha da artırır. Sözügedən marşrut beynəlxalq əhəmiyyət daşıdığı üçün onlayn bilet sistemindəki bu cür hallar həm yerli, həm də xarici turistlərin etimadına mənfi təsir göstərir. İctimaiyyət isə ADY-dən aşağıdakı suallara aydınlıq gətirilməsini tələb edir:
-Biletlərin kütləvi şəkildə geri qaytarılmasının texniki səbəbi nədir?
-Sərnişinlərin pozulmuş hüquqlarının bərpası üçün hansı addımlar atılır?
-Gələcəkdə bu cür halların yaşanmaması üçün sistemin təhlükəsizliyi necə təmin ediləcək?
Hələlik “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən məsələ ilə bağlı genişmiqyaslı və rəsmi açıqlama verilməyib.
Vətəninfo.az


























