image-1backend

Subsidiyaların ilin əvvəlində verilməsi fermerlər üstünlüklər yaradır – BÖLGƏLƏRDƏ GÖRÜŞLƏR DAVAM EDİR

image-reklam_sirab_01

Fermerlərin öz əkin məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində vaxtında bəyan etməsi subsidiyaları ilin əvvəlində ödəməyə imkan verir. Bu isə fermerlərə dövlətin ayırdığı subsidiya vəsaitlərini zəruri təsərrüfat işləri üçün sərf etməyə şərait yaradır.

Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev Sabirabad və Salyan rayonlarında aqrar sektorun nümayəndələri ilə görüşlərdə səsləndirib. O bildirib ki, hazırda taxılçılıqda mühüm dövrə start verilib və taxıl sahələrində aqrotexniki qulluq tədbirlərinin düzgün təşkili məhsuldarlığın artmasına birbaşa təsir göstərir. Fermerlər sahələrə gübrə verən zaman normativlərə düzgün riayət etməlidir. Hazırda respublikanın taxıl əkini sahələrində karbamid gübrəsindən daha geniş istifadə olunur. Karbamid gübrəsinin əvvəllər daha geniş istifadə olunan ammonium şorasından bir sıra üstün cəhətləri var. Karbamid gübrəsi bitkinin kollanma əmsalını artırır, eyni zamanda bitkinin yaşıl qalma müddətini uzadır. Bu isə nəticədə dənin daha yaxşı dolmasına, sünbülün yaxşı inkişaf etməsinə, keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olur.

Qeyd olunub ki, Azərbaycanda taxıl əkinlərinin xeyli hissəsi dəmyə sahələrdə aparılır və dəmyə taxılçılıqda məhsuldarlığın yüksək olması yağıntılardan birbaşa asılıdır. Mart ayının son ongünlüyündə atmosfer yağıntılarının çoxalması taxılçılığa, xüsusilə də dəmyə ərazilərdə əkilən taxılın inkişafına müsbət təsir göstərib. Eyni zamanda yağıntıların intensivləşməsi nəticəsində çaylarda sululuq artıb, yüksək dağlıq ərazilərə qar yağması isə qızmar günlərdə çaylarda sululuğun əvvəlki illərlə müqayisədə nisbətən artacağını proqnozlaşdırmağa imkan verir. Bu isə əkin sahələrinin, xüsusilə də pambıq əkilmiş sahələrin suvarılması üçün əlavə imkanlar yaradacaq.

Aprelin ikinci ongünlüyündən başlayaraq pambıq sahələrində çiyid səpininə başlanacaq. Fermerlərin əkinə hazırlıq prosesini düzgün aparması, sahələrin arata qoyulması vacibdir. Qlobal iqlim dəyişiklikləri bir çox sahələr kimi kənd təsərrüfatına da təsirsiz ötüşmür. Xüsusilə də yağıntıların azalması, çaylarda suyun səviyyəsinin aşağı düşməsi intensiv suvarma dövründə təsərrüfat suyuna tələbatı artırır.

Görüş zamanı yazlıq əkinlərdə düzgün toxum seçimi, subsidiya almaq üçün elektron müraciətin formalaşması, fermerlərin gübrə, texnika, pestisidlərlə təminatı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu ildən pambığa görə yalnız məhsul subsidiyası veriləcək. Məhsul subsidiyası isə hər tona görə 100 manatdan 170 manata qaldırılıb. Əlavə olaraq şirkətlər pambığın fermerdən alış qiymətinin hər sorta görə 50 manat artırıblar. Məhsul subsidiyası almaq üçün fermerlərdən torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənəd tələb olunmur. Lakin fermerlər pambığı hansı kateqoriya torpaqda əkməsindən asılı olmayaraq öz əkinlərini mütləq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməli, əkin sahəsinin koordinatlarını sistemə daxil etməlidirlər. Öz pambıq sahələrini sistemdə bəyan etməyən fermerlərin subsidiya almaq üçün elektron müraciətləri formalaşmayacaq.

Fermerlər subsidiyaların ilin əvvəlində verilməsindən razılıq edib, dövlətin ayırdığı vəsaiti gübrə, pestisid, toxum kimi kənd təsərrüfatı istehsal vasitələrinə xərclədiklərini bildiriblər. Görüşlərdə taxıl əkini sahələrinin mövcud durumu, payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, yazlıq əkinlərə hazırlıq, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Görüşlərdə fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Tədbirlərdə Aqrar Kredit və İnkişaf Agentliyinin, “Aqroservis” ASC-nin nümyandələri, nazirliyin yerli qurumlarının rəhbərləri, suvarma sistemləri idarələrinin nümayəndələri, yerli icra strukturunun rəhbərləri və digər rəsmi şəxslər iştirak edirlər.

Analoji formatda görüşlərin qrafik üzrə digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki