image-330612351_3418586695127636_886725791776674042_nbackend

SSRİ-də palma yağı yox idimi?

image-reklam_sirab_01

Yayılan xəbərlərə görə, fevralın 15-dən mağazalarda polietilen torbalar pullu olacaq. Bununla əlaqədar feysbukda bir yazı paylaşdım, sovet dövründə xeyli populyar olan, Rusiyada “avoska”, Azərbaycanda isə sadəcə “setka” deyilən tor zənbillərdən bəhs etdim. Yazıda həm də zənbilin Rusiyadakı adının sovet defisiti əlaqəsini izah etdim.

“SSRİ-də ürəyin istəyən vaxt mağazaya gedib ürəyin istəyən şeyi ala bilməzdin. Ölkədə “almaq” (купить) feilindən daha çox “tapmaq” (достать) feili işlənirdi. Bir də vardı rast gəlmək. Məsələn, işdən evə qayıdanda mağazaya girirsən və möcüzə ilə rastlaşırsan: satışda kolbasa var, ya da bolqar pomidor konservi var, ya da holland pendiri var, ya da macar göy noxud konservi var, ya da Yuqoslaviyanın “Partizan” firmasının ayaqqabısı var, ya da Çexoslovakiyanın “Mister D” köynəyi var, ya da başqa aztapılan şeylər var. O zaman cibindəki bu torbanı çıxarıb alırdın”.

İstər mənim paylaşımımda, istərsə də həmin yazını paylaşan digər səhifələrdə sovet dövrü ilə bağlı müəyyən diskussiyalar yarandı. O dövrü tərifləyənlər arasında defisiti inkar edənlər də var idi, amma az idi, əksəriyyət isə iddia edirdi ki, o zaman “ərzaq bol olmasa da, keyfiyyətli idi, palma yağı filan yox idi”.

Keyfiyyət məsələsi bir yandan doğrudur, bir yandan da deyil. SSRİ bu baxımdan o dövrün inkişaf etmiş kapitalist ölkələri ilə müqayisədə heç də etalon deyildi. Digər tərəfdən, o zaman məhsuldarlığı artırıb planı doldurmaq üçün xiyar, pomidor, qarpız və s. sahələrə nə qədər kimyəvi maddələr səpildiyi sirr deyil. İddia yalnız bugünkü Azərbaycanla müqayisədə doğru ola bilər. Sirr deyil ki, ölkəmizdə əsas məhsul istehsalçıları və idxalçıları böyük, çox böyük məmurlardır. Həmin məhsulların keyfiyyətini yoxlamağa da heç kəsin cəsarəti çatmır.

Bəs “SSRİ-də palma yağı yox idi” iddiası nə qədər doğrudur? Bu sualın cavabını axtarmazdan əvvəl qeyd edim ki, ölkəmizdə haqqında xeyli söz-söhbət gəzən palma yağı dünyanın heç bir ölkəsində qadağan olunmayıb. Doğrudur, ÜST-ün infarkt və insult riskini azaıtmaq üçün istifadəsini məhdudlaşdırmağı məsləhət gördüyü məhsulların siyahısında palma yağı da var. Amma həmin siyahınn başında “sovet vaxtında tərtəmiz olan” kərə yağı, yağlı pendir, qaymaq gəlir.

***

Səslənən iddia isə kökündən yanlışdır. Sovet İttifaqı ilk dəfə 1961-ci ildə İndoneziyadan 583 ton palma yağı idxal edib. Səbəbləri barədə müxtəlif versiyalar səsləndirilir. Daha ağlabatanı kərə yağı defisitinin yaranması və buna görə də dövlətin istehsal etdiyi bir çox məhsulların hazırlanmasında daha ucuz palma yağından istifadə qərarının verilməsidir.

Artıq 1963-cü il palma yağı idxalı 3,5 dəfə artaraq 2033 ton oldu. Bir il sonra isə idxal həcmi 2249 tona çatdı. Doğrudur, 1960-cı illərdə palma yağı idxalı o qədər də böyük olmadı. Onilliyin ikinci yarısında idxal həcmi aşağı düşdü. 1961-1969-cu illərdə ümumən 15 921 ton yağ idaxl edildi. Bu da hər il orta hesabla 1769 ton demək idi ki, 239,5 milyon əhalisi olan ölkə üçün çox sayılmazdı.

1970-1975-ci illərdə palma yağının idxalı demək olar ki, kəsilir. Yalnız 1974-cü ildə 3 000 ton idxal olunur. Əvəzində 1976-cı ildə birdən 10 400 tona çatır. Növbəti ildə isə ölkəyə 46 600 ton palma yağı gətirilir ki, bu da əvvəlki 15 ildə idxal olunanın ümumi miqdardan 1,6 dəfə çox idi. 1979-cu ildə palma yağı idxalı ilk dəfə altı rəqəmlə ifadə olunur (105 220 ton) və SSRİ-nin süqutuna qədər belə davam edir.

1980 – 101 457 t.

1981 – 180 631 t.

1982 – 376 259 t

1983 – 315 975 t.

1984 – 279 840 t.

1985 – 237 079 t.

1986 – 205 680 t.

1987 – 268 269 t.

1988 – 142 606 t.

1989 – 429 624 t. (rekord)

1990 – 201 784 t.

1991 – 107 990 t.

Bu illərdə SSRİ İndoneziya ilə yanaşı Malayziyadan da palma yağı alır.

Əlavə edim ki, İttifaqa soya və kokos yağları da idxal edilirdi. Oxucunu rəqəmlərlə çox yormadan deyim ki, 1983 və 1984-cü illərdə sovetə 300 997 ton soya yağı və 134 295 ton kokos yağı idxal olunub.

***

Azərbaycan internet məkanında “SSRİ-də palma yağı” mövzusu o qədər də müzakirə olunmayıb. Rusiya sosial şəbəkələri isə belə deyil. Burada müzakirələr zamanı bir çox sovetpərəstlər iddia edirlər ki, palma yağı sabun bişirilməsində istifadə olunurdu. Bu da həqiqət deyil. Palma meyvəsinin lətindən və bir də çəyirdəyindən yağ alınır. Birincisi qida üçün, ikincisi texniki məqsədlər üçün (sabun və şam hazırlanmasında) istifadə olunur. Bunları bir-birindən ayırmaq üçün ikinciyə palma toxumu yağı deyilir (indi bizə hanısını verildiyini deyə bilmərəm).

SSRİ-də palma yağından marqarin, bitki yağları, şokolad, dondurma, peçenye, pirojna, tort, piylər, salolar və başqa məhsulların, o cümlədən “tərtəmiz” d kərə yağının hazırlanmasında istifadə olunurdu. Hətta ana südünü əvəzləmək üçün istehsal olunan uşaq qidaları belə istisna deyildi.

Sovet İttifaqında məhsulların hazırlanması QOST deyilən dövlət standartı ilə müəyyən olunurdu. İnterneti axtaranda palma yağından istifadə ilə bağlı bəzi standartlara rast gəlmək olar. Məsələn, bitki yağının istehsalı ilə bağlı 1976-cı ildə və ya marqarin istehsalı ilə bağlı 1986-cı ildə qəbul edilən standartlar yazdığımın sübutudur.

QOST-dan əlavə TU (texniki şərtlər) da vardı. Həmin TU-lar bir çox hallarda bir komponentin digəri ilə əvəzlənməsinə icazə verirdi və bu zaman məhsulun tərkibi barədə məlumatda dəyişiklik edilmirdi. Məsələn, QOST-a görə tortun hazırlanmasında kərə yağından istifadə olunmalı idi, TU isə onu palma yağı ilə və ya palma yağından istifadə etməklə hazırlanan marqarinlə dəyişməyə icazə verirdi. Tortun qutusunda isə əvvəlki kimi “Tərkibi: kərə yağı…” yazılırdı.

Sovet hökuməti hesabatlılıq tanımırdı. Böyük-böyük qəzalar, faciələr xalqdan gizlədilirdi, səbəblər və görülən tədbirlər barədə heç bir məlumat verilmirdi. Belə olan halda dondurmanın, peçenyenin tərkibində bir inqrediyentin digəri ilə əvəz olunması barədə dürüst məlumat veriləcəyinə yalnız sadəlövhlər inana bilərlər.

Yadigar Sadıqlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki