Müasir Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi, diplomatik uğurları və böyük sosial-mədəni layihələrin uğurla həyata keçirilməsi, dövlət idarəetmə sistemində öz işinin peşəkarı olan şəxslərin koordinasiyalı fəaliyyətinin nəticəsidir. Bu kontekstdə Prezidentin köməkçiləri Hikmət Hacıyev və Anar Ələkbərovun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Hər iki şəxs Azərbaycanın milli maraqlarının müdafiəsində, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və ölkəmizin inkişaf strategiyasının icrasında özünəməxsus rol oynayır. Məhz bu səmərəli fəaliyyətdir ki, son günlər Avropadakı anti-Azərbaycan şəbəkələrinin və “söyüş maşını”nın əsas hədəfinə məhz bu iki dövlət xadimi çevrilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizin xarici siyasət kursunun formalaşdırılması və uğurla həyata keçirilməsində mühüm siyasət adamıdır. Hikmət Hacıyev uzun illərdir Azərbaycanın xarici siyasətinin ən çətin və həssas sahələrində ön xətdədir. Xüsusilə 44 günlük Vətən müharibəsi və ondan sonrakı post-münaqişə dövründə, dünyanın ən nüfuzlu informasiya agentliklərinə və beynəlxalq media qurumlarına Azərbaycanın haqlı mövqeyinin çatdırılmasında onun rolu misilsizdir. Qeyd etmək lazımdır ki, erməni lobbisinin və anti-Azərbaycan dairələrinin qlobal informasiya məkanında ölkəmizə qarşı apardığı qaralama kampaniyalarına qarşı mübarizədə Hikmət Hacıyev strateji yanaşması ilə seçilir. O, Azərbaycanın milli maraqlarını qorumaq üçün beynəlxalq müstəvidə sübut və faktlara əsaslanan peşəkar diplomatiya yürüdür. Ölkə prezidenti İlham Əliyevin xarici siyasət strategiyasına əsaslanaraq, beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, ölkəmizin regional təşəbbüslərinin dünyada təşviq edilməsi və Azərbaycanın dünyadakı “yumşaq gücünün” artırılması onun fəaliyyətinin ana xəttini təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov isə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, sosial-mədəni layihələrin həyata keçirilməsi və dövlət rəhbərliyinin strateji təşəbbüslərinin operativ icrasında həlledici rol oynayır. Anar Ələkbərov Heydər Əliyev Fondunun fəaliyyətində uzun illər rəhbər vəzifələrdə çalışaraq, Azərbaycanın humanitar diplomatiyasının və sosialyönümlü layihələrinin genişlənməsinə böyük töhfələr verib. Fondun irimiqyaslı layihələrinin reallaşması, beynəlxalq miqyasda Azərbaycanın mədəniyyətinin təbliğ olunması bilavasitə onun idarəçilik bacarığı ilə bağlıdır.
Cənab Ələkbərov dövlət idarəçiliyində çeviklik və şəffaflıq prinsiplərinin tətbiqinə xüsusi diqqət yetirir. Dövlət başçısının tapşırıqlarının yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsi, müxtəlif dövlət qurumları arasında səmərəli əlaqələndirmənin yaradılması onun gündəlik fəaliyyətinin bir hissəsidir.
Ölkəmizin ev sahibliyi etdiyi qlobal tədbirlərin, habelə beynəlxalq forumların yüksək səviyyədə təşkilində, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilməsində Anar Ələkbərovun təşkilatçılıq qabiliyyəti danılmazdır. Son günlər Avropada məskunlaşan və özlərini “mühacir” adlandıran, lakin əslində ermənipərəst fondların və anti-Azərbaycan mərkəzlərin maliyyəsi ilə hərəkət edən bəzi radikal ünsürlərin- Mehman Hüseynov və onun kimilərin hədəf taxtasında məhz Anar Ələkbərov və Hikmət Hacıyevin olması təsadüfi deyil. Bu koordinasiyalı hücumun arxasında çox aydın siyasi sifarişlər dayanır: Hikmət Hacıyev xarici siyasət və informasiya cəbhəsində erməni lobbisinin yalanlarını alt-üst etdiyi, Anar Ələkbərov isə daxili idarəçilikdə, dövlət layihələrinin icrasında və humanitar sahədə yüksək səmərəlilik nümayiş etdirdiyi üçün bu iki şəxs Azərbaycan dövlət aparatının ən güclü dayaqlarından hesab olunur. Radikal qüvvələr məhz bu dayaqları hədəf almaqla dövlətin gücünə zərbə vurmağa çalışırlar.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə və suverenliyini tam bərpa etməsi xaricdəki ermənipərəst dairələri çıxılmaz vəziyyətə salıb. Bu qələbənin və beynəlxalq uğurların memarlarını, onu dünya ictimaiyyətinə peşəkarlıqla təqdim edənləri və icrasında rol oynayanları hədəf seçmək erməni diasporunun birbaşa intiqam cəhdidir. Xaricdəki “söyüş maşını” sadəcə bu çirkin ssenarinin icraçısıdır. Siyasi arqumenti, intellektual bazası olmayan radikal şəbəkə şəxsiyyəti alçaltmağa yönəlmiş mənəvi terror, yalan və təhqir yolunu seçib. Lakin dövlət rəsmilərinə qarşı yönələn bu böhtanlar Azərbaycan cəmiyyətində heç bir rezonans doğurmur, əksinə, xalqın bu cür yaramaz kampaniyalara qarşı ikrah hissini artırır.
Hər iki şəxs Azərbaycan dövlətçiliyinin müasir simasını təmsil edən və dövlət rəhbərliyinin etimadını tam doğruldaraq fəaliyyət göstərən dövlət adamlarıdır. Onları birləşdirən əsas xüsusiyyət-dövlətə sadiqlik, peşəkarlıq və strateji təfəkkürdür. Hikmət Hacıyev xarici siyasət meydanında Azərbaycanın səsini daha gur çıxararkən, Anar Ələkbərov daxili idarəçilikdə və humanitar-sosial sahələrdə dövlətin gücünü və xeyirxah missiyasını reallaşdırır. Onlara qarşı Avropadan idarə olunan “söyüş maşını” vasitəsilə yönələn qarayaxma cəhdləri, əslində, bu iki dövlət xadiminin Azərbaycanın milli maraqları üçün nə qədər səmərəli, kəsərli və əhəmiyyətli fəaliyyət göstərdiklərinin ən böyük təsdiqidir. Bu cür çirkin təxribatlar dövlətimizin və onun sadiq xadimlərinin ölkəmizin gələcəyi naminə atdığı qətiyyətli addımların qarşısını heç vaxt ala bilməz.
Nahid Canbaxışlı
Vətəninfo.az Baş redaktoru


























