image-reklam-veteninfo
image-1backend

Sosial şəbəkələrin uşaqlara vurduğu zərər: Dünya ölkələri hərəkətə keçir

image-reklam-veteninfo

Dünyanın müxtəlif ölkələrində uşaqların sosial şəbəkələrdən istifadəsinin yaratdığı risklərlə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. Mütəxəssislər hesab edirlər ki, uşaqların rəqəmsal platformalarda təhlükəsizliyinin təmin edilməsi yalnız valideyn nəzarəti ilə mümkün deyil və bu məsuliyyət platformaların öz üzərinə də düşməlidir.

Vətəninfo.az xəbər verir ki,  sosial şəbəkələrin dizaynında istifadəçilərin platformada daha uzun müddət qalmasına hesablanan mexanizmlərdən istifadə olunur. Sonsuz lent, alqoritmik tövsiyələr və müxtəlif mükafatlandırma sistemləri istifadəçinin diqqətini mümkün qədər uzun müddət platformada saxlamağa yönəlib.

Araşdırmalara əsasən, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqlarda narahatlıq, depressiya, yuxu problemləri, diqqət çatışmazlığı və qidalanma pozuntuları kimi problemlərlə əlaqələndirilir.

Sosioloq Şoşana Zuboffun irəli sürdüyü “nəzarət kapitalizmi” konsepsiyasına görə, rəqəmsal platformalar istifadəçilərin davranışları barədə məlumatlar toplayır, onların gələcək davranışlarını proqnozlaşdırır və bu məlumatlardan kommersiya məqsədləri üçün istifadə edirlər.

Uşaqlar da bu sistemdə mühüm məlumat mənbəyi hesab olunur. Alqoritmlər onların maraqlarını müəyyənləşdirməklə yanaşı, gələcək seçim və davranışlarına təsir göstərə bilər.

Bu səbəbdən bir sıra ölkələr uşaqlardan məlumatların toplanmasına məhdudiyyət qoyulması, hədəfli reklamların qadağan edilməsi və tövsiyə alqoritmlərinin daha şəffaf olması istiqamətində tədbirlər görür.

“Teknofeodalizm” yanaşması

İqtisadçı Yanis Varufakisin “teknofeodalizm” konsepsiyası isə rəqəmsal platformalarla istifadəçilər arasındakı güc fərqinə diqqət çəkir. Bu yanaşmaya görə, istifadəçilər platformaların sahibi deyil və onların müəyyən etdiyi qaydalar çərçivəsində xidmətlərdən yararlanırlar.

Bu vəziyyət uşaqlar üçün daha ciddi risklər yarada bilər. Çünki onların sosial münasibətləri, informasiya istehlakı və hətta təhsil təcrübələri getdikcə alqoritmlərin təsiri altında formalaşır.

Ölkələrdə məhdudiyyətlər sərtləşdirilir

Müxtəlif dövlətlər uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq üçün fərqli yanaşmalar tətbiq edir.

Avstraliyada 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulub. Qaydaların tələblərinə əməl etməyən platformalar ciddi maliyyə cərimələri ilə üzləşə bilər.

Böyük Britaniyada isə tənzimləyici Ofcom müəyyən hallarda qaydaları pozan şirkətləri qlobal dövriyyələrinin 10 faizinə qədər məbləğdə cərimələyə bilər.

Fransada 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrə girişin tam məhdudlaşdırılması müzakirə edilir. İspaniyada isə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsi üçün valideyn razılığının tələb olunması təklif edilir.

Uşaqların rəqəmsal platformalardan istifadəsinə ən sərt nəzarət tədbirlərindən bəziləri isə Çində tətbiq olunur. Ölkədə 14 yaşdan aşağı uşaqlar üçün gündəlik ekran vaxtının 40 dəqiqə ilə məhdudlaşdırıldığı, həmçinin saat 22:00-dan 06:00-dək rəqəmsal platformalara girişin qarşısının alındığı bildirilir.

Çində “TikTok”un yerli analoqu olan Douyin ayrıca versiya kimi fəaliyyət göstərir. Bu platformada uşaqlar üçün daha çox maarifləndirici və təhsil məzmunlarının önə çıxarıldığı qeyd olunur.

Beləliklə, dünya üzrə hökumətlər uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı məsuliyyətin yalnız valideynlərin üzərində qalmaması və rəqəmsal platformaların da daha ciddi şəkildə tənzimlənməsi istiqamətində addımlar atırlar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki