image-qarabag66backend

Sürətlə Böyük Qayıdışa doğru

image-reklam_sirab_01

Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlaması nəticəsində ölkəmizə vurulmuş maddi və mənəvi zərərin həcmi on milyardlarla dollar səviyyəsindədir. Düşmən tapdağında olan torpaqlarımızda yüzlərlə tarixi-mədəni abidələrimiz dağıdılıb, sosial-iqtisadi obyektlər məhv edilib və nəticədə bütün sahələrdə Azərbaycana külli miqdarda ziyan dəyib.
Statistikaya əsasən, bu torpaqlarımızda işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. İşğal müddətində həmin təhsil müəssisələri vəhşi düşmən tərəfindən tamamilə darmadağın edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun cəmi 44 gün ərzində düşmən tapdağından azad etdiyi əzəli torpaqlarımızda bu gün həyat yenidən canlanır, bütün sahələrdə quruculuq, bərpa, tikinti işləri gedir. Keçmiş qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına tezliklə qayıdışı üçün işlər sürətlə, müvəffəqiyyətlə həyata keçirilir. Hazırda işğaldan azad olunmuş şəhər və rayonlarımızın Baş planları hazırlanır.
Təhsil müəssisələrinin yerləşdirilməsi hazırlanan Baş planlara uyğun olaraq nəzərdə tutulacaq. İşğaldan azad olunmuş ərazilərimizin təhsil müəssisələri işğal dövründə Azərbaycanın digər şəhər və rayonlarında öz fəaliyyətlərini davam etdiriblər. Hazırda həmin təhsil müəssisələrinin köçürülməsi məsələlərinə baxılır.
Sevindirici haldır ki, bu gün Qarabağda “ağıllı kənd” layihəsi tətbiq olunur. Azərbaycanda “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Ötən il aprelin 19-da isə dövlətimizin başçısı “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndlərinin ərazisində “ağıllı kənd” layihəsinin icrası başa çatmaqdadır. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının əsas ideyası yaşayış məntəqəsinin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Həmin ərazidə göstərilən xidmət və yerləşən obyektlərin fəaliyyəti nəticəsində formalaşan və müvafiq qərarların real vaxt rejimində qəbul olunması üçün lazım olan məlumatlar informasiya-kommunikasiya və Əşyaların İnterneti (İoT) texnologiyalarından istifadə edilməklə toplanır və istifadə olunur. “Ağıllı kənd” layihəsinin tətbiqi Qarabağda təhsil infrastrukturunun yaradılmasına da töhfə verəcək. Layihə innovativ, yeni əsrin tələblərinə cavab verən, daha müasir standartlarla təhsil almağa imkan yaradacaq.
Tezliklə Prezident İlham Əliyevin Qarabağda və Şərqi Zəngəzurda təməllərini qoyduğu bütün təhsil müəssisələrimizin elə dövlət başçısı tərəfindən möhtəşəm açılışları keçiriləcək və o məktəblərdə yenidən məktəb zənglərinin səsi ucalacaq, uşaqları dərsə səsləyəcək. Yenə də əvvəllər olduğu kimi, həmin məktəblərdə təhsil alan Azərbaycan övladları elm və bilikləri ilə dünyaya səs salacaqlar.

Cavid Əkbərov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image